“Avropa tərəfi bəzi öhdəlikləri götürmək istəmir” - Deputatlardan münasibət

 “Avropa tərəfi bəzi öhdəlikləri götürmək istəmir” -  Deputatlardan münasibət
  15 May 2019    Oxunub:1811
"Sazişin indiyədək imzalanmamasının səbəbi Avropa tərəfinin bəzi öhdəlikləri götürmək istəməməsi ilə bağlıdır".

Azvision.az xəbər verir ki, bunu BBC News Azərbaycancaya millət vəkili Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı danışıq predmeti olan bəzi məsələlər kifayət qədər həssasdır.
"Sazişi imzalayan dövlətlər öz daxili bazarını çox asanlıqla açıblar, Azərbaycan isə daxili bazarı açmaq istəmir, çünki gömrük vergiləri var, hansı ki, qeyri-neft sektorunun inkişafı ona bağlıdır. Kənd təsərrüfatı ilə bağlı, qeyri-neft sektorunun inkişafı ilə bağlı daxili bazarı bir müddətlik qorumağa ehtiyac var. Maraqların həllində ortaq məxrəcə gəlinməlidir. Bundan başqa, bank, sığorta sektoru var. Azərbaycanın daxili bazarı Moldova, Gürcüstan və ya Ermənistanın bazarından qat-qat genişdir. Elə bircə ondan götürün ki, nə Gürcüstanın, nə Ermənistanın aviasiya şirkətləri yoxdur, onlar asanlıqla sazişə imza atdılar. Azərbaycanın isə bir özəl, bir də dövlət aviaşirkəti var, hansı ki, öz mövqeyini daxili bazarda qorumaqda maraqlıdır".



Millət vəkili əlavə edib ki, hələlik sazişin imzalanmamasına görə itkilərdən danışmaq yersizdir: "Azərbaycan indiyə qədər Aİ ilə maraqlarına cavab verən bütün layihələri gerçəkləşdirib. Nəzərə alınsa ki, ölkənin əsas ixrac resursları neft-qazdır və onlarla bağlı Aİ-də və onun bazarlarında heç bir məhdudiyyət yoxdur, təkcə Cənub Qaz Dəhlizi layihəsinin həcmi tərəfdaşlıqda iştirak edən dövlətlərə üç ilə ayrılan vəsaitdən çoxdur, bu baxımdan Azərbaycan heç bir itkiyə məruz qalmayıb".

Millət vəkili Səməd Seyidov isə bildirib ki, assosiasiya sazişi bizim milli maraqlarımızın vacib olan məqamlarına uyğun olmadığına görə, biz bu məsələnin imzalanmasından imtina etmişik. Onun sözlərinə görə, Azərbaycanın seçdiyi yol həm Azərbaycan üçün, həm Avropa Birliyi üçün ən münasibdir.



S.Seyidov qeyd edib ki, Azərbaycan-Aİ arasında gözlənən sazişin tarixi o qədər də vacib və əhəmiyyətli bir məsələ deyil və bu, uzun danışıqlardan və hər cür ekspertizadan keçən prosesdir.

"Tələsgənliyə yol vermək heç də düzgün olmaz. Bu məsələni ciddi təhlil etmək lazımdır. Məqsəd birdir, bu saziş Azərbaycan Avropa münasibətlərini yeni bir mərhələyə yüksəldəcək".

Azvision.az


Teqlər:   Saziş   Deputat  





Xəbər lenti