Notariat sahəsində beynəlxalq seminar keçirilib

Notariat sahəsində beynəlxalq seminar keçirilib
  05 May 2019    Oxunub:1751
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində notariat orqanlarının fəaliyyəti təkmilləşdirilir, səlahiyyətləri genişləndirilir.
Beynəlxalq təcrübəyə uyğun olaraq xüsusi notariat institutu yaradılaraq səmərəli fəaliyyət göstərir. Həmçinin notariat ofisləri vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sisteminin imkanları notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirib. Notariat sahəsinin inkişafı və tətbiq olunan yeniliklər xarici ölkələrdə böyük maraq doğurur, nümayəndə heyətləri Azərbaycan təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfərlər edir, müxtəlif aktual mövzularda beynəlxalq konfranslarda, seminarlarda iştirak edirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakıda, “Bulvar Hotel”də “Notariat – qabaqcıl təcrübə və perspektivlər” mövzusunda növbəti beynəlxalq elmi-praktiki seminar keçirilib.

Tədbirdə Rusiyanın Stavropol notariat palatasının prezidenti, bu və digər şəhərlərinin, eləcə də ölkəmizin notariusları iştirak ediblər.

Seminarda notariat sahəsində tətbiq olunan innovasiyalar, elektron ədliyyə köşkü, məsafədən videoyazı vasitəsilə göstərilən notariat xidmətləri, mobil notariatın tətbiqi, “Elektron notariat” informasiya sistemi vasitəsilə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi və müvafiq çıxarışların vətəndaşlara verilməsi, müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları barədə ətraflı məlumat verilib.

Qonaqlar Dövlət notariat arxivi, Bakı şəhərinin bir neçə notariat ofislərinin fəaliyyəti ilə yaxından tanış olublar.

Müzakirələr zamanı qarşılıqlı fəaliyyətin perspektivləri və notariat sahəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Ədiyyə-Nazirliyi  





Xəbər lenti