Kənd təsərrüfatının inkişafı üçün savadlı fermer lazımdır – TƏHLİL

Kənd təsərrüfatının inkişafı üçün savadlı fermer lazımdır – TƏHLİL
  28 İyun 2018    Oxunub:12945
Qeyri-neft sektorunu inkişaf etdirmək, ölkənin qeyri-neft məhsulları ixracı potensialından daha yüksək səviyyədə istifadə etmək məqsədilə hökumətin aqrar sahəyə xüsusi diqqət yetirdiyi məlumdur. Bu diqqət, kənd təsərrüfatı məhsulları istehsalının ildən-ilə artması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və genişlənməsi ilə özünü büruzə verir.
2018-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, bunun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu isə o deməkdir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,5%, o cümlədən, bitkiçilik üzrə 52, heyvandarlıq məhsulları üzrə isə 2,5% artıb.

Hazırda ölkənin aqrar sektorunda yaz-tarla işlərinin aparıldığı və iyun ayının 1-nə kimi 439,0 min hektar sahədə yazlıq bitkiləri səpininin həyata keçirildiyi bildirilir. Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımı da başlayıb. İyun ayının 1-nə kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6% çox) kartof, 217,0 min ton (56,2% çox) tərəvəz, 13,1 min ton (17,3% çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0% çox) yaşıl çay yarpağı yığılıb.

Heyvandarlıq sahəsində isə, cari ilin ilk 5 ayı ərzində 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,4 % artaraq 195,3 min ton, süd istehsalı 1,4% artaraq 829,1 min ton, yumurta istehsalı 0,3% artaraq 741,8 milyon ədəd, yun istehsalı isə 1,5% azalaraq 11,8 min ton təşkil edib.

Lakin bu, kifayət deyil. Ölkəyə idxalda ərzaq məhsullarının əsas yer tutması vəziyyətin heç də yaxşı olmadığını göstərir. Əvvəlki bir çox şərhlərimdə də qeyd etmişəm ki, ərzaq məhsulları sarıdan idxaldan asılılığımız azalmalıdır. Bunun üçün isə yerli istehsal daxili tələbatı tam ödəməyə yaxın olmalıdır. Yəni ki, məhsuldarlıq indikindən azı 2 dəfə yüksək olmalıdır.

Xarici ekspertlər, xüsusən də Dünya Bankı (DB) isə deyir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlığın üç dəfə artırılması üçün imkanlar var. “Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur. Məhsuldarlığın artırılması üçün rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür” – deyə, adı çəkilən quruma aid nümayəndə deyib.

Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialı dəyərinin 1,1 milyard ABŞ dolları olduğu söylənilib. Bu, doğrudurmu?!

Ölkəmizin aqrar sektoru üçün 1,1 milyard dollar ixrac imkanı kiçik rəqəm deyil. Ancaq hesab edirəm, 2 mühüm amilə - bazarlara çıxış imkanlarına sərbəst şəkildə nail olunarsa və müasir texnologiyaların geniş şəkildə tədbiqinə şərait olarsa, daha çox məbləğdə kənd təsərrüfatı məhsulları ixrac edə bilərik.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasında kənd təsərrüfat məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 2016–2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsal və emal sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılmas üçün 9 strateji hədəfin reallaşdılılması nəzərdə tutulur ki, bunlara ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfat məhsullarının istehsal potensialının dəyər zənciri həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişaf və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfat sahəsində elmi təminatın, təhsilin keyfiyyətinin yüksəldilməsi, məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələləri daxildir.

Ancaq təəssüf ki, bir çox məqsədlərə çatmaq heç də asan məsələ deyil. Məsələn, DB haqlı olaraq qeyd edir ki, aqrar sektor üzrə ixracın 77 %-i Rusiya istiqamətində həyata keçirilir. Bu da olduqca zəif cəhətdir. Sual olunur, niyə? Əvvəla, cəmi bir bazara çıxış rəqabət imkanlarının məhdudluğu deməkdir. İkincisi, qiymət amilinin çərçivədə olduğu göstəricisidir. Üçüncüsü, kənd təsərrüfatı istehsalının hər an risk altında olduğunu diqtə edir. Bu siyahını uzatmaq da olar.

Odur ki, həqiqətən də yeni bazarlara çıxış barədə düşünmək lazımdır. Bayaq qeyd etdiyim Strateji Yol Xəritəsinə əsasən bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması isə, qısa zaman ərzində çatılası hədəf sayılmır. Düzdür, Azərbaycanın əksər kənd təsərrüfatı məhsullarının satışı üçün çox geniş imkanlar mövcuddur. Belə ki, hamısı ixrac yönümlü məhsullardır və bunların satışı üçün ciddi şəkildə bazarlar axtarmağa ehtiyac yoxdur. Bu da, olduqca müsbət cəhətdir. Ancaq, istehsalçının həmin bazarlara çıxmağa imkanı olmalıdır. Söhbət, fərdi şəkildən gedir. Əks təqdirdə, bunu dövlət və yaxud tədarükçü qüvvələr etməlidir. Necə və hansı yolla? Təbii ki, qiymət amili vasitəsiylə.

Aqrar sahədə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasına nail olmaq üçün ən qısa yol məhz, stimullaşdırıcı xarakter daşıyan siyasətdə qiymət amili və maddi maraqların qorunması prinsiplərinin mütləq şəkildə təmin olunmasından keçiır. Çünki bazar iqtisadiyyatı şəraitində hər şey qiymətlərdən asılıdır. Bütün növ qiymətlərdən...

Aqrar məhsullar üzrə ixracı artırmaq üçün məhsuldarlığı yüksəltmək məqsədilə digər ən vacib məsələlərdən biri olan müasir texnologiyaların geniş şəkildə tədbiqinə gəldikdə isə, bu sahədə müvafiq şəraitin birinci şərtini təhsil və bilik amili təşkil edir.

Yəni, sadə kənd təsərrüfatı istehsalçısından tutmuş fermerədək, hər birinin savadı olmalıdır. Söhbət, ən adi savaddan gedir, öz sahələrinə aid bilikdən...“Biz Azərbaycandan xeyli aşağı səviyyəli ölkələrə baxanda görürük ki, onların texnologiyaya çıxışı daha asandır. Və odur ki, həmin ölkələr Avropa səviyyəsinə daha tez çatacaqlar. Azərbaycanda isə fermerlərin təhsilinin aşağı olması interfeyslərdən daha az istifadə ilə nəticələnir” – deyə, DB eksperti qeyd edib. Bu, kifayət qədər məntiqi yanaşmadır, o baxımdan ki, adi texnikadan istehsalçının özünün istifadə etmək bacarığı olmalıdır.

Odur ki, ixracı artırmaq üçün məhsuldarlığı yüksəltmək məqsədilə kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin təşkili və inkişaf etdirilməsi bəlkə də, ən qısa müddət ərzində nail olunması vacib məsələ sayılır. Savadsız fermerlə nə həcm, nə də dəyər baxımından istənilən səviyyədə məhsul istehsal etmək mümkün deyil.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Fermer   Kənd-təsərrüfatı  





Xəbər lenti