Nazir döyüş hazırlığı ilə bağlı tapşırıqlar verdi - FOTO

 Nazir döyüş hazırlığı ilə bağlı tapşırıqlar verdi -  FOTO
  04 May 2019    Oxunub:2775
Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri rəhbər heyətə çatdıran nazir əsas diqqətin bütün qoşun növ və qismlərinin, xüsusilə ön xətt bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.



Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz vaxtı real döyüş şəraitinə və ərazisinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, gizli idarəetmə və maskalanmanın tələblərinə, ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə qoşunların operativliyinin, döyüş hazırlığının yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinin təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

General-polkovnik Zakir Həsənov döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsi məqsədilə ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi, habelə digər xidməti məsələlərin həlli ilə bağlı konkret göstərişlər verib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti