Bakıda insan haqlarına dair beynəlxalq seminar işə başlayıb - FOTOLAR

  15 May 2019    Oxunub : 639
 Bakıda insan haqlarına dair beynəlxalq seminar işə başlayıb - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ölkəmizdə müasir standartlar səviyyəsində kompleks qanunverici və institusional tədbirlərin görülməsi ilə yanaşı, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi daim diqqətdə saxlanılır.
Baş Prokurorluğun və Məhkəmə-Hüquq Şurasının Azvision.az -a daxil olan birgə məlumatında bildirilib ki, bu sahədə həyata keçirilən praktiki tədbirlərin davamı olaraq mayın 15-də Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar işə başlayıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən tədbirdə beynəlxalq səviyyəli ekspertlər qismində dəvət edilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının sabiq prezidenti və Paris Apellyasiya Məhkəməsinin baş prokuroru Falletti Fransua, Niderland Apellyasiya Məhkəməsinin baş prokuroru, Amsterdam Universitetinin hüquq fakültəsinin professoru Miranda de Meyer, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Stanislav Pavlovski (Moldova), eləcə də ölkəmizin müxtəlif instansiya məhkəmələrinin hakimlərindən, habelə prokurorluq orqanlarının əməkdaşlarından ibarət 40 nümayəndə iştirak edib.



Tədbirdə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidenti Kamran Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycan Respublikasının insan və vətəndaş hüquq və azadlıqlarına hörməti və bu meyarların qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ümdə vəzifəsi kimi müəyyən etdiyini bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə ölkəmiz bir çox universal və regional xarakterli beynəlxalq təşkilatlara üzv olub və çoxsaylı beynəlxalq müqavilələrə qoşulub. Həmin mötəbər sənədlərin mühüm hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib.



Görülən işlərin bariz nümunəsi kimi dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti xüsusu vurğulanıb. Bu mühüm sənəd ölkəmizdə beynəlxalq və milli qanunvericiliyin vəhdəti şəklində həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi kimi qiymətləndirilib. K.Əliyev çıxışında ölkəmizin hüquq-mühafizə orqanları ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri haqda ətraflı məlumat verib. Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov ölkəmizdə məhkəmə sisteminin qabaqcıl beynəlxalq standartlar səviyyəsində təşkilinin xüsusi diqqətdə saxlanıldığını, bu istiqamətdə ardıcıl və davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib.

Ekspertlər Fransua Falletti, Miranda de Meyer və Stanislav Pavlovski ölkəmizdə ədalət mühakiməsi və insan hüquqları sahəsində həyata keçirilən islahatları müsbət dəyərləndirərək, təlimin istər hakimlərin, istərsə də prokurorluq orqanları əməkdaşlarının peşəkarlığının artırılması və effektivliyin təmin edilməsi baxımından faydalı olacağına əminliklərini bildiriblər. Mayın 17-dək davam edəcək beynəlxalq seminarda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də praktiki məsələlərin həlli ilə bağlı tədbirlərin təşkili nəzərdə tutulub.

Azvision.az

Teqlər: Baş-Prokurorluq   Məhkəmə