Ermənistanı “rəngləyən” hansı qüvvədir – TƏHLİL

Ermənistanı “rəngləyən” hansı qüvvədir – TƏHLİL
  21 Aprel 2018    Oxunub:11119
Artıq bir həftədir ki, Ermənistanda mitinqlər davam edir. “Serjsiz Ermənistan” adlı aksiya Gümrüdə başlayıb, onun iştirakçıları 200 km. piyada yol gedərək, Yerevana çatıblar.
“Gümrü” deyərkən ilk ağla gələn Ermənistanın Türkiyə ilə sərhəd şəhəri və Rusiyanın hərbi bazasının NATO ölkəsi ilə həmsərhəd olduğu ərazi olur. Bu, həm də Ermənistan vasitəsilə Rusiyaya mesaj sayıla bilər. Belə ki, Rusiyanın dəstəyi ilə 2015-ci ildə Konstitusiyanı dəyişdirən Serj Sarkisyanın 10 illik prezidentliyi başa çatdıqdan sonra baş nazir qismində ölkəni faktiki idarə etməsinə qarşı Qəryönümlü müxalifət qətiyyətlə qarşı çıxır. Onlar buna əsas səbəb kimi ilk növbədə 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın Ermənistana üstün gələrək, bir sıra əraziləri ermənilərdən azad etməsini göstərirlər. Digər səbəblər sırasında isə ölkədəki iqtisadi, sosial vəziyyətin son dərəcə ağırlığını, Sarkisyan ailəsinin xüsusi imtiyazlarını göstərirlər.

Etirazların səbəblərindən biri də Sarkisyanın xalqı aldatmasıdır. Belə ki, o, 2014-cü ildə konstitusiya islahatları ərəfəsində prezidentlik müddəti başa çatdıqdan sonra daha heç bir vəzifəyə iddia etməyəcəyini bəyan etmişdi. Onun öz sözünün üstündə durmaması, preizidentin səlahiyyətlərinin məhdudlaşdırılıb, baş nazirə verildiyi yeni siyasi sistem yaratması həm daxildəki müxalifəti, həm xaricdəki erməni diasporunu xeyli qəzəbləndirib. Artıq Avropa ölkələrində olan erməni diasporasının rəhbərləri mətbuatda onun əleyhinə məqalələr yazmağa başlayıblar.



Livan ermənisi olan Nikol Paşinyanın başlatdığı “Mənim addımım” etiraz kampaniyasına qoşulanların çoxu 2000-ci ildən sonra anadan olmuş, sosial durumu ağır, Sarkisyan rejimindın cana doymuş gənclərdirlər. Ermənistanın dövlət borcu hazırda 7 milyard dollardan çoxdur, ÜDM-in həcminə görə dünyada ən aşağı yerlərdən birini tutur. Ölkə əhalisinin 1 milyon nəfərindən çoxu yoxsulluq həddində yaşayır. Lakin Sarkisyan vəziyyəti dəyişmək üçün heç bir addım atmır. Əksinə, seçkiqabağı verdiyi sözün ziddinə gedərək, köhnə komandasından olan şəxsləri yenidən yüksək vəzifələrə təyin etməklə etirazçı kütləyə status-kvonu dəyişdirməyəcəyi mesajını verir.

ABŞ və Avropa Birliyi ölkələri liderlərinin Sarkisyanı baş nazir seçilməsi münasibətilə təbrik etməmələri Ermənistanın siyasi elitasında narahatlıq yaradıb. Onlar Qərbin susmasını mitinqlərə dəstək kimi qiymətləndirirlər.



Hazırkı etirazların arxasında həm də Sarkisyanın timsalında Rusiyanın Ermənistandan sıxışdırılması planları dayanır. Nikol Paşinyan özü də qeyd edib ki, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin Gənclər təşkilatı onların aksiyalarında iştirak edir. Bu, o deməkdir ki, Ter-Petrosyanın təmsil etdiyi diaspora da bu aksiyalara dəstək verir, Rusiyanın “adamı” olan Serj Sarkisyanın hakimiyyətdən getməsini istəyir.

Erməni diasporunun güclü olduğu ölkələrdə də Serj Sarkisyandan narazılıq çox böyükdür. Məsələn, Fransanın Erməni Təşkilatlarının Koordinasiya Surasının (CCAF) həmsədri, “Nouvelles d’Armenie” jurnalının baş redaktoru Ara Toranyan “Liberation” qəzetindəki məqaləsində yazıb ki, “Serj Sarkisyan öz varisi kimi yalnız özünü gördüyü üçün, iki dəfə prezidentlik müddəti başa çatana yaxın, 2015-ci ildə konstitusiyanı dəyişərək, prezidentli idarəetmə sistemini parlament sisteminə transfer etdi. Bu, əvvəlcədən yazılmş ssenari idi”.



Ermənistanda etiraz edən siyasi qüvvələr və əhali Sarkisyanın başçlıq etdiyi Qarabağ klanını hakimiyyətdən birdəfəlik uaqlaşdırmaq istəyirlər. Bununla da, onun təmsil etdiyi güc mərkəzi olaraq Rusiyanın təsirini zəiflətməyə, ölkənin Qərbə yaxınlaşmasına nail olmağa çalışırlar. Qərbyönümlü və Rusiyayönümlü siyasi qüvvələrin hakimiyyət uğrunda hazırda demək olar ki, açıq nüfuz savaşı gedir. Bununla belə, Ermənistanın mövcud siyasi sistemi beynəlxalq güclərin qarşılıqlı razılığına əsaslanır. Son illərdə Avropa Birliyi ilə Rusiya arasında bir çox sahələrdə, o cümlədən, Ermənistanı təsir dairəsinə bölmək məsələsində də razılığa gəlinmişdi. Ermənistan Avropa Birliyi ilə Tərəfdaşlıq sazişi imzalayandan sonra burada hakimiyyətdə kimin olmasına Avropa və Rusiya birgə qərar vermişdilər.

Əgər Ermənistan siyasi sistemi, ölkədə konstitusiya islahatları, ali dövlət vəzifələrinə təyinat burada marağı olan xarici dövlətlər arasında razılaşma əsasında həll olunubsa, etirazlar çətin ki, hansısa real dəyişiklərə aparıb çıxarsınlar. Üstəlik, "Yelk" bloku parlamentdə həlledici səs nisbətinə malik deyil. Lakin Ermənistana dair bütün qərarlar ilk növbədə Moskvada həll olunur. Hazırkı prosesləri isə Avropa və Rusiya arasındakı “soyuq müharibə”nin Cənubi Qafqazdakı kiçik fraqmenti hesab etmək olar. Amma hadisələrin nəzarətdən çıxacağı təqdirdə Rusiyanın müdaxilə edə biləcəyi də istisna deyil.



Nikol Paşinyanın “Yelk” blokundakı digər müttəfiqləri “Maariflənmiş Ermənistan” və “Respublika” partiyaları ona qoşulmaqdan imtina ediblər. Burada müxalifət qüvvələri arasındakı şəxsi inciklik, çoxdankı ədavət hissləri də sözünü deyir. Onlar bir-birini hakimiyyətlə əlbir olmaqda ittiham edirlər. Məsələn, Paşinyanın özünə olan ittihamlardan biri bundan ibarətdir ki, o, 2015-ci ildə konstitusiya islahatlarına etiraz etmirdi, axı həmin vaxt artıq Serj Sarkisyanın öz hakimiyyətini uzatmaq planları aydın idi. Digər müxalifət qüvvələri indiki azsaylı aksiyaları təşkil etməklə Paşinyanı xalqda müxalifətin gücsüz olması fikrini formalaşdırmaqda ittiham edirlər. Hesab olunur ki, “Yelk” bloku süqut etmək üzrədir və son günlərini yaşayır. Çünki bu aksiyalarda iştirakdan imtina etdikdən sonra çətin ki, orada təmsil olunan partiyalar arsında bir-birinə etimad qalsın.



“Freedom House” təşkilatı bu günlərdə yaydığı hesabatında Ermənistanın demokratiya yolunda gerilədiyini qeyd edib. Təşkilat Ermənistanı o ölkələr sırasına daxil edib ki, orada siyasi xadim hakimiyyəti ya pərdə arxasından idarə edir, yaxud da onun hakimiyyəti yazılmamış qanunlarla idarə olunur. Hesabat müəllifləri hesab edirlər ki, Ermənistan seçkilərdə minimum demokratik standartlara cavab verməyən, demokratik təsisatlara məhdud hörmətlə yanaşan, avtoritarizmi gizlətməyə çalışan ölkədir. Sarkisyanın 10 illik prezidentlik müddəti Ermənistanın demokratiya yolunda geriləməsi dövrü kimi səciyyələndirilə bilər.



Hesab olunur ki, mitinqlərin məqsədi “rəngli inqilab” həyata keçirməklə ölkənin xarici siyasət kursunu dəyişməkdir. “Rəngli inqilab” şübhələrinə bəzi əsaslar da göstərilir: məsələn, polislərin qurduğu çəpərin fonunda bir-birinə sarılmış gənc cütlük. Bu cür şəkil eynilə Ukraynada Maydan hadisələri zamanı sosial şəbəkələrdə yaylmışdı

Eyni zamanda, aksiya iştirakçılarına polislə qarşıdurma və ümumiyyətlə, proseslər zamanı davranış təlimatları vərəqələri paylanıb. Həmin vərəqələr məhz “rəngli inqilab” baş vermiş ölkələrin dillərində də əvvəllər eyni mətnlə yayılmışdı.



Ermənistanda hesab olunur ki, etirazlara Paşinyan başçılıq etmir, o, sadəcə Yerevan küçələrində bir bələdçi rolunda çıxış edir. Ssenari xaricdə yazılıb və ölkədə icra olunur.

Sarkisyanın aksiya iştirakçılarına qarşı ciddi güc tətbiq etmək göstərişi olarsa, bu, onun qeyri-legitim hakimiyyətinin dayaqlarını sarsıda bilər. Lakin onsuz da Sarkisyanın yeni vəzifəsində sonadək qalacağı inandırıcı görünmür. Azərbaycanın hərbi demarşları, Rusiyanın beynəlxalq nüfuzunun azalması, Qərbin yaxın gələcəkdə Cənubi Qafqaza daha çox diqqət ayırması və Ermənistanda demokratiya yaratmaq istəyi, eləcə də başqa səbəblər Sarkisyanın da hakimiyyətinə birdəfəlik son qoya bilər.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: Ermənistan   Etirazlar   Paşinyan   Sarqsyan   Rəngli-inqilab  





Xəbər lenti