Sığorta mübahisələri məhkəməsiz həll olunacaq

Sığorta mübahisələri məhkəməsiz həll olunacaq
  28 Fevral 2018    Oxunub:1802
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib.
ASA-dan AzVision.az-a verilən xəbərə görə, görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib.

ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən, strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş müzakirəyə çıxarılıb. Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması qərara alınıb.

Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari avto sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə ASA tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil olunmasına dair müvafiq qərar qəbul edilib.

AzVision.az



Teqlər: Sığorta   ASA  





Xəbər lenti