Edison şirkəti “Şahdəniz”dən qaz alacaq
Ötən il oktyabrın 13-də "Edison" və "Gas Natural Fenosa" arasında İtaliyanın mühüm qazpaylayıcısı olan "Gas Natural Vendita Italia"nın (GNVI) transferi haqqında razılıq əldə olunub. "Fenosa"nın “Şahdəniz-2” qaz satışı sazişinin "Edison"a ötürülməsi də bu sövdələşmənin şərtlərindən biridir. Fevralda Avropa Komissiyası sövdələşməni anti-inhisar qaydalarına uyğun hesab edərək təsdiqləyib. Nəticə etibarı ilə GNVI-nin alınması və qaz tədarükü sazişinin transferi baş tutub. Bu transfer Avropanın əsas enerji oyunçularının Azərbaycan qazına marağının daim artmasını göstərir.
Baş ofisi Milanda yerləşən "Edison" İtaliyanın elektrik və təbii qaz təchizatı sahəsində fəaliyyət göstərən əsas enerji şirkətidir. Onun bütün qitədə filialları vardır. "Edison" karbohidrogen sektorunda təbii qaz və xam neftin hasilatından tutmuş paylanması və satışına qədər geniş bir spektrdə fəaliyyət göstərir. 2017-ci ildə İtaliyada qaz idxalının 22%-i və qaz istehsalının 6%-i "Edison"un payına düşüb.
AzVision.az