6 dövlət əmlakı özəlləşdirilib

6 dövlət əmlakı özəlləşdirilib
  20 Fevral 2018    Oxunub:1638
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Komitədən AzVision.az-a verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olub. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu və Mərdəkan rayonlarında yerləşir.

"Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 45,6 kv.m, Sabunçu rayonunda yerləşən 49 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Mərdəkanda olan 96 saylı mağaza da investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 324,6 kv.m təşkil edir. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır", - deyə məlumatda vurğulanıb.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan ikisi Bakının Suraxanı və Nəsimi rayonunda, digəri isə Şabran şəhərində yerləşir. Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 32 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Suraxanıda yerləşən ümumi faydalı sahəsi 40 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak isə “Gülşən Ətir” ASC-dir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Prosedurun sadə olması investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

Özəlləşmə sahəsində yenilik olan Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, təcrübə göstərir ki, özəlləşən müəssisələrə yüksək standartlara uyğun avadanlıq gətirməklə fəaliyyəti yenidən bərpa olunur. Həmin müəssisələr yeni iş yerlərinin açılmasına, müasir xidmətlərin göstərilməsinə, rəqabət qabiliyyətli məhsul istehsalına şərait yaradır. Həmçinin bölgələrin iqtisadi potensialının artmasına, dövlət və vətəndaş mənafelərinin təmin edilməsinə də müsbət təsirini göstərir.

Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.

Qeyd edək ki, ƏMDK tərəfindən növbəti hərrac fevralın 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşməyə çıxarılan 74 əmlaklardan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

AzVision.az


Teqlər: Hərrac   ƏMDK  





Xəbər lenti