184 dövlət əmlakı hərraca çıxarılır

184 dövlət əmlakı hərraca çıxarılır
  05 Mart 2018    Oxunub:1664
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AzVision.az-a verilən məlumata görə, 3 aprel tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-i isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Balakən, Şəmkir, Cəlilabad, Mingəçevir, Şəki və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şamaxı, Qusar, Ağcabədi və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən Mərdəkan restoranını misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxındır.

Bundan başqa Şəki istirahət zonası da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Adı çəkilən əmlak torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Həmin obyektin ümumi faydalı sahəsi 372 kv.m, torpaq sahəsi isə 10 min kv.m təşkil edir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 49-u paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Xızı, Tovuz, Lənkəran və digər rayon və şəhərlərdə yerləşir. Belə əmlakların sahəsi 13 kv.m ilə 1621 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixi 2002-2007-ci illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

AzVision.az


Teqlər: Əmlak-Komitəsi   Hərrac  





Xəbər lenti