Bakıda yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac var

 Bakıda yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac var
  14 May 2019    Oxunub:3665
Bakı şəhərində son illər ərzində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov deyib. Onun sözlərinə görə, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi yolverilməzdir.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi birmənalı olaraq belə hallara qarşıdır. Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir".

B.Dadaşov qeyd edib ki, bu günlərdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhmanbəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı müraciət daxil olub.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edilib. Layihənin dövlət əhəmiyyəti və yol infrastrukturunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq, mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti