8000-dən çox uşaq I sinfə qəbul edilib

8000-dən çox uşaq I sinfə qəbul edilib
  12 Mart 2018    Oxunub:2411
Martın 12-dən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən xəbərə görə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 12 mart 2018-ci il tarixindən 15 sentyabr 2018-ci il tarixədək həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.

Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

AzVision.az


Teqlər: Şagird   Gəncə   Abşeron  





Xəbər lenti