Mərkəzi Bank nədən ehtiyat edir? – TƏHLİL

Mərkəzi Bank nədən ehtiyat edir? – TƏHLİL
  16 Fevral 2018    Oxunub:5686
Nəhayət, Mərkəzi Bank (AMB) uçot dərəcəsini endirdi. Ancaq təəssüf ki, cəmi 2%... Bir neçə gün bundan qabaq AMB İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 15%-dən 13%-ə endirilməsi çoxdan tələb olunurdu. Amma13%-dək deyil, daha aşağı səviyyəyədək...
AMB isə qeyd etdiyim kimi sözügedən addımı indiyədək atmamaqla yanaşı, real olaraq da 2%-dən artıq endirimə getmədi. Bu isə onu göstərir ki, adı çəkilən qurum mövcud makroiqtisadi vəziyyətdən hələ də kifayət qədər arxayın deyil. Bu da təbiidir.

Məsələ bundadır ki, neftin 2014-cü ildən bəri ucuzlaşması prosesindən adı çəkilən qurum az itirmədi. Manatın 2 dəfə inzibati yolla, sonra isə üzən məzənnə rejiminə buraxılması fonunda devalvasiyaya uğramasına rəğmən, sözügedən qurum 15 milyard dollardan çox rəsmi valyuta ehtiyatları həcmindən keçən ilin əvvəlinə 4 milyarddan da aşağı səviyyəyədək itki verdi.

Yaxşı ki, 2017-ci ildə bu tendensiya dayandı və əks proses başladı. Ancaq vəziyyətin əvvəlki nöqtəyə bərpa olunma məsələsi hələ uzaq üfüqdə də görünmür. Sözüm bunda deyil. Yəni, demək istədiyim budur ki, AMB-ni çox da qınamaq olmur.

Düzdür, uçot dərəcəsinə il ərzində baxılacaq. Və Mərkəzi Bankın sədri Elman Rüstəmov da deyib ki, uçot dərəcəsinin yenə azaldılacağı istisna deyil. Yeri gəlmişkən, faiz dəhlizinə dair parametrlərin sözügedən dəyişdirilməsi haqda qərar qəbul edilərkən AMB-in xarici və daxili mühitdə baş verən prosesləri nəzərə aldığı da bəyan edilib. Bəs, uçot dərəcəsi nədən 15 %-dək qaldırılmışdı? AMB-in bunda səbəb və məqsədi nədən ibarət olub?

Neftin dünya bazar qiymətlərinin 2014-cü ilin yayından etibarən ucuzlaşmağa başlanması ilə əlaqədar, ölkəyə valyuta axını azalmağa doğru istiqamət götürdü. Bu tendensiya nəticəsində valyuta mədaxili 3-4 dəfəyədək daraldı. Və beləliklə də ölkəyə dollar axının bir daha əvvəlki həcmdə olmayacağı və ümumiyyətlə, neftlə bağlı getdikcə daha da az təşkil edəcəyi aydın göründü.

Odur ki, çıxış yolu dövriyyədəki manat kütləsini ölkəyə daxil olan valyuta həcminə uyğunlaşdırmağa qalırdı. O səbəbdən ki, hər iki valyuta həcmi arasında tənzimlənə bilən bir balans yaratmaq münkün olsun. Bunun üçün isə AMB bir neçə yoldan və vasitədən istifadə edə bilərdi və etdi də...

Birincisi, valyuta mübadiləsi üzrə keçirilən məlum hərraclarda intervensiya yolu ilə iştirak edərək xarici valyuta satıb, izafi manat kütləsini götürmək. İkincisi, uçot dərəcəsini yüksəltməklə mərkəzi kredit vəsaitlərinin qiymətini yüksəltmək. Üçüncüsü isə, depozit hərracları keçirtmək vasitəsilə banklardan manat vəsaitini cəlb etmək.

Bu vasitələrin hamısından AMB istifadə etdi və bu gün də istifadə etməkdə davam edir. Belə ki, 2014-cü ildə AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi qeyd olunduğu kimi 15 milyard dollardan çox idi. Keçən ilin sonuna isə bu rəqəm qeyd etdiyim kimi 4 milyarddan da aşağı düşdü. Niyə? Çünki 11 milyard dollardan çox vəsait manatın dəyərini saxlamaq üçün getdi.

Uçot dərəcəsinə gəldikdə, AMB-in mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən bu göstərici 2010-cu ilin oktyabrın 31-dək 2, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, 2016-cı ilin fevralın 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilmişdi.

Yeri gəlmişkən, buna qədər 2008-ci ilin iyun ayının 8-də 15% olub.

Depozit hərracı haqda yazmalı olsaq isə, AMB-in dövriyyədən nəğd manat kütləsini yığışdırmaq məqsədilə bu sterilizasiya alətindən də geniş istifadə etdiyi yaxşı məlumdur və bu haqda da çox qeyd edilib. Ümumiyyətlə, adı çəkilən qurumun ölkədə çox sərt pul-kredit siyasəti yürütmək məlqsədilə bütün mümkün vasitələrdən yararlandığı bəlli məsələdir.

Ancaq hələ keçən ilin ortalarında yazdığım şərhdə qeyd etmişdim ki, iqtisadiyyatda sabitlik yarandıqca və bu sabitlik möhkəmləndikcə, sözügedən vəziyyət tədricən aradan qalxa bilər. Və bu da, ilkin olaraq AMB-in məhz uçot dərəcəsinin 15%-dən tədricən aşağı salınması ilə özünü göstərəcək. Sözügedən sabitlik artıq, keçən ilin əvvəlindən əldə olunub.

Ümumiyyətlə, iqtisadi aktivliyi kəmiyyət yumşaldılması ilə, yəni dövriyyəyə daha çox nəğd pul buraxmaq yolu ilə artırmaq düzgün olmazdı. Bu, mümkün də deyil. Pul tələb olunduğu halda dövriyyəyə buraxılmalıdır. Ona görə ki, əlavə əks təsirlər, məsələn, inflyasiya törənməsin. Yəni, tələb yaratmaq üçün dövriyyəyə buraxılmalı deyil.

Düzdür, bu gün də banklar kredit verə bilmirlər. Çünki əvvəla, banklarda kifayət qədər vəsait yoxdur, ikincisi də ölkədə normal kredit tələbi də mövcud deyil.

Sadəcə olaraq, indi vəziyyət fərqlidir. O baxımdan ki, əgər neftin qiymətiylə bağlı iqtisadiyyatda kritik dövrdə kimə ucuz manat vəsaiti təklif edilirdisə, dərhal alıb, fürsət düşən kimi dollara dəyişmək barədə düşünürdüsə, hazırda belə deyil.

Xarici valyutaya tələb yox dərəcəsindədir. Milli valyutanın dəyəri sabitdir – keçən il 4 % səviyyəsində möhkəmlənib. Bu, ölkədə dedollarizasiya prosesinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinə müsbət təsir göstərib. Odur ki, iqtisadi aktivliyi bərpa etmək üçün müvafiq dəstək göstərmək imkanı yaranıb.

Sual olunur ki, belə vəziyyətdən niyə istifadə edilməsin? AMB-nin cəmi 2%-lik uçot dərəcəsi endirimilə kredit vəsaitləri ucuzlaşa bilərmi? Sözsüz ki, yox. Əgər, cəmi 2% endirim ediləcəkdisə, bunu xeyli əvvəl də həyata keçirtmək olmazdımı? Çünki onsuz da bizdə kreditlər üzrə mərkəzi faiz, yəni, uçot dərəcəsi kommersiya bankların təklif etdikləri kreditlərin qiymətlərinə demək olar, təsir etmir. Hansı ki, bu, əvvəlki dövrlərdə də belə idi, indi də... Üstəlik, hazırda ölkədə kreditlərə tələbat da minimum səviyyədədir. Hələ bununla belə, faiz dərəcələri aşağı düşmür.


Pərviz Heydərov
AzVision.az üçün





Teqlər: #Mərkəzi-Bank   #Faiz-dərəcələri  





Xəbər lenti