TƏBİB-in görəcəyi işlər və əsas vəzifəsi açıqlandı

 TƏBİB-in görəcəyi işlər və əsas vəzifəsi açıqlandı
  15 May 2019    Oxunub:2861
TƏBİB-in inzibati məsələləri bu il öz həllini tapacaq. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək.
Azvision.az xəbər verir ki, bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Agentliyin sədri bildirib ki, TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq.

"Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB publik hüquqi şəxsin yaradılması və dövlət tibb müəssisələrinin onun tabeliyinə verilməsi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, habelə İTS-nin sonrakı inkişafı ilə bağlı qərarlar qəbul edilib və bundan irəli gələrək agentlik qarşısında mühüm vəzifələr qoyulub".

Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə sisteminin İTS-in tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranıb.

"Bu məqsədlə tibb müəssisələrinin ilkin qiymətləndirilməsi həyata keçirilib və nəticədə 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planına uyğun olaraq tibb müəssisələrinin elektronlaşdırılması ilə bağlı zəruri işlərin görülməsi və informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, tibb müəssisələrinin İTS sisteminə keçidini təmin etmək məqsədilə tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub".

Z.Əliyev qeyd edib ki, əhalinin İTS çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır.

"Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Artıq 10 milyon olan əhalimizin icbari tibbi sığortalanması kimi şərəfli missiya bizə həvalə edilib. Bu səbəbdən də, tibb müəssisələrinin İTS-in məlumat bazasına inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrində gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması ilə bağlı tapşırıqlar icra edilməlidir".

Azvision.az


Teqlər: TƏBİB   İTS  





Xəbər lenti