İmtahanda iştirak edə bilməyən tələbələrə güzəşt ediləcək

İmtahanda iştirak edə bilməyən tələbələrə güzəşt ediləcək
  11 Mart 2018    Oxunub:2448
Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunacaq. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmayacaq, yəni həmin fənn üzrə akademik borcu qalmış olacaq.

Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılacaq. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.

Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılcaq Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunacaq. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq.

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənim-sənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçiriləcək.

Dəyişikliyə görə, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdiriləcək.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   Dəyişiklik   İmtahan  





Xəbər lenti