“Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir”

 “Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir”
  27 May 2019    Oxunub:4208
"Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir".
Azvision.az xəbər verir ki, bunu mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb: "Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik".

Ölkə başçısı vurğulayıb: "Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! Sağ olun".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev   AXC   Qəbul  





Xəbər lenti