BDU necə yaradılmışdı: 100 il əvvəlki böyük hadisənin təfərrüatları – TARİXİ ARAŞDIRMA

  16 Sentyabr 2019    Oxunub : 2504
 BDU necə yaradılmışdı: 100 il əvvəlki böyük hadisənin təfərrüatları – TARİXİ ARAŞDIRMA
Əmək fəaliyyətinin 25 illini arxiv işinə xərcləməkdə davam edən, eyni zamanda, doğma Azərbaycanımızla bağlı bütün tarixi əhəmiyyətli hadisələri sevə-sevə, usanmadan ilk mənbələrdən tədqiq edən bəndəniz bu araşdırmanı məzunu olduğu müqəddəs tədris ocağına ithaf edir. 100 yaşlı Universitetim yaşa, var ol!
Yeganə Kamal Cabbarlı

XX əsrin əvvəllərində Azərbaycanda cəmi 5 ali məktəb fəaliyyət göstərirdi: Azərbaycan Dövlət Universiteti (1919), Ali Bədii Məktəb (1920), Ali Pedaqoji İnstitut (1921), “Əzizbəyov adına” Azərbaycan Politexnik İnstitutu (1921), Azərbaycan Dövlət Konservatoriyası (1922). Bu ali təhsil ocaqlarından 3-ü (Pedaqoji İnstitut, Konservatoriya, Ali Bədii Məktəb) xüsusi ixtisas verən müəssisələr idi. Bakı Dövlət Universiteti isə ölkədə yaradılan ilk ali təhsil müəssisəsi kimi bütün təhsil ocaqları arasında flaqman sayılırdı.


Azərbaycanın ilk ali təhsil müəssisəsinin əsasının qoyulması tarixi maraqlı faktlarla zəngindir. Bu möhtəşəm hadisənin tarixini ən gözəl canlandıra biləcək insan isə təbii ki, yalnız onun qurucusu ola bilərdi: professor Vasiliy İvanoviç Razumovski.

Bu böyük alimin adı tarixə şərəfli rəhbər, gözəl ənənələr yaradan ustad kimi düşüb. Fövqəladə bir qətiyyətlə bu əzəmətli işin əsasını qoyan insanı kollektiv haqlı olaraq, universitetin mənəvi atası adlandırırdı. Həqiqətən də V.İ.Razumovskinin qələmindən çıxan “Bakı şəhərində Universitetin əsasının qoyulması” adlı tarixi oçerk bu hadisə barədə ən gözəl və ən müfəssəl şəkildə yazılmış, olduqca zəngin təhlilə malik bir məqalədir. (Известия Бакинского Государственного Университета. № 2.Баку. 1922 г.)

Lakin düşünürəm ki, o böyük hadisəyə bu günümüzdən üzü geriyə - 100 il əvvələ boylanaraq, sənədlərin şahidliyi ilə işıq salmaq bizim həm də mənəvi borcumuzdur. İlk növbədə qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti ölkənin həm də bu günə qədər üç fərqli dövrdə, üç fərqli tarixi şəraitdə fəaliyyət göstərməklə də tarixə düşən yeganə ali təhsil ocağıdır. Aparılan müqayisələr isə göstərir ki, onun tarixinin daha maraqlı dövrü məhz bünövrəsinə ilk daşların qoyulduğu vaxta təsadüf edir. Bu dövr həm də ona görə maraqlı idi ki, həmin vaxt Şimali Azərbaycan müstəqillik tarixi ilə şərəflənmişdi.

Tarixə yeni-yeni qədəm qoyan gənc bir dövlətin onun özü qədər gənc olan universitetində yaranmasından cəmi üç il sonra, yəni 1922-ci ildə artıq 34 professor, 6 dosent, 2 privat-dosent fəaliyyət göstərirdi ki, onlardan 26 nəfəri Rusiya imperiyasının ayrı-ayrı təhsil müəssisələrindən dəvət edilmişdilər. Sonradan isə daha 7 professorun dəvət olunması nəticəsində heyət 41 nəfərə çatır və beləliklə, ən böyük professor heyətinə malik olmaqla, Bakı Dövlət Universiteti sovet Rusiyanın bütün digər universitetlərindən, hətta paytaxt universitetindən belə öndə olur.

Universitetin 3 illik yubileyi (1922) münasibətilə “Bakı Dövlət Universitetinin xəbərləri”adlı məcmuənin 2-ci nömrəsi nəşr olunur. Nəşrin redaksiya kollegiyası universitetin professorları: L.Q.Qurviç, V.İ.İvanov, A.M. Levin və N.Papov idi. Həmin buraxılış prof. N.A.Papovun redaktorluğu ilə nəşr olunmuşdu.

Bakı şəhərində yeni bir Universitetinin açılması Zaqafqaziyanın tarixində baş verən çox mühüm bir hadisə idi. 1919-cu ilin oktyabrında prof. N.A.Dubrovskinin ümumi tarixdən mühazirəsi gənc Universitetin divarları arasında oxunan ilk mühazirə kimi tarixə düşür. Bu gün Universitetin 100 illik yubileyi bizi bir anlıq dayanıb geriyə - keçilən və artıq bir əsrlik tarixə dönən yola nəzər salmağa məcbur edir.
Onun yaradılmasına aparan yol isə “Bakı Dövlət Universitetinin xəbərləri” adlı yubiley buraxılışının 2-ci nömrəsində dərc olunan məlum məqalədə prof. V.N.Razumovskinin dilindən belə şərh edilirdi:

“1917-ci ilin yazında, Rusiyada inqilabi çevirilişdən sonra mən, Qafqaz ordusuna cərrah təyin edildim və mayın əvvəllərində Tiflisə gəldim. Yay aylarında Qafqaz cəbhəsinə, Kiçik Asiya və Urmiyaarxası rayonlara bir-birinin ardınca iki səfər elədim. Payızdan etibarən, Tiflisdə Travmatalogiya institutunun təşkil edilməsiylə məşğul oldum. Baxmayaraq ki, həmin vaxt müharibə artıq başa çatmışdı, lakin qoşun hələ mənzilini tərk etməmişdi.

Oktyabrda Tiflis Ali Qadın Kursunun tibb fakultəsinin dekanı, prof. E.A.Meyer (zooloq) mənim yanıma gəldi və məni digər üzvlərlə birlikdə tibb fakultəsinin layihəsini işləyib hazırlamasında iştirak üçün dəvət etdi. Deməliyəm ki, Tiflis Qadın Kursu yanında tibb fakultəsi hələ təşkil olunma ərəfəsində idi və cəmi 2 kursu vardı. Anatomiya, fiziologiya və histalogiya kimi vacib kafedraların kurslarında isə bir nəfər də olsun professor yox idi. Fiziologiya kafedrasına ilin ikinci yarısından professor Tsıtoviç gəlir; anatomiya və histalogiya kafedraları hələ də birləşdirilməmiş qalır; kafedralarda nominal olaraq moskvalı professorlar Karuzin və Oqnevin adı gedirdi. Lakin onlar hətta həmin il qastrola belə gəlməmişdilər (növbəti il qısa müddətə gəldilər). Fakultənin tərkibində olan müəllimlərdən həkim ixtisası olanlar prof. Malenyuk (tibbi kimya) və bir də anatomiya prozektorluğunda bir neçə gənc həkim (Ter-Akopov, Zamuxovski və s.) vardı; histologiyanı zooloq Yüzbaşev tədris edirdi. Fakultənin dekanı isə Tiflisin məşhur həkim-terapevti Arutyunov idi. Mən tibb fakultəsinin layihəsini işləyib-hazırlamaq üçün əvvəlcə fakültəyə xüsusi olaraq baş çəkdim, yanvar ayından isə məni professor seçdilər və müvəqqəti olaraq, anatomiyanın tədrisini öz öhdəmə götürdüm.

Tibb fakultəsinin layihəsi “Universitet Komissiyası” adlandırılan qurumun təklifi ilə hazırlandı. Bu komissiyanın tarixi aşağıdakı kimi idi: 1917-ci il, yayın sonunda Tiflis Şəhər Duması Tiflis rus Universiteti üçün təcili surətdə layihə və smeta tutulmasını təklif edən Salazkindən (Rusiyanın Xalq Maarif naziri) teleqram alır. Qadın kursunun təbiətşünas və fizioloq professorlarından (Məlikov, Novaşik, Maksimov, Mişenko, Kazantsev, Lopatinskiy, Blaqovidov, Kişkov və başqaları) təşkil edilmiş kursun tərkibinə həkim Arutyunov da daxil edilmişdi; komissiyanın sədri isə prof. Məlikov idi. Mən də komissiyaya dəvət edildim. Tezliklə prof.Məlikov sədrlikdən imtina elədi və mən komissiyanın sədri seçildim. Komissiyanın tərkibinə bir neçə ictimai xadimlər də daxil edilmişdi: Qafqazda məşhur olan ictimai xadim, publisist, knyaz Q.M.Tumanov da onların içərisində idi. Komissiyanın iclasları onun məclisində baş tuturdu. Komissiyanın bir neçə ümumi məclisi toplanmış, ümumi əsasları işlənilib hazırlanmış və Universitetin layihə və smetasını təfsilatı ilə hazırlamaq üçün özünün 5 nəfərdən ibarət qrupunu yaratmışdı: 3 professor (Razumovskiy, Məlikov və Maksimov) və 2 ictimai xadim bu işlə məşğul idi.

Əsasən, mən və prof. Maksimovun üzərinə düşən bu iş iki aydan artıq bir müddət aldı; prof. Məlikov isə başqa işə yönəlmişdi, həmin vaxt o, Tiflis Dövlət Universitetinin rektoru vəzifəsində çalışırdı. İşlərimizin yekunlaşdığı ərəfədə Qafqaz Rusiyadan ayrıldı və gürcü, erməni və türklərdən ibarət Zaqafqaziya Respublikası adlı bir hökumət yarandı. Xalq Maarif Naziri isə bakılı Xan – Xoyski oldu. Biz həmin hökumətə müraciət edərək, Tiflisdə rus Universitetinin yaradılması üçün bizim işlərimizdən istifadə etmələrini təklif etdik. Nazir (Xan – Xoyski) bizi dinlədi, Qafqazda rus Universitetinin əsasının qoyulmasına rəğbətini bildirdi, lakin bununla belə, “Nə üçün Tiflisdə? Tiflisdə politexnik texnikumu, indi isə Tiflis Universiteti var... Bəlkə Bakıda Universitet təşkil etmək daha münasibdir?”,- deyə əlavə elədi.

O, smeta ilə birlikdə bizim məlumat vərəqəmizi baxmaq üçün aldı və məsələ barədə Nazirlər Şurasına məruzə edəcəyini vəd etdi. Maliyyə nazirinin (Karçikyan) məsələyə münasibətinin əhəmiyyətini nəzərə alaraq, biz onun yanında olduq, o da bizi canıyananlıqla qarşıladı; bildirdi ki, hökumətin maliyyə imkanları zəif olsa da, universitet kimi vacib bir məsələ üçün vəsait tapılmalıdır.

Bütün bunlar xüsusilə Qafqazda başdöndürən bir sürətlə dəyişən siyasi hadisələrin cərəyan etdiyi 1917-18-ci illin qışında baş verirdi. Bizim layihəmiz isə Zaqafqaziya Respublikası Hökuməti tərəfindən baxılmamış qaldı. Belə ki, həmin hökumət, Gürcüstan, Ermənistan və Azərbaycan adlı 3 müstəqil dövlətə parçalandı. Tiflisdə yaranmış yeni Gürcüstan hökuməti bütün diqqət və qayğısını öz gürcü Universitetinə yönəltsə də, biz rus Universiteti ilə bağlı ümidlərimizi itirmədik: orada artiq 10 ildən bəri 3 fakultəsi (təbiətşünaslıq, tarix-filologiya və yeni yaradılmış tibb) ilə mövcud olan Ali Qız Kursları artıq 1918-ci ildə Universitetə çevrildi.

Başında Şura və xüsusi Qəyyum Komissiyasının dayandığı kursların maddi vəziyyəti çətinləşirdi. Tələbələrdən onsuz da yüksək ödəniş alınmasına baxmayaraq, qışda bu məbləğ daha da artırıldı. Lakin yığılan pullar heç şəxsi heyətin əmək haqqının ödənilməsinə də çatmırdı, laboratoriya, şəbəkənin genişləndirilməsi, 3-cü fakultənin (tibb) yaranması ilə bağlı məxaricdən isə danışmağa belə dəyməzdi.

Vəsait axtarmaq lazım gəlmişdi; Gürcüstan (Tiflis Şəhər Duması) kiçik bir məbləğ verirdi, Ermənistan hökumətinin verəcəyi vəsaitə ümid edilirdi, belə ki, müdavimlərin çoxu erməni idi, elə müəllim heyətinin tərkibində də erməni qrupu üstünlük təşkil edirdi. Son ümid isə Kursa (indi isə Universitetə) məxsus binanın girov qoyulmasına qalmışdı.

1918-ci ilin payızında, artıq mən Universitet rektoru kimi bu işə daha yaxın olduğumdan (Kurs Universitetə çevirildikdən sonra mən rektor seçilmişdim), başa düşdüm ki, Gürcüstan hökumətinin himayədarlıq etdiyi gürcü Universiteti ilə yanaşı, rus Universitetini Tiflisdə saxlamaq mümkün olmayacaq. Yekatirinodar (Rusiya), İrəvan (Ermənistan) və Bakı (Azərbaycan) şəhərləri ilə danışıqlar başladı.

Universitetin Bakıya köçürülməsi layihəsi ətrafında daha ciddi müzakirələr aparıldı və bundan sonra mən 1919-cu ilin əvvəllərində rus Universitetinin Tiflisdən Bakıya köçürülməsi, yaxşı bina verilməsi, maddi təchizat və s. təkliflərlə Azərbaycandan Tiflisə - Xalq Maarif Naziri Həmid bəy Şahtaxtinskinin yanına gəldim. Müəllimlərin əhval-ruhiyyəsi Bakıya köçməkdən yana idi. Xüsusilə, həkim və filoloqların (tarix-filologiya fakultəsinin dekanı N.A.Dubrovski idi); təbiət fakultəsi isə parçalandı – Məlikov və tanınmış alim, botanik Navaşinin (onların hər ikisi həm də Tiflis Universitetində xidmət göstərirdi) də qoşulduqları kiçik müəllimlərdən ibarət qrup Universitetin Tiflisdə qalması tərəfdarı idi; digər, daha yığcam qrup (bu qrup sonradan politexnik texnikumunun təşkil olunduğu Yekatirinodara keçdi) isə Tiflisdə qalmağı mümkünsüz hesab edirdi.

1919-cu ilin əvvəlində Zaqafqaziya Universitetinə yenidən professor seçilmiş A.M.Levin Bakıdan Tiflisə gəldi və müəllimlər məclisini Bakıda açılacaq Universitetin perspektivləri (bina məsələsi, hökumət, cəmiyyətin əhval-ruhiyyəsi və s.) ilə tanış elədi. Məruzədən aydın olurdu ki, Bakıda Universitetin açılması üçün münbit şərait və vəsait mövcuddur. Ayrı-ayrı qruplar və müəllimlərlə aparılan danışıqladan sonra vəziyyəti başa düşdüm və artıq universitetin Bakıya köçürülməsi bağlı Şuraya rəsmi müraciət təqdim etdim. Əksəriyyət razı olsa da, kiçik bir qrup (xüsusilə, ermənilər) hələ də Tiflisdə qalmağa ümid edirdilər (ola bilsin ki, universitetin Ermənistana köçürüləcəyinə güvənirdilər).

Yeri gəlmişkən, Universitetin əmlakı Bakıya köçürülə bilməzdi (əmlak Popeçitel Şurasına məxsus idi və universitet bağlandığı təqdirdə şəhərdə qalırdı). Nəticədə kəskin mübahisələrin aparıldığı məclis Zaqafqaziya Universitetinin gələcək taleyi ilə bağlı məsələni həll etmək üçün 8-10 nəfərdən ibarət komissiya (tələbələrin iştirakı ilə) ayırır. Komissiya Universitetin xüsusilə, maliyyə vəziyyəti ilə bağlı çoxtərəfli məsələlərin müzakirə olunduğu bir neçə iclas keçirir: köçürülmənin əleyhinə olanlar xərclərin minimuma endirilməsini təklif edirlər; təhsil haqqını artırmaqla universitetin Tiflisdə qalmalı olduğunu sübut eləməyə çalışırdılar; bu fikri daha çox müəllimlər (Zavriyev və Yüzbaşev) dəstəkləyirdi.

Mənim üçün bir həkim kimi aydın idi ki, bu yolla işi güc-bəla ilə başa vurmaq olardı, ən başlıcası isə o idi ki, universitetdə tədrisin ciddi şəkildə aparılması mümkün olmayacaqdı. İlk növbədə birinci kursların tələbə-həkimlərindən pul yığıb, (onlar ümumi tələbələrin üçdə ikisini təşkil edirdi) verdik; bu yığım digər fakültələrin xərclərini örtürdü. Bununla belə, tibb fakultəsinin ilk 2 kursu, xüsusilə, yeni açılmış 3-cü kurs olduqca aşağı səviyyədə təchiz olunmuşdu: 3-cü kursun erməni xəstəxanasının baraklarında təşkil olunmuş binasının cihaz, laboratoriya avadanlıqları, mebel və s. təchizatı çox pis uyğunlaşdırılmışdı; gürcü hökumətinin tələbilə anatomiya prozekturası qışın ortasında Mixaylovski xəstəxanasından çıxarılaraq, tamamilə yarasız olan erməni xəstəxanasına köçürülmüşdü; hətta arakəsmə və primitiv mebel də yox idi; ilk 2 kursun digər kafedraları da bina və laboratoriya baxımından olduqca pis qurulmuşdu; məhdud sayda mikroskoplar fakültədən kafedraya, kafedradan-kafedraya gəzib-dolaşırdı. Bununla belə, payızda tibb fakultəsinin 7-8 kafedradan ibarət 4-cü kursunun açılması nəzərdə tutulurdu: Hətta Universitetə məxsus binanın satılması hesabına belə örtülməsi mümkün olmayacaq nəhəng xərclər (bunu mən Saratov Universitetinin təşkilindən bilirdim) tələb olunurdu.

Maddi iflasın yanına, bir də gürcü və rus Zaqafqaziya universitetlərinin müəllimlərinin iştirakı ilə keçirilən şəhər idarəsinin iclasında aydınlaşmış məsələ də əlavə olunur: 4-cü kurs üçün klinikanın açıldığı erməni xəstəxanasının bütünlüklə Gürcüstan Universitetinin tədrisindən kənarlaşması. Bu məsələ Şəhər Upravasının Zaqafqaziyanın gürcü və rus universitetləri müəllimlərinin də iştirakı ilə keçirilən iclasında xüsusilə aydınlaşdı.

İki çıxış yolu qalırdı: ya başqa şəhərə köçmək, ya da tibb fakultəsini rüşeym halında qoymaq və yalnız yetərsiz təşkil olunmuş vəziyyətdə olan, çox zəif təchiz edilmiş 1-ci kursu saxlamaq. Həmin vaxt tibb fakultəsinin kifayət qədər ciddi şəxsi heyəti (Levin, Şirokoqorov, Tsitoviç, Oşman, Malenyuk, Arutyunov və s.), bir neçə yaxşı assistenti və hər halda, tibb fakultəsinin təşkil olunması üçün yetərli yığcam nüvəsi vardı.

Komissiyada Zaqafqaziya Universitetinin taleyi həll edilərkən, qətiyyətlə əmin olduq ki, Kursun (universitet olmazdan əvvəlki) şəhərlə bağladığı müqaviləyə görə, biz başqa şəhərə köçərkən universitetə məxsus əmlakı özümüzlə apara bilmərik. Komissiya qəti bir qərara gələ bilmədi, lakin irəliyə doğru bir addım atdı və 3 üzvünü (Dubrovski, İşkov, Tsitoviç) hökumətlə danışıqlar aparmaq, binaya baxış və s. üçün Bakıya ezam etdi. Komissiya ilə birlikdə tələbələrin təmsilçisi də ora yollandı.

Danışıqların nəticəsi faydalı oldu: Azərbaycan Hökumətinin (Yusifbəyov başda olmaqla) Bakıda Universitetin olması ilə bağlı ciddi münasibəti bizə aydın oldu. Cəmiyyətin bütün siniflərinin, o cümlədən, fəhlələrin də (onlarla da danışıqlar aparıldı) əhval-ruhiyyəsi Bakıda təcili şəkildə Universitetin açılmasından yana idi. Azərbaycan Hökumətinin özünün Universiteti olması ilə bağlı qərarı o qədər ciddi idi ki, hətta rus Zaqafqaziya Universiteti ora köçürülməsə belə, Bakıda Universitet olacağı bəlli idi: müddət isə 1 may tarixdən olmaqla qətiləşdirildi.

Bəs tələbələrin münasibəti necə idi? Universitetin əsasnaməsini bəyan elədiyim ümumtələbə yığıncağında bir neçə cərəyan özünü büruzə verdi: İrəvanın lehinə səslər vardı, Tiflisdə qalmasını istəyənlər olsa da, daha böyük qrup, xüsusilə, Tiflisdə qalmağın mümkünsüzlüyünü başa düşən həkimlər Bakının tərəfində idi.

Əlbəttə, Universitet köçürülərkən, başqa bir şəhərə daşınaraq orada tələbələrlə birlikdə yerləşmənin bütün çətinlikləri zamanı, xüsusilə, şəhərlərin indiki izdihamlı vaxtında belə bir ağır vəziyyətin şahidi ola bilmədim. Çünki həmin vaxt müharibə səbəbindən Kiyev Universitetinin müvəqqəti köçürüldüyü Saratovda idim. Buna görə də biz Azərbaycan hökuməti ilə qabaqcadan aparılan danışıqlarda tələbələrin yaşaması üçün yataqxana təminatı ilə bağlı əvvəlcədən şərt kəsmişdik.

Erməni xadimlər də öz hökumətləri ilə danışıqlar aparmaq üçün İrəvana getmişdilər. Mənə də təklif eləmişdilər ki, İrəvanda Universitetin təşkil edilməsi məsələsinin məsuliyyətini qeyri-rəsmi öz öhdəmə götürüm. Məndə olan məlumatlara görə, müharibə İrəvanı iflasa və aclığa uğratmışdı, yaxın zamanlarda orada Universitetin əsasının qoyulması üçün əlverişli şəraitin olacağı mümkün görünmürdü. Xüsusilə, orada yaxşı klinik müəssisə tələb edən fakultə açmaq da mümkün deyildi. Bu fikirləri mən ciddi bir erməni xadimi olan və Ermənistanda Universitet açılmasını dəstəkləyən D.X.Zavriyevə də bildirdim; həmçinin, ona xəbər verdim ki, tibb fakultəsinin professoru da İrəvana getməkdən qəti imtina edir. Onsuz da Ermənistan tərəfdən qəti bir cavab gəlməmişdi, hətta Gürcüstanın verdiyi qədər cüzi miqdarda olan vəsaiti Ermənistandan ala bilmədik.

Aprelin sonunda (1919) mən, Azərbaycan hökuməti tərəfindən Bakıda Universitetin təşkil olunmasını və təşkilat komissiyası yaratmağı öz öhdəmə götürməklə bağlı rəsmi təklif aldım. Bu barədə gələn teleqramın mətni belə idi:
Tiflis, Zaqafqaziya Universitetinin rektoru, prof. Razumovskiyə.
Azərbaycan Respublikası Hökumətinin 8 aprel tarixli qərarıyla Xalq Maarif Nazirliyinə tapşırılır ki, 1919-20-ci tədris ilinin əvvəlindən Bakıda Universitet açılsın. Əlahəzrət, Sizdən xahiş edirik, Zaqafqaziya Universiteti nümayəndələrinin keçmiş maarif naziri (Yusifbəyov) ilə danışıqları əsnasında qeyd olunmuş şərtlər daxilində Bakı şəhərində təsis edilməkdə olan Universitetin təşkil olunması işini öz üzərinizə götürəsiniz. Razılaşacağınız təqdirdə, Sizin gəlişinizi gözləyirəm. Xalq Maarif Nazirliyinin rəhbəri Şahtaxtinski”.

Eyni vaxtda mən prof. A.M.Levindən də teleqram aldım: “Əgər gəlməyə razısınızsa, Nazirlik təşkilat komissiyasını da sizinlə birlikdə dəvət edir. Tələsmək lazımdır. Levin”.

Tezliklə cavab verilməliydi. Yoldaşlarla danışıqlardan sonra, mən Zaqafqaziya Universitetinin rektorluğunu üzərimdən atdım və Bakıya razılıqla bağlı teleqram göndərdim. Elə həmin saatdan etibarən komissiya tərtibinə başladım. Filoloqlardan Dubrovskiy (tarix-filologiya fakultəsinin dekanı) və İşkovu, həkimlərdən Levin və Tsitoviçi komissiyaya dəvət etdim. Təbiyyatçılardan heç kimi dəvət eləmədim, çünki yuxarıda göstərdiyim kimi onlar danışıqların nəticəsini gözləmədən Yekaterinodara (politexnikuma) getmişdilər. Onlardan bəziləri getməzdən öncə bildirmişdilər ki, əgər Universitet açılarsa, onda oraya keçə bilərlər. Bu isə mənə Bakıda tarix-filologiya və tibbdən sonra, yaxın gələcəkdə təbiyyat fakultəsi də açmağa ümid verirdi.

Alim heyətinin Bakı və Yekaterinodara keçməsi qərara alındıqdan sonra, gürcü mühitində Gürcüstanın taleyi ilə bağlı təşviş hiss olunurdu. Gürcü müəllimlərin sayca az olduğu Universitetdə rus alimləri də çalışırdılar. Hətta Gürcüstanın Xalq Maarif naziri (Ramişvili) bizi çağıraraq Gürcüstanda qalmağa inandırmaq istədi. Lakin bununla belə bildirdi ki, bu, müvəqqəti olacaq – Gürcüstan öz elm xadimlərini tapana qədər.

Belə bir açıq münasibət məni bir daha inandırdı ki, Universitet və professor heyətinin daha etibarlı bir vəziyyətə güvənə biləcəkləri yerdə - Bakıda yeni Universitet təşkil etməklə bağlı doğru hərəkət edirəm.

Məni hər şeydən çox tələbə gənclərin taleyi narahat edirdi. Tələbələr arasında həkimlər çox idilər, bu isə artıq məni Bakıda tərkibində bir deyil, bir neçə kursun olacağı Tibb fakultəsini açmaqla vəzifələndirirdi. Bakıya gedərkən tələbələrin məni yola salmaqları, ötürməkləri (ünvanlarla, çiçəklərlə və s.) məni inandırdı ki, mənim davranışım tələbələrin maraqları ilə üst-üstə düşür. Belə görünürdü ki, Tiflisin həkim mühiti də Bakıda yeni tibb fakultəsinin açılmasını bəyənir: getməzdən bir neçə gün əvvəl mən Qafqaz Tibb Cəmiyyətinin (Tiflis) sədrindən cəmiyyətin fəxri üzvü seçilməyimlə bağlı məktub da aldım.

Tərəddüd etmədən və xoş ümidlərlə S.N.Dubrovski ilə birlikdə Bakıya köçdük. Professor A.M.Levin artıq Bakıda idi. Komissiya üzvləri L.A.İşkov və İ.S.Tsıtoviç Tiflisdə qalmışdılar, biz onların vasitəçiliyi ilə Tiflisdə bir sıra sifarişlər etmək və kitablar almaq niyyətində idik: bu plan yola düşməzdən qabaq mənim Tiflisdəki evimdə keçirdiyim xüsusi yığıncaqda tərtib olunmuşdu.

Bakıya gələn kimi, elə həmin saatda üçlükdə (mən, Dubrovskiy, Levin) Universitetin köçürülməsi təklif olunan binaya baxdıqdan sonra, Nazirlər Şurasının sədri Yusifbəyovun yanına getdik və nazirliklərdən, parlament və Bakı şəhərindən nümayəndələrin də üzvlük hüququ ilə bizim komissiyamıza cəlb olunmasının vacibliyini bildirdik. Yusifbəyov razılaşdı və 4-cü şəxs neft sənayeçiləri qurultayından qatıldı. Doğrudur, həmin təmsilçi bizə qatılmaqla güman edilirdi ki, bu nəhəng və varlı təşkilat Universitetə hər hansı bir maliyyə yardımı edəcək, lakin ümidlərimiz özünü doğrultmadı; Universitet onlardan heç nə almadı, hətta biz onların kitabxanasından müvəqqəti olsa belə, istifadə edə bilmədik. Bundan başqa Bakının müalicə müəssisələrindən də 3 nəfər (Ter-Mikaelyans, Məlik bəy Sultanov və Giides) məşvərətçi səslə dəvət edildi.

Belə əhəmiyyətli və məsuliyyətli iş üçün Komissiyaya katib tapmaq da vacib idi. Bu baxımdan, komissiyamızın bəxti gətirmişdi: Bakıda, Əkinçilik Nazirliyində təhsilli bir hüquqşünas İ.A.Babuşkin (vaxtilə Kazan Universitetində çalışmışdı) vardı. Bir qədər tərəddüddən sonra o, qarşıda duran nəhəng işlərlə bir araya gəlməsi mümkün olmayacağı üçün əvvəlki xidmətini tərk edərək, katiblik vəzifəsinin icrasına razılaşdı. Komissiyaya parlamentin binasında (Nikolayev küçəsində) 2 otaq ayrıldı və balaca bir dəftərxana (2 nəfər mirzə ) verildi...

(Ardı var)

Teqlər: BDU   Razumovski