Leyla Əliyeva diasporu topladı - FOTOLAR

Leyla Əliyeva diasporu topladı - FOTOLAR
  06 Fevral 2013    Oxunub:2390
Dünən Moskvanın "Prezident" hotelində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının növbədənkənar iclası keçirilib.
İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.
Məlumata görə, tədbirdən əvvəl ÜAK Rəyasət Heyətinin üzvləri - Azərbaycanının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub.
Sonra ÜAK-ın 2012-ci ildə fəaliyyətini əks etdirən film nümayiş olunub.
Geniş tərkibdə keçirilən iclası ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev çıxış edərək konqresin Rəyasət Heyətinin iclasında ÜAK-ın növbədənkənar qurultayının keçirilməsi məsələsinin müzakirə edildiyini söyləyib. O, konqresin 2011-ci ildə keçirilən III qurultayında qəbul olunan nizamnaməsinin Rusiya Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməsi, konqresin qeyri-qanuni fəaliyyət göstərməsi barədə fikirlərə aydınlıq gətirib. Tədbirdə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin nümayəndəsi nazirliyin Ümumrusiya Azərbaycan Konqresinin sorğusuna əsasən təqdim etdiyi konqresin ictimai təşkilat olaraq yeni qurultay çağırılanadək 2006-cı ildə keçirilən qurultayın nizamnaməsinə əsasən fəaliyyət göstərdiyini təsdiq edən sənədin mətnini oxuyub.
ÜAK-ın prezidenti Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova konqresin aparatının icraçı direktor vəzifəsinin təklif olunduğunu diqqətə çatdırıb. Qüdsi Osmanov bu təklifə münasibətini bildirərək demişdir ki, Rusiyanın Azərbaycan diasporu ilə işləmək böyük şərəfdir. O vurğulayıb ki, fəxri və baş konsul işlədiyi müddətdə Rusiyanın 60-dan çox regionuna səfərləri zamanı Azərbaycan diasporunun fəal üzvləri ilə mütəmadi görüşlər keçirmişdir və diaspor təşkilatlarının rəhbərləri ilə dostluq münasibətləri vardır. Q.Osmanov hazırda baş konsul vəzifəsində çalışdığını və təkliflə bağlı müvafiq qərarın məsləhətləşmələrdən sonra veriləcəyini bildirib.
Daha sonra konqresin İcra Aparatının rəhbəri Nemət Nağdəliyev hesabat məruzəsi ilə çıxış edib. O, 2011-ci ilin iyununda keçirilmiş sonuncu qurultaydan sonra konqresin gördüyü işlərdən danışmış və qarşıya qoyulan bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.
Bildirilib ki, ötən dövr ərzində ÜAK real qüvvəyə malik böyük və nüfuzlu ictimai təşkilata çevrilib. Konqres Rusiyanın ictimai həyatında fəal iştirak edir, dövlət qurumları və ictimai təşkilatlarla yaxşı əlaqələr qurub, həmvətənlərimizin milli özgürlüyünü, dilini, mədəniyyətini və ənənələrini qoruyub saxlamasına kömək edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ÜAK-ın yaradılmasında və Rusiyada yaşayan soydaşlarımız üçün ümumi evə çevrilməsində rolunu xüsusi vurğulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri ötən dövr ərzində görülən işlərdən, qarşıda duran vacib vəzifələrdən danışıblar. Qeyd olunub ki, regionlarda konqresin işinin təkmilləşdirilməsi üçün bundan sonra da müvafiq addımlar atılacaqdır.
Sonda ÜAK-ın 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar kompleks tədbirlərin təşkili prioritet məsələlər sırasındadır. Ötən il ÜAK Heydər Əliyev adına mükafat təsis edib. Bu yüksək mükafat Rusiyanın ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında xidmətləri olan nüfuzlu şəxslərinə təqdim ediləcəkdir.
Çıxışlardan sonra Məmməd Əliyev iclasa yekun vurub, təşkilatın fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib.

Qalereya




Teqlər:  





Xəbər lenti