Məktəblilərin intihar etməsinin səbəbləri - Komitə sədri açıqladı

  Məktəblilərin intihar etməsinin səbəbləri -    Komitə sədri açıqladı
  15 May 2019    Oxunub:3415
“Məktəbli intiharları ilə bağlı xəbərlər hər kəsi narahat edir. Bunlar kütləvi deyil, lakin tək-tük hallar olsa belə narahatedicidir”

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı məktəbli intiharlarından danışarkən deyib.
O bildirib ki, şagirdin intihar etməsinin səbəbi məktəb və ailə arasında olan boşluqlardan yaranır: “Məktəbli hələ gəncdir, o həyatı tam dərk etmir. Düşünürəm ki, burada valideynlərin nəzarətsizliyi, laqeydliyi əhəmiyyətli rol oynayır. Onlar öz işləri ilə məşğul olurlar, uşağı nəzarətsiz qoyurlar. Digər tərəfdən məktəbdə psixoloqların, uşaqlarla işləyən sinif rəhbərinin, məktəbin bir çox qurumlarının üzərinə böyük yük düşsə də, boşluqlar var”.

Deputat bildirib ki, ailə ilə məktəb arasında əlaqələr zəifdir. “Məktəbli birdən-birə intihara əl atmır. O, depressiyaya düşür, özünə qapanır. Ailədə və məktəbdə bunu görmürlər? Bu, uşağa olan diqqətsizlikdir. Hərdən uşaq özünə diqqət çəkmək istəyir və ani olaraq addım atır. Həmin an onu əzizləyən, nə baş verdiyini soruşan olsa, bu cür hallar baş verməz. Uşaq çıxış yolu tapmır və nəticədə intihara əl atır”.

A.Naxçıvanlı qeyd edib ki, hər bir valideyn uşağının kiminlə münasibətdə olduğunu bilməlidir.

“Məktəblərdə yaxşı psixoloqlar olmalıdır. 6-7 ay kursa getməklə psixoloq olmaz. Psixoloq tam təhsil almış, peşəkar insan olmalıdır. Birinci növbədə məktəbdə psixoloqların sayı çoxalmalı və onlar professional olmalıdırlar. Məktəblə valideynin əlaqəsi daha da möhkəm qurulmalı, bu işdə maarifələndirmə işləri aparılmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Aqiyə-Naxçıvanlı   Məktəb   İntihar  





Xəbər lenti