Bakı forumunun əhəmiyyəti nədir? - Nazirdən açıqlama

Bakı forumunun əhəmiyyəti nədir? -  Nazirdən açıqlama
  03 May 2019    Oxunub:1592
"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya miqyasında özünəməxsus, çox hörmətli, nüfuzlu bir yer tutub. Heç də təsadüfi deyil ki, forum BMT-nin ötən ilki hesabatında dünyanın mədəniyyətlərarası dialoq sahəsində ən mühüm platforma kimi qiymətləndirilib".
Azvision.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu cür yanaşma, münasibət dünyanın müxtəlif yerlərindən Azərbaycana gələn insanlara həm ölkəmizdəki mövcud reallıqlar ilə tanış olmaq imkanı, eyni zamanda bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmaq imkanı yaradır.

Nazirin sözlərinə görə, forumun hazırlıq dövründə xüsusi beyn mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var. Onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar:

"Hazırlıq prosesi həm elmi, həm də təcrübə mübadiləsi baxımından önəm daşıyır. Odur ki, forumda müzakirəsi tövsiyə olunan mövzular hər bir beynəlxalq təşkilat üçün uğurlu oldu. Gördüyünüz kimi, bütün auditoriyalar demək olar ki, dolu idi. Müzakirələrin gərgin şəkildə keçdiyini əyani şəkildə gördük".

Ə.Qarayev qeyd edib ki, "Bakı prosesi"nin uğuru burada elm dairələri birləşdirən mütəxəssislərin, həm təcrübə ilə məşğul olan dövlət siyasətini müəyyənləşdirən qurumların nümayəndələrinin, həm də qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsinin iştrak etməsidir:

"Bu vəhdətlik mədəniyyətlərarası dialoq mövzusunun bütün cəmiyyətlər üçün aktual olduğunu əyani sübut edir. Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü "Bakı prosesi" təşəbbüsü bu gün tamamilə yeni səviyyəyə qalxıb. "Bakı prosesi" anlayışının Azərbaycanın adı ilə bağlı olduğunu xüsusi qeyd etməklə yanaşı, deməliyik ki, bütün diplomatik yazışmalarda, terminologiya lüğətlərində özünəməxsus yer tutub. Bu da onu sübut edir ki, cənab Prezidentin apardığı beynəlxalq siyasət nəinki Azərbaycanın özündə, nəinki regionda, dünya miqyasında çox böyük nüfuza, uğura malikdir".

Nazir, həmçinin təşəbbüsün bundan sonra da davam etdiriləcəyini vurğulayıb: "Foruma gələn insanlar xoş təəssüratlarla Bakı ilə vidalaşırlar. Forumda aparılan müzakirələrin ilkin nəticələri göstərir ki, "Bakı prosesi"nin nüfuzu və əhəmiyyətinin daha da artırılmasında bütün beynəlxalq təşkilatların marağı və arzusu var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Forum   Nazir  





Xəbər lenti