Hindistan və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirir

  19 Aprel 2018    Oxunub : 891
Hindistan və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirir
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iki ölkə arasında enerji sahəsində, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək məqsədilə Energetika Naziri cənab Pərviz Şahbazovla görüşüb.
Bu barədə AzVision.az-a Hindistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfir Rana qeyd edib ki, Hindistan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə məhsulun pay bölgüsündə Hindistanın ONGC Videsh Ltd neft şirkətinin iştirakından məmnundur. Səfir Hindistan şirkətlərinin energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Nazir Şahbazov Hindistan şirkətlərinin Azərbaycandakı layihələrə marağını alqışladığını bildirdi. O, həmçinin Hindistan şirkətlərini bərpa olunan enerji layihələrinə, xüsusilə Azərbaycanda külək və günəş enerjisinə investisiya yatırmağı nəzərdən keçirməyə dəvət etdi və hökumətin bu sahədə yerli və xarici investorların iştirakını asanlaşdırmaq üçün yeni qaydalar hazırladığını qeyd etdi.

Səfir Rana Hindistanın bilik və bacarıqların artırılması sahəsində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu və ABOEMDA-nin bir çox əməkdaşlarının Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistanda keçirilən təlim kurslarında iştirak etdiklərini bildirdi. Hindistan və Azərbaycan gələcək illərdə iki ölkə arasında ticarət və investisiya üçün daha çox imkanlar yaradacaq Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafında tərəfdaşlıq edirlər.

Qeyd olunub ki, 2015-ci ilin noyabr ayında Hindistan, Fransa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki tropik qurşaq arasında yerləşən günəş işığı ilə zəngin ölkələrin birliyi olan və bu ölkələrin enerji ehtiyaclarının həlli yollarının birgə tapılması, birgə səylər vasitəsilə günəş enerjisinin istifadəsinin genişləndirməsi və iş yerlərinin yaradılması məqsədilə Beynəlxalq Günəş İttifaqı (BGA) təşkil olunub. 2018-ci ilin mart ayında Nyu Dehlidə BGA-nın Təsis Sammitinə ev sahibliyi edən Hindistan iki tropik qurşaq arasında yerləşməyən, lakin zəngin günəş işığına malik olan Azərbaycanı İttifaqa tərəfdaş ölkə kimi qoşulmağa dəvət edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Hindistan   Azərbaycan