Tarixin təkərini durduran insan
Buna görə də, adı ilə mahiyyəti uyğun gələn tarixi bayramların arasında birinci yerdə Qurtuluş Günü gəlir. Çünki bu, bir xalqın və dövlətin tarixin fırlanan təkərinin altında qalıb əzilməkdən qurtulduğu Gün idi. Bizi 1993-cü ildən ayıran zaman artdıqca, həmin hadisənin Azərbaycan üçün nə qədər önəmli olduğu uzaqdan daha yaxşı görünür. Daha aydın bəlli olur ki, Heydər Əliyev nə az-nə çox, tarixin təkrarlanan təkərini durdurmuş və zamanın bizim əleyhimizə olan axınını tamam dəyişərək, xeyrimizə yönəltmişdi.
Bunu ancaq bir xalqın həqiqi Milli Lideri bacara bilərdi. Heydər Əliyevə qədər neçə əsr idi ki, Azərbaycan xalqının vahid lideri olmamışdı. Hər halda, ölkənin tarixinə baxanda son 4-5 əsrdə xalqın böyük qismini bir məqsəd uğrunda birləşdirməyi bacarmış şəxsiyyət görmürük. Bu, xalq olaraq bizi zəiflədən ən ciddi boşluqlardan biri idi. Çox böyük fasilədən sonra tarix səhnəsinə çıxmış Heydər Əliyev ən çox ehtiyac duyulan məqamda xalqı birləşdirməyi bacaran ilk milli lider oldu.
Əslində Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəlməsi vəzifəyə yiyələnmək yox, özünü fəda etmək idi. Çünki özünü alovun içinə atmaq, həyatını dəfələrlə risk qarısında qoymaq, sıfırdan dövlət qurmaq kimi son dərəcə ağır yükün altına çiynini vermək Heydər Əliyevə lazım deyildi. O, vaxtilə Azərbaycanın da, SSRİ-nin də hakimiyyət olimpində təmsil olunmuş insan kimi onsuz da tarixə imzasını atmışdı və həyatının qalan hissəsini sakit və rahat yaşaya bilərdi. Amma Ulu Öndər ömrümün qalan hissəsindən tamamilə ayrı cür istifadə etməyi qərara alır və elan edir ki, “Həyatımın qalan hissəsini xalqıma bağışlayıram”.
Heydər Əliyev üçün hakimiyyət həm də buna görə vəzifə yox, məsuliyyət idi ki, o, sıfırdan qurulmaqda olan bir dövlətin eyni zamanda həm memarlığını, həm də fəhləliyini edirdi. O vaxt Azərbaycan adlı məkanda sadəcə, SSRİ-nin süqutundan sonra yaradılmasına uğursuz cəhd edilən bir siyasi strukturun dağıntıları var idi. Əvvəlcə ölkəni onun qalıqlarından təmizləmək, həm daxili, həm xarici müharibəni dayandırmaq, sonra pillə-pillə peşəkar dövlətin qurulmasını həyata keçirmək tələb olunurdu.
O zamanlar hər kəs Heydər Əliyevin ahıl yaşda yorulmadan çalışmasına, fenomenal enerjisinə heyrət edirdi. Getdyi bütün beynəlxalq tədbirlərdə xəritəni açıb, Azərbaycanın və Qarabağın hara olduğunu dünyaya başa salmaq lazım gəlirdi. O isə yorulmur, usanmırdır, çünki özünün də dəfələrlə dediyi kimi gücünü xalqdan alırdı. Və xalq da bu gücü öz sevgisilə ona verirdi.
Heydər Əliyevin Naxçıvandan Bakıya gəldiyi gün təkcə Azərbaycanın yox, bütün regionun taleyində dönüş nöqtəsi idi. Məhz Heydər Əliyevin yaratdığı dövlət, qurduğu xətt və ideoligiya qısa vaxtda Azərbaycanın regionun ən güclü dövləti kimi yüksəlməsini təmin etdi. Bu, istər bölgədə, istərsə də dünyada hər kəsin hesablaşmalı olduğu bir reallıqdır. Və bu reallığın əsası 1993-cü ildə Naxçıvandan gələn təyyarənin Bakıda hava limanına enməsilə qoyulmuşdu.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: Heydər-Əliyev Qurtuluş-Günü