Saatbazlar, yaxud, Zor(ro) oğlanın Fantomas siyasəti - VİDEOTƏHLİL

Saatbazlar, yaxud, Zor(ro) oğlanın Fantomas siyasəti  - VİDEOTƏHLİL
  27 İyun 2018    Oxunub:38419
1967-ci ildə məşhur “Fantomas” filmi SSRİ-də ilk dəfə göstəriləndən sonra gözlənilməz effekt doğurmuşdu: gənc xuliqanlar divarlara, qapılara gizlincə “F” hərfini yazıb, sonra da Hafiz Hacıyev demişkən, cırıb aradan çıxırdılar. Niyəsini filmə baxanlar bilirlər: Çünki orada virtuoz cinayətkar, manyak və sosiopat Fantomas bu yolla harasa gələcəyi haqqında əvvəlcədən xəbərdarlıq etməklə təşviş və vahimə yaratmağa çalışırdı.


Amma bu dəst-xətt təkcə Fantomasa aid deyil: Digər məşhur kino qəhrəmanı Zorro da daşa-divara “gəlirəm”, yaxud, “Bu, mən idim” mənasında “Z” hərfini yazmağı çox sevirdi.

Kino aləminə səyahəti davam etdirək: Anarxistlərin peyğəmbəri Qay Foksun kinodakı personajının da ən sevimli idman növü əli çatan yerlərə dairənin içində “V” hərfi yazmaq idi. Hərçənd, “vendetta” mənasını verən bu işarənin tarixi çox-çox əvvələ və çox-çox uzaqlara – İtaliyada mafioz klanların arasındakı müharibə dövrünə gedir.



İndi isə keçək mətləbə. Vaxtilə “Fantomas”, “Zorro”, “V for Vendetta” kimi filmlərə baxa-baxa böyüyən uşaqlar siyasətə qoşulublar və elə bilirlər, həmin metodları real həyatda da tətbiq etmək olar. Və necə ki, Zorro qamçısını şaqqıldadıb, divarlara “Z”, Fantomasla Qay Foks maskalarını taxıb, biri “F”, o biri “V” yaza-yaza hökumətlərilə mübarizə aparırdılar, bizim siyasət-siyasət oynayan uşaqlar da elə bilirlər ki, əlləri çatan yerə qum saatı simvolunu çəkməklə eyni işi görürlər. Amma bir ciddi məqamı unudurlar: Hollandiyada yaşayan eynəkli botan ilə Zorronun, yaxud Fantomasın arasında nə qədər fərq varsa, real həyatla kinonun arasında da ən azı o qədər fərq var. Real həyatda və siyasətdə divarlara şəkil çəkməklə əldə olunan yeganə nəticə budur ki, həmin divarın rəngi korlanır, vəssalam.



Bu divarkorlama hərəkatının başında “Oyan” adlı virtual hərəkatın konsulu, saatbaz Nahid Cəfərov dayanır. Niyə məhz konsulu? Bu, Nahidin niyyətinin üzərindən pərdəni götürməyə kömək edən çox vacib psixoloji nüansdır. Çünki adam əvvəllər Azərbaycanın Niderlanddakı diplomatik missiyasında konsul olub. Vəzifəsini itirəndən sonra yeni müxalif hərəkat formalaşdırıb və bu dəfə özünü onun konsulu elan edib. Yəni dəvədən yıxılsa da, “höt-höt”ündən qalmayıb: təki konsul vəzifəsi olsun, fərqi yoxdur, harada... Bu, əslində Azərbaycan hökumətinə subliminal mesajdır ki, “Baxıııınnn, mən yenə də konsulam aaa!”



Cənab “konsul” feysbukdakı canlı yayımlarında siyasi konstruktivizmdən-filandan basıb-bağlayır, bu konsepsiyanın Azərbaycanda hakimiyyətin devrilməsində necə tətbiq oluna biləcəyini izah etməyə çalışır. Onun yanaşmasına görə, məsələn, hakimiyyət ona görə güclüdür ki, insanlar hakimiyyətin güclü olduğunu düşünürlər, əgər kütlənin düşüncəsi dəyişsə, hakimiyyət də daha güclü olmayacaq. Əsl klassik kino məntiqidir! Halbuki, real həyatda hakimiyyəti güclü edən onlarla fundamental səbəb var və hətta onlardan biri, üçü, beşi dəyişsə də, ümumi mənzərə yerində qalacaq.

Keçmiş konsulun düşüncəsindəki qeyri-zorakı müqavimət anlayışı da səhvdir. Zorakı müqavimət odur ki, insanlar etməməli olduqları şeyi edirlər, qeyri-zorakı müqavimətdə isə etməli olduqları şeyi etmirlər. 1955-ci ilin 1 dekabrında Montqomeri şəhərində Roza Parks adlı zənci qadın qanuna görə ayağa durub, avtobusdakı yerini qarşısındakı ağ dərili kişiyə verməli idi. Amma vermir, çünki illər sonra dediyi kimi, “Yorğun idim və oturmaq istəyirdim”. Avtobusda oturmaqla xanım Parks qanunu pozurdu, amma heç kimə müqavimət göstərmədən... Bu müqavimətsiz müqavimət bir neçə ildə gətirib ABŞ cəmiyyətinin bütün ictimai quruluşunun və qanunların dəyişməsinə çıxarır.



Diqqət edin ki, Roza Parks gedib divarlara avtobus şəkli çəkmirdi; necə ki, Mahatma Qandi insanları divarlara duz şəkli çəkməyə çağırmırdı. Burada bir vacib məqam var: Qeyri-zorakı müqavimət hakimiyyətə yox, qanunlara qarşı olur, məqsədi də hakimiyyəti yox, məhz ədalətsiz qanunları dəyişməkdir. Başqa sözlə, qanunların pozduğu insanlar cavab olaraq qanunun özünü pozurlar. Qanunlara yox, bilavasitə hakimiyyətin özünə etiraz üçün tətbiq ediləndə metod sadəcə olaraq, işləməyəcək. Başqa sözlə desək, ortada insanların təməl haqlarını pozan hansısa qanun olmalıdır ki, dinc müqavimətin iştirakçıları onu dinc şəkildə pozsunlar, hakimiyyət də sonra həmin qanunu dəyişmək zorunda qalsın. Amma Azərbaycanda hansı ədalətsiz qanun var? Bu suala heç saatbazlar saatlarla fikirləşsələr də, cavab verə bilməzlər.

Bir şeyi başa düşmək lazımdır ki, divarlara hansısa – bu halda qum saatı,- simvolu çəkmək siyasi prosesdə iştirak niyyətindən xəbər vermir. Mən sabah elan etsəm ki, məsələn, Bokalistlər hərəkatı yaradıram və pivə həvəskarları virtual təşkilatlanmaq üçün divarlara bokal şəkli çəkməlidirlər, feysbukda bunu aktiv təbliğ etsəm, bir neçə aydan sonra məmləkətin hər guşəsində divarlarda bokal şəkli görmək olacaq. Üstəlik, hələ yanında noxud da ola bilər. Və bu, Nahidin saatbazlarından daha güclü şəbəkə olacaq, çünki nakam konsul məsələn, sabah saatbazları “Məhsul” stadionuna toplaşmağa çağırsa, heç kim gəlməyəcək, amma mən Kürdəmirə pivə içməyə çağırsam, gələcəklər. Niyə?



Çünki saatbazlıq hərəkatına qoşulanlar lap əvvəldən buna siyasi proses kimi yox, bir gizlənpaç oyunu kimi yanaşırlar; bu oyun onlara özlərini hansısa macəranın içində hiss etmək imkanı yaradır. Bunu Nahid Cəfərli özü də bilir (hər halda, keçmiş konsul ağılsız adam deyil) və ona görə “gizli təşkilatlanma” kimi lətifəyəbənzər ideyaları ortaya atır. Məqsəd onlaynda diqqətini çəkə bildiyi adamlarda macəra həvəsini qaldırmaq, onları siyasi kvestlərdən adrenalin asılılığına salmaqdır. Məsələn, 25 yaşında orta statistik bir Namiq təsəvvür edin. O, təbii ki, əksər gənclər kimi macəra axtarır, paintbola və ya kartinqə getməyə pulu yoxdur, əvəzində arada “Kurtlar vadsi”nin köhnə sezonlarına baxır və qanında adrenalinin dozasını artırmaq üçün fürsət gəzir. Buna görə də gizlənə-gizlənə blokun divarına qum saatı şəkli çəkib, tez aradan çıxır. Niyə? Çünki birinci mərtəbədə yaşayan Tavat xala onun divarı korladığını görsə, təbaşirini alıb, gözünə soxar. Nahid Cəfərlinin kontingenti bax, belə insanlardır – Tavat xaladan qorxa-qorxa qos-qoca hakimiyyətə meydan oxuyanlar.



Bu saatbazlıq 3 variantdan biri ilə başa çatacaq. Ya valideynlər “Bala, divarları yazmaq yaxşı deyil” deyərək, övladlarını tənbeh edəcəklər, ya kimsə divarı yazanda kameraya düşəcək və bunun əvəzini ödəməli olacaq, ya da Nahid Cəfərli nəhayət, böyüyəcək. Hərçənd, sonuncu varianta ümid azdır, çünki kidalt nə qədər böyüsə də, uşaqlığın havası var başında...

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Oyan   Nahid-Cəfərli  





Xəbər lenti