Sabah 29 şəhər və rayonda imtahan keçiriləcək

Sabah 29 şəhər və rayonda imtahan keçiriləcək
  16 Mart 2019    Oxunub:2839
Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim ediləcək.

Saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış (saat 10:45-də) buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

IX sinif buraxılış imtahanının birinci mərhələsində 33054 (Şəmkirdə 2644, Gədəbəydə 832, Ağstafada 928, Qazaxda 967, Tovuzda 2076, Mingəçevirdə 1367, Balakəndə 964, Zaqatalada 1162, Qaxda 598, Yardımlıda 623, Cəlilabadda 2197, Masallıda 2197, Lerikdə 574, Göyçayda 1308, Ağdaşda 1169, Ucarda 913, İsmayıllıda 945, Qobustanda 379, Ağcabədidə 1720, Füzulidə 808, Beyləqanda 1164, Salyanda 1398, Neftçalada 807, Hacıqabulda 816, Qusarda 1113, Qubada 1938, Siyəzəndə 527, Xızıda 182, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 738) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi‑müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb.

Qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 16-da təkrar baxış keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti