“Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir” - İlham Əliyev

“Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir” -    İlham Əliyev
  27 May 2019    Oxunub:2614
Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır.

"Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa görər ki, Azərbaycan işğala məruz qalan ölkədir.

Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti