Orta Şərqdə ABŞ-ın «B» planı – TƏHLİL

Orta Şərqdə ABŞ-ın «B» planı – TƏHLİL
  17 Aprel 2018    Oxunub:3599
Təqribən yarım əsr davam edən “soyuq müharibə”nin yekununda SSRİ-nin süqut etməsi və ABŞ-ın dominantlığı ilə təkqütblü dünya sisteminin formalaşması belə bir qənaət formalaşdırmışdı ki, dünyada cərəyan edən bütün proseslər rəsmi Vaşinqtonun nəzarətindədir və sonda qələbə qazanan ABŞ diplomatiyası olacaq. Amma zaman ötdükcə ABŞ-ın qlobal prestiji zədələnməyə, təkqütblü dünya sistemini isə regional geosiyasi aktorların ortaya çıxması ilə çoxqütblü sistem əvəzləməyə başladı.
ABŞ-ın son 15 ildə Orta Şərqdəki uğursuz hərbi mövcudluğu bu prosesin daha da sürətlənməsinə zəmin formalaşdırdı. Əfqanıstan, İraq, daha sonra isə Suriyada həyata keçirilən uğursuz hərbi əməliyyatlar dünya ictimaiyyətində Amerika ilə bağlı mənfi rəyin, inamsızlıq hissinin formalaşmasına gətirib çıxardı.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, ABŞ ilk dəfə 1956-cı ildə Süveyş böhranından sonra Orta Şərq regionunda özünü aktiv şəkildə göstərməyə başladı. Bu da iqtisadi faktorlarla bağlı deyildi, məqsəd regionu SSRİ-nin nüfuz dairəsindən kənar tutmaq idi. “Soyuq müharibə”dən sonra ABŞ Körfəz savaşı zamanı bölgədə sülhün bərqərar olmasına çalışdı, “Ərəb baharı” zamanı isə əvvəlcə bölgə ölkələrində sistem dəyişikliyinin tərəfindən çıxaraq, hadisələrin alovlanmasına xidmət edən strategiya güdsə də, proseslər cığırından çıxdıqdan sonra özünü status-kvo tərəfdarı kimi göstərməyə başladı. Suriya münaqişəsi isə Ərəb ölkələrində baş verən həmin ayaqlanmaların bir davamı kimi özünü biruzə vermişdi.

Suriya böhranının nizamlanmasında heç bir rol oynaya bilməyən ABŞ 2013-cü ildən etibarən regiondakı dominant statusunu yavaş-yavaş itirməyə başladı. Türkiyə, İran və Rusiyanın birgə başlatdığı Astana prosesi isə nəzarətin rəsmi Vaşinqtonun əlindən tamamilə çıxmağa başladığını açıq şəkildə göstərirdi. Ardınca Türkiyə silahlı qüvvələrinin Suriya ərazisində terorizmə qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar regionda ABŞ-ın əsas dayaqlarından biri olan PYD-YPG birləşmələrinin sarsıdıcı zərbələr alması ilə nəticələndi. Orta Şərqdə, xüsusən də Suriya ərazisində strategiyasını əsasən bu birləşmələr üzərindən quran Ağ Ev çətin bir dilemma qarşısında qaldı: Davam, ya tamam?!

Prezident Donald Trampın “Suriyada məqsədimizə nail olduq, qoşunları buradan çıxaracağıq” açıqlamasının belə bir dövrə təsadüf etməsi də hadisələrin ABŞ-ın arzulamadığı məcraya yönəldiyindən xəbər verirdi.

Trampın bu açıqlaması həm ABŞ, həm də dünya mətbuatında böyük əks-səda doğurdu. Hətta Suriyada ABŞ-dan sonra boşalan yeri Fransanın tutacağına dair müzakirələr də edilməyə başlandı. Fransa prezidenti E.Makronun Türkiyə ilə YPG arasında vasitəçilik etməklə bağlı niyyətini açıqlaması, həmçinin tezliklə Suriyaya 2 minlik fransız hərbçi kontingentinin gətiriləcəyi iddiaları bu versiyanın ağlabatan olduğunu deməyə əsas verirdi. Onu da qeyd edək ki, Suriyadan birdəfəlik çəkilmək ABŞ-ın İrana həmlə imkanlarını da məhdudlaşdıracaqdı. Bu baxımdan, “Suriyadan çəkilirik” açıqlaması ilə Tramp həm də bundan əvvəl İrana münasibətdə sərgilədiyi sərt tutumu, bir növ, sual altına qoymuş oldu.

Lakin proseslərin axarı birdən-birə dəyişdi. Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə etməsinə dair xəbərlər dərhal okeanın o tayında sərt reaksiyaya səbəb oldu. Hadisəyə özünün rəsmi tvitter hesabı vasitəsilə münasibət bildirən Tramp bütün məsuliyyətin Rusiya ilə İranın üzərinə düşdüyünü ifadə etdi. Kimyəvi silahdan istifadə ilə bağlı iddiaların Trampın “Suriyadan çəkilirik” açıqlamasından 2 gün sonra ortaya atılması təsadüfdür, yoxsa zərurət, bunu demək çətindir, amma bu hadisədən sonra ABŞ-ın regiondan qısa bir zamanda çıxmayacağını təxmin etmək o qədər də çətin deyil.

Trampın “Rusiya, İran və Əsəd layiqli cavablarını alacaqlar” açıqlaması, bundan dərhal sonra isə içərisində 6500 hərbçinin olduğu ABŞ hərbi gəmilərinin Aralıq dənizinin şərq sahillərinə doğru istiqamət alması Suriya üzərindən kartların yenidən paylanacağı ehtimalını artırdı. Çox güman, ABŞ Suriyaya hərbi müdaxilənin BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarılmasına cəhd edəcək, amma o da şübhəsizdir ki, Rusiya və Çin bu halda veto hüququndan istifadə edəcəklər.

Avropalı müttəfiqlərinin də ABŞ-ın bu təklifini isti qarşılayacağını demək çətindir. Belə olan halda Ağ Ev regiondakı ümdə maraqları naminə “B” planını işə salaraq regional müttəfiqi olan Türkiyə ilə münasibətlərini normallaşdıra bilər. İndiki situasiyada Türkiyə ilə əvvəlki münasibətləri bərpa etmək ABŞ üçün alternativi olmayan bir zərurətə çevrilib. Əslində bunu etmək çox da çətin deyil. Ən başından bəri Əsədə qarşı sərt tutumu ilə fərqlənən Türkiyənin ritorikasında müşahidə olunan yumşalma terrorizmə qarşı mübarizədə Qərbdən yetərli dəstək ala bilməməsi ilə bağlı idi. ABŞ-ın YPG-yə son dövrlər açıq şəkildə hərbi yardım etməsi isə rəsmi Ankaranı qəti olaraq seçim etmək məcburiyyətində qoydu. Rusiya-Türkiyə-İran geosiyasi üçbucağının formalaşması üçün zəmin də bu proseslərin nəticəsində ortaya çıxdı. Bir sözlə, başda ABŞ olmaqla, Qərb Türkiyənin milli təhlükəsizliklə bağlı qayğılarını düzgün dəyərləndirsəydilər, hadisələr bugünkü vəziyyətə gəlib çıxmazdı.

İndiki halda Ağ Evdən gələcək olası bir əməkdaşlıq təklifinin Ankarada müsbət ovqat yaradacağı şübhəsizdir. Çünki hər şeydən əvvəl, enerji sahəsində Moskvadan asılılığı getdikcə artan Türkiyəni ABŞ-ın regiondakı hərbi mövcudluğu bir xeyli rahatlaşdırır. Məhz bu amil Rusiyanı rəsmi Ankara ilə ehtiyatla davranmağa vadar edən başlıca səbəbdir. Bu baxımdan, Ankaranın ABŞ-dan gələcək hər hansı bir sərfəli təklifə yaşıl işıq yandıracağını proqnoz etmək elə də çətin deyil. Türkiyə üçün ən pis ssenari ABŞ-ın Suriyadan çıxması fonunda Rusiyanın Orta Şərqdə daha da möhkəmlənməsi ilə yarana bilər.

Göründüyü kimi, “sonda Amerika qalib gələcək” tezisi həmişə öz təsdiqini tapmır. Bəzən hadisələr Amerikanın istəmədiyi məcraya da yönələ bilir. Gəldiyimiz nəticə onu deməyə əsas verir ki, bu gün regionda öz hegemoniyasını qurmaq üçün ABŞ-ın tarixi müttəfiqi Türkiyə ilə birgə hərəkət etməkdən başqa çarəsi yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün səsləndirdiyi “qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər” fikri da ABŞ-a sətiraltı bir çağırış kimi dəyərləndirilə bilər.

Ceyhun Əhmədli
AzVision.az üçün



Teqlər: ABI   Suriya   Orta-Şərq   Təhlil  





Xəbər lenti