Bu il Bakıda 265 müəllim iş yerini dəyişib - Statistika

Bu il Bakıda 265 müəllim iş yerini dəyişib -    Statistika
  28 Dekabr 2018    Oxunub:12296
Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1145 vakansiya təqdim olunub.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdrəsindən (BŞTİ) məlumat verilib. Belə ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 525 nəfər daimi əsaslarla işə qəbul olunub.

Eyni zamanda 2018-ci ildə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib

Bundan başqa 2018-ci ildə ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim “Tərəqqi” medalına, 10 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 24 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub. Eləcə də 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.

BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1226 işçidən 651 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

2018-ci ildə təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 31 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 13 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 27 nəfər psixoloq vəzifəsinə, 20 nəfər kitabxanaçı vəzifəsinə, 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 33 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 130 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 280 nəfərin işə qəbulu həyata keçirilib.

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir.

Azvision.az


Teqlər: BŞTİ   Müəllim  





Xəbər lenti