"Xəyanət alışqanı" - Mirşahin Əli İnsanovu darmadağın etdi

      "Xəyanət alışqanı"    - Mirşahin Əli İnsanovu darmadağın etdi
  06 May 2019    Oxunub:16604
Tanınmış jurnalist Mirşahin Ağayev Real TV-də efirə gedən müəllif proqramında Əli İnsanov ilə bağlı ifşa xarakterli sərt çıxış edib.
Azvision.az həmin materialı öz oxucularına təqdim edir:

- Təsəvvür edin. Azərbaycan dünyanı dəyişmək istəyən, onu daha ünsiyyətcil, abad və ümumbəşəri etməyə, daha yaxşı gələcəyə aparmağa çalışan dövlətlərlə bir sıradadır. Var gücü ilə işləyir. Bütün dillərə və bütün dinlərə təhrifsiz tərcümə olunur. Haralardasa bir ovuc qüvvə də var ki, Azərbaycanı dəyişməyə, geriyə, ən azı 30 il keçmişə qaytarmağa çalışır.



Baxın. Bir tərəfdə Nəsimi. Dərisini soysalar da əqidəsini dəyişməyən, nəinki Planetar, hətta kainati bir varlıq olan bu adamın yerləşdiyi insan ucalığı, başqa bir nöqtədə isə azadlıq bəxş edilsə də özünün, hikkəsinin, kininin, küdurətinin əsarətindən, həbsindən, türməsindən heç cür azad ola bilməyən İnsanov aşağılığı. Axı hər ikisi Azərbaycanın ayağına yazılır. Əlbəttə, Nəsimi çox ucadır. Amma onun dərisindən damcılayan qana da gərək insanov qonmasın. Böyük bir ruh inciyir axı...

Yox. Gəlin daha poetikanı-filanı bir kənara ataq. Sadə dildə danışmaq lazımdır. Elə insanovla da. Həbsdən çıxandan Amerikaya təşəkkür etməyə başlayan, Amerikanın Səsinə minnətdarlıqla davam edən, yaşda Tramp, başda tromb, plaşı həbs olunduğu 2005-ci ilin narıncı inqilab ovqatının korlanmış çalarında, gözünün altı isə ənənəvi olaraq qara olan Əli İnsanova elə gələ bilər ki, rüşvət və regionçuluğun, korrupsiya və qanunsuzluğun rəmzi olduğu unudulub.Biz unutmamışıq.

Şəxsən mən unutmamışam: 2005-ci ilin aprelində mən məhz onun, səhiyyə naziri Əli İnsanov haqqında hazırladığım reportajda belə bir fikir söyləmişdim: “Rüşvət alan kişi anasını, bacısını, arvad-uşağını özgə kişinin puluna saxlayır”. Əli insanov o zaman sətiraltına necə düşdüyünü gərək ki unutmayıb. Mən unutmadığım kimi. Çünki məhz o reportajdan sonra mənə qarşı bu gün də davam edən mənəvi terrora məruz qaldım. Bu həftə o təhqir kompaniyasının 14 ili tamam oldu.

Əli İnsanovla başlayan təhqir kompaniyasının. İnsanov bu gün, boynuna kəfən salıb yola çıxdığını deyir. Doğrudan da o boyuna ancaq kəfən yaraşır. Amma biz neçə illər sadədil uşaqlar kimi elə bilmişik ki, o ağ xalatdır. Kəfən qolunda qalstiklu, kostyumlu mürdəşirin birisini Ölkənin Baş həkimi kimi qəbul etmişik. Təsəvvür edirsiz? Bu adam boynuna saldığı o lənətə gəlmiş kəfənin parçalarından nə qədər mənzilə, nə qədər insana pay verib. Onun gözünün altı kimi qapqara olan səhiyyə sistemi bu gün də hələ tam özünə gələ bilmir.

Əli İnsanovun islah olunub-olunmamasından danışmaq fikrim yoxdur. Məncə onun müayinəyə və müalicəyə ehtiyacı var. Uzunmüddət həbsdə yatmış, bir Azərbaycandan çıxıb başqa bir Azərbaycana düşən bu zavallının beyni fantastik dəyişikliklərə dözə bilməzdi və bu da təbiidir. Adam xəstədi. Psixi sarsıntı keçirib. Ona görə də xəstə bir adamın potensial siyasətçi kimi perspektivi məni ciddi olaraq maraqlandırmır. Ona görə ki, onun gələcəyi yoxdur. Xəyanət etdiyi yolu nəzərə alsaq deməli keçmişi də. Bəlkə bu günü var və o gün də baxın görün nə gündədi. Bəs onda mən niyə efir vaxtımızı bu lazımsız hesab etdiyim mövzuya ayırıram. Çünki o artıq itirməyə heç nəyi olmayan birisidir və çalışır ki, multikultural və bəşəri ideyaların daşıyıcısı tək özünü təsdiq etmiş bir ölkədə artıq çoxdan tarixə qovuşmuş regionçuluq, yerlibazlıq kimi mağara düşüncəsini geri qaytarsın.

İnsanovun xortdaması ilə Qərbi Azərbaycanlı söz birləşməsi də fəallaşdırılır. Bu isə əslində birləşmıə yox, ayrılma, ayırmadır. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu ola bilər. Azərbaycanlının yox. Bu bir separatçılıqır. Əli İnsanovun da yaxşı anladığı təhlükəli separatçılıq. Erməni separatçılarının əlinə oynayan keçmiş nazir reallığı bilmir. O hələ ki, içinin 2005-ci ilindədir. Bu günkü bəyanatları ilə hələ ki, həbsxanaya düşənədək içində saxladığı, o vaxta qədər açıq deyə bilmədiyi fikirləri ifadə edir. O zaman susmuş, içində saxlamış, üzdə Heydər Əliyev yoluna sədaqətli olduğunu imitasiya edərək, içində qiyamçı birisini gizlətmişdi. 2005-ci ildən içində qalanlar indi bayıra vurur. Amma ortada qalmır. Qayıdır elə 2005-ci ilə. O zaman boynuna almırdı. Tövbə edirdi. Özünü ən nifrətə layiq birisi adlandırırdı. İlham Əliyevdən üzr diləyirdi. Bu mən deyiləm. Mən bu deyiləm! deyə and-aman edirdi. Bu gün isə əslində hər şeyi boynuna alır. Geriyə möhlətlə. Və əgər kimsə bir zaman İnsanovun Əliyev yoluna xəyanət edə biləcəyinə şübhəylə yanaşırdısa, artıq bu gün o kimsə yoxdur.

İnsanov qanunu geriyə işləyir. Və yalnız geriyə işləyir. Deməli nə vaxtsa ona acıyan kəslərə belə imkan verir ki, təəssüflərini, acılamalarını geri götürsünlər. Gec də olsa ona verilən ittihamı aşkarcasına boynuna alır. Amma həm də bu adama yazığım gəlir. Doğrudan da qarşımızda bir insanın faciəsi var. O insan və ya insanov itirdiyi illəri, günləri qaytara bilməməsinin acığını dövlətdən çıxır. Əlbəttə, ömrünün ən gur və gümrah vaxtını həbsdə keçirib. Ən yaxın adamlarının gözündən uzaq, ünsiyyətindən, təmasından iraq olub. Bir zamanlar onun ayağı altına kəsiləcək quzunun məhz qara olduğunu nazirə sübut üçün dərini saxlamağa borclu olan baş həkimlərin qəfil qırılmış ehtiramından 14 il əskik gəlir.



Teqlər: Əli-İnsanov   Mirşahin  





Xəbər lenti