Spiker braziliyalı həmkarı ilə görüşüb

Spiker braziliyalı həmkarı ilə görüşüb
  04 May 2019    Oxunub:1393
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşüb.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, görüşdə O.Əsədov deyib ki, bundan sonra da iki ölkə arasında parlamentlərarası münasibətlər daha da inkişaf edəcək, dərinləşəcək.

Milli Məclisin sədri Braziliyada neft yataqlarının aşkarlanmasında Azərbaycan neftçisi Eyyub Tağıyevin xidmətlərini xatırlayaraq, ölkələr arasında həmişə dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, Braziliyanın yüngül, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm sahələrində böyük təcrübəsi var: “Biz bu istiqamətlərdə qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılmasını məqsədəuyğun hesab edirik”.

Sədr mədəni-humanitar əlaqələrimizin dərinləşməsi istiqamətində atılmaqda olan addımları təqdir edib.

Spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu yüksək qiymətləndirərək hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, mötəbər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan O.Əsədov Braziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün tutduğu mövqeyə görə minnətdarlığını ifadə edib.

Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Rodriqo Maya Bakıya səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib.

O bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi digər sahələrə də öz müsbət təsirini göstərir: “Braziliya energetika və kənd təsərrüfatı sahəsində ölkəmizlə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunması, birgə layihələrin həyata keçirilməsi ümumi məqsədlərə xidmət edərdi”.

R.Maya Azərbaycana böyük maraq göstərdiyini və Qafqazın bu bölgəsi ilə gələcəkdə əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Onun sözlərinə görə, təkcə siyasi, iqtisadi deyil, mədəni-humanitar sahələrdə də əməkdaşlığımızın dərinləşməsi üçün geniş imkanlar vardır.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Asim Mollazadə, ölkəmizin Braziliyadakı səfiri Elxan Poluxov, Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro L. Da Kruz və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş bitdikdən sonra O.Əsədov Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Rodriqo Mayanın iki ölkə arasında parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Milli Məclisinin “Parlament Medalı” ilə təltif edildiyini bildirdi və medalı ona təqdim edib.

Azvision.az


Teqlər: Spiker   Görüş   MM  





Xəbər lenti