AMEA-da struktur və kadr dəyişiklikləri olub

AMEA-da struktur və kadr dəyişiklikləri olub
  14 Mart 2018    Oxunub:2708
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
AzVision.az xəbər verir ki, iclasda Rəyasət Heyəti AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun “Riyaziyyatın bəzi müasir tətbiqləri” mövzusunda məruzəsini dinləyib müzakirə edərək tətbiqi riyaziyyat sahəsində araşdırmaların ölkədə prioritet elmi istiqamətlərdən biri olaraq qəbul edilməsinə dair qərar verilib. Həmçinin, bu istiqamətdə araşdırma aparan dünyanın aparıcı elmi mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, magistrant və doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsi, tətbiqi riyaziyyat sahəsində kadrların hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qərarının icrası ilə bağlı olub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, qarşıya qoyulan vəzifələri və müəyyən edilən prioritetləri rəhbər tutaraq ötən il Akademiya tərəfindən respublikamızda aparılan irimiqyaslı islahatların elmi bazanın möhkəmləndirilməsi, ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun qorunması və inkişaf etdirilməsi, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılması, sənayenin və kənd təsərrüfatının inkişafı prosesində elmin rolunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.

Sonra Rəyasət Heyəti məsələ ilə bağlı müakirə aparıb. İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın keçən Ümumi yığıncağının qərarının icrası ilə bağlı görülmüş işlər qənaətbəxş hesab edilib.

Gündəlikdə yer alan növbəti məsələ elmi tədqiqat proqramlarının respublika müsabiqəsinin nəticələri haqqında olub. Bildirilib ki, AMEA-da 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan edilib. Qeyd olunub ki, müsabiqəyə təqdim olunan elmi tədqiqat proqramlarının AMEA-nın müvafiq elmi bölmələri tərəfindən ekspertizası təşkil edilərək Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub.

İclasda tövsiyə olunan proqramların maliyyələşdirilməsi qərara alınıb. Sonra III Beynəlxalq Elm Festivalının keçirilməsi məsələsi müzakirə olunub. Tədbirin 09-30 oktyabr tarixlərində keçirilməsi məqsədəuyğun hesab edilib. Daha sonra AMEA-nın bir sıra beynəlxalq elmi layihələrdə iştirakı haqqında məsələyə baxılıb. İclasda Akademiyanın beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin akademik qurumları ilə əlaqələrindən danışılıb. Əməkdaşlıq çərçivəsində AMEA-nın İtaliya Milli Tədqiqat Şurası, Bolqarıstan Elmlər Akademiyası və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi ilə müştərək proqramlar üzrə 2018-2020-ci illər üçün layihə müsabiqələri elan etdiyi deyilib.

Rəyasət Heyəti AMEA və tərəfdaş təşkilatların müstəqil ekspertləri tərəfindən qiymətləndirilmiş yüksək göstəriciyə malik layihələri təsdiq edib. Bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə tapşırıq verib.

Rəyasət Heyəti AMEA və Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında sənədi də müzakirə edərək təsdiq edib. Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva bu ilin yanvarında hər iki qurum arasında beş il müddətinə Çərçivə Sazişi, Əməkdaşliq və Dissertasiya Maliyyələşdirilməsi haqqında Saziş imzalandığını xatırladıb. Qeyd edib ki, sözügedən sənədlərə əsasən Akademiya tərəfindən müəyyənləşdiriləcək elm sahələri üzrə doktorantların AMEA və Monpelye Universitetinin qeydiyyatından keçirələrək hər iki təşkilatdan elmi rəhbərlə təmin edilməsi planlaşdırılır. E.Əlirzayeva proqramda iştirak üçün hər il iki doktorantın AMEA və Monpelye Universitetinin alimlərindən ibarət komissiya tərəfindən seçiləcəyini deyib. Bildirib ki, doktorantlar təhsil müddətinin iki ilini Monpelye Universitetində və bir ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən PhD diplomlarına yiyələnmə haqqı qazanacaqlar.

Növbəti məsələ AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik etməsi və qarşıda duran vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılan birliyin fəaliyyətindən danışıb. Akademik Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstanın, 2017-ci ildə isə Türkiyə elmlər akademiyalarının sədrlik etdiyini xatırladaraq, birliyin qərarı ilə rəhbərliyin bu il AMEA-ya keçdiyini vurğulayıb. Vitse-prezident 2018-ci ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk Dünyası Muxtar Qurumlarının 100 illik yubileylərinə həsr olunan beynəlxalq elmi konfransın keçiriləcəyini də bildirib.

İclasda mərhum akademiklər Vahab Əliyev və Əlisöhbət Sumbatzadənin 110, Cəlal Əliyev və Vahid Hacıyevin 90 illik yubileylərinin qeyd olunması, həyat və yaradıcılığına həsr olunan tədbirlərin keçirilməsi qərara alınıb. Rəyasət Heyəti Azərbaycan Respublikasında dövlət quruculuğu proseslərinin, azərbaycançılıq idieologiyasının uğurla həyata keçirilməsində bu gün də şərəflə və məsuliyyətlə xidmət edən AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin ictimai elmlərin inkişafındakı fəaliyyətini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, alimin yubileyinə həsr olunan elmi sessiyanın keçirilməsi barədə qərar verib. Bundan əlavə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunun İnformasiya və tərcümə şöbəsi yaradılıb.

Sonda kadr məsələlərinə baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov isə həmin institutun elmi katibi vəzifəsinə təyin ediliblər.

AzVision.az


Teqlər: AMEA   İnstitut  





Xəbər lenti