Ukraynadakı səfirliyimiz Kiyevdə rəsmi qəbul keçirdi - FOTOLAR
Tədbirdən öncə iştirakçılar Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təşkil edilən Naxçıvan məhsullarının sərgisi ilə tanış olublar. Sonra təntənəli mərasimdə əvvəlcə Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Rəsmi qəbulda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri AzərXudiyev 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövrdə diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb.
Diplomat bildirib ki, müstəqilliyin ilk illərindən Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan ərazisinin 20 faizi işğal edilib və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
AzərXudiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb, bir çox uğurlar əldə edilib. Bu kursdan irəli gələrək Azərbaycanın Xarici İşlər Nazirliyi bir sıra uğurlu nəticələrə sahib çıxıb, siyasi, iqtisadi və enerji layihələrinin reallaşmasına öz töhfəsini verib.
Səfir vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 15 ildən artıqdır Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilib. Bundan başqa Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən tədbirlər ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir.
Azərbaycan-Ukrayna arasında ikitərəfli əlaqələrindən danışan səfir ölkələrimizin beynəlxalq gündəlikdə duran bir çox məsələdə eyni mövqedən çıxış etdiyini, bir-birinin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirib.
Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müasir Azərbaycanın banisi ümumilli lider Heydər Əliyevin uğurlu siyasətindən danışıb. Bildirib ki, Azərbaycanın ağır dövründə xalqımızın təkidi ilə ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdıb, Ümummilli Liderin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunub. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasəti nəticəsində ölkəmiz iqtisadi və siyasi cəhətdən qüdrətli dövlətə keçirilib.
Ukraynanın Xarici işlər nazirinin müavini VasiliBodnar bildirib ki, Azərbaycan və Ukrayna arşında diplomatik əlaqələr hələ 1918-ci ildən yaranıb. Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirib. Bu gün isə iki ölkə arasında strateji əməkdaşlıq mövcuddur.
Bundan sonra bir sıra şəxslər iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə, səfirliyimiz tərəfindən xüsusi diplomla təltif ediliblər.
Tədbirin sonunda Şərur Xalq Yallı Ansamblının rəngarəng rəqsləri, gənc xanəndə Mirələm Mirələmovun üçlükdə muğam ifası, müğənni Emil Bədəlovun şən musiqi ifası, Ukrayna Milli Rəqs qrupunun nömrələri iştirakçıların ruhunu oxşayıb.
Azvision.az
Teqlər: 28May AXC Ukrayna Kiyev