“Onlara ağır cəza verilməsini istəmirəm”

“Onlara ağır cəza verilməsini istəmirəm”
  08 Fevral 2013    Oxunub:2142
“Mən onları bağışlayıram. İstəməzdim ki, İsmayıllının hər hansı ailəsi uzun müddət başsız qalsın. Bunu qətiyyən istəməzdim. Onların öz ailələrinin yanında olmalarını istəyirəm”.
Bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov mətbuata müsahibəsində deyib.
İcra başçısı hazırda istintaq getdiyini və məsələnin obyektiv şəkildə araşdırıldığını bildirib: “Bizim də müraciətimiz ondan ibarətdir ki, onların tutulmalarını istəməzdik. Onlar da İsmayıllı sakinləridir. Mən onları bağışlayıram. Mən istəməzdim ki, onlar ağır cəza alsın. Onların heç birinin mənimlə ədavəti yoxdur. Bir-iki nəfəri tanıyıram. Onları görsəm deyərdim ki, bu nə hərəkətdir? Onlara ağır cəza verilməsini istəməzdim. Arzu edirəm ki, tezliklə azad olunsunlar və ailələrinin yanına, evlərinə qayıtsınlar”.
Nizami Ələkbərov İsmayıllıda baş verənlərin xuliqanlıqdan yaranan hadisə olduğunu deyib. O, hesar edib ki, bu, heç sosial partlayış deyildi: “Belə olsaydı, prosesə daha böyük kütlələr qoşula bilərdi. Amma belə olmadı. Mən bilirdim ki, İsmayıllı camaatı buna qoşulmayacaq. Səhəri gün meydanda 150-200 nəfər var idi. İstintaq gedir, bütün suallara istintaq hərtərəfli cavab verəcək. Amma bu, adi xuliqanlıqdan yaranan bir hadisə idi. Sonra da kənar qüvvələr buna qoşuldu. Hesab edirəm ki, kimlərinsə bura qoşulmaları uğur gətirmədi. Bunu qətiyyən sosial partlayış, dövlətə, dövlətçiliyə qarşı yönələn hadisə, inqilaba cəhd adlandırmaq olmaz. Çünki geniş kütlələr bu prosesə qoşulmadı”.
“Kənar qüvvələr kim idi?” sualına cavabında isə icra başçısı geniş danışmaq istəməyib: “Bunlara istintaq cavab verəcək. Müxalif, müxtəlif qüvvələr var. Geniş danışmağa çətinlik çəkirəm”.
Nizami Ələkbərov İvanovka kəndi əhalisinin Rusiya ilə birləşmək istəyi barədə söylənənləri isə əsassız hesab edib. Vurğulayıb ki, bunlar Rusiyanın təxribatıdır: “İvanovka əhalisinin Rusiya ilə birləşmək istəyi barədə söylənənlər tamamilə absurd, heç bir əsası olmayan iddialardır. İvanovka sakinlərinin harasa birləşmək fikri heç vaxt olmayıb, bu gün də yoxdur. Onlar Azərbaycan dövlətçiliyini, cənab prezidentin siyasətini dəstəkləyirlər. Bəzi Rusiya saytları yazırdılar ki, guya azərbaycanlılar, hakimiyyət nümayəndələri İvanovka kəndinin əhalisini incidir, orada narazılıq, narahatlıq var. Əhali isə bunu tam təkzib etdi. Sağ olsunlar ki, təxribatların heç birinə uymadılar”.


Teqlər:  





Xəbər lenti