Diplomların saxta olub-olmadığını onlar yoxlayır - FOTOLAR

Diplomların saxta olub-olmadığını onlar yoxlayır -  FOTOLAR
  19 Dekabr 2018    Oxunub:20076
Bu gün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil olunub. Mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.
Azvision.az xəbər verir ki, jurnalistlər ilk olaraq müraciətlərin daxil olduğu bölmə ilə tanış olublar. Burada əsasən vətəndaşların şikayətləri, təklifləri dinlənilir.



Bildirilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi ilə məşğuldur.



Daha sonra idarə rəisinin vəzifəsini icra edən Həsən Həsənli ilə görüş keçirilib. O, jurnalistlərə cari ildə nostrifikasiya prosedurunda həyata keçirilmiş yeniliklər və istifadə rahatlığı məqsədilə edilmiş dəyişikliklər, eləcə də vətəndaşların sözügedən sahədə maarifləndirilməsi istiqamətində görülmüş mühüm işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi vətəndaşların istifadəsinə verilib.



“Beynəlxalq təhsildə, xüsusilə beynəlxalq ali təhsildə təhsilin formaları, tədrisin təşkili, metodologiyası, ümumilikdə tədrisə yanaşma dəyişməkdədir. Təhsilin əlçatanlığını təmin etmək istədiyimiz zamanda keyfiyyətə də diqqət yetirilməlidir. Akkreditasiya şöbəsi Avropa standartlarına uyğun qurulub. Növbəti illərdə akkreditasiya prosesi həm beynəlxalq praktikaya uyğun, hə də yerli tələb və ənənələrə uyğun formada təşkil olunmalıdır ki, Azərbaycanda təhsil alan gənclər həmin təhsil nəticəsində keyfiyyətli göstəricilərə nail olsunlar".

Diqqətə çatdırılıb ki, son illər xeyli sayda vətəndaş xaricdə təhsil almağa çalışır. Ali təhsilin beynəlmiləşməsi yerli təhsil sistemində islahatların dayanıqlığının təmin olunması, sürətlənməsi baxımından əvəzsiz rol oynayır. Xaricdə əldə olunan diplomların tanınması, diplomların həqiqiliyinin təsdiqlənməsi ilə yanaşı, həm də ölkəmizdə həmin vətəndaşların hansı akademik və peşə hüquqlarına malik olmasını tənzimləyir.



İdarənin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov cari ildə akkreditasiya sahəsində görülmüş işlər, ölkədə ali təhsilin keyfiyyətinin təmin olunmasında akkreditasiyanın önəmli rolu və digər əlaqəli məsələlər haqqında danışıb.

“Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq 8 ali təhsil müəssisəsinin akkreditasiyası keçirilib, “2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə əsasən 12 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsinə başlanılıb”.



Mediatur zamanı diplomun tanınması üçün müsahibə verən Murad Məmmədov təəssüratlarını jurnalistlərlə bölüşüb. O, Xarkov Milli İqtisad Universitetində müəssisə iqtisadiyyatı üzrə qiyabi təhsil alıb.

“Müsahibədə məndən əsasən rus ilini bilib-bilməməyim, özümü təqdim etməyim, nə üçün qiyabi təhsil almağım, dərslərimə hazırlaşmağım soruşulurdu”.

Təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənlin sözlərinə görə, 2018-ci ildə xarici ali təhsil müəssisələrində təhsil alanların diplomlarının tanınması ilə bağlı 3570 müraciət qəbul olunub. Müraciətlərdən 20 faizinə mənfi rəy verilib.











Aytən Zəhra
Foto:Şahin Sərdərov

Azvision.az


Teqlər:





Xəbər lenti