Azərbaycan müxalifətinin 3 növü və bir səhvi – TƏHLİL

Azərbaycan müxalifətinin 3 növü və bir səhvi – TƏHLİL
  14 Fevral 2018    Oxunub:11432
Azərbaycan müxalifətinin durumu seçki öncəsi öz acınacaqlı vəziyyəti ilə göz önündədir. Özlərini hakimiyyətə müxalifət adlandıran qüvvələr səhvləri üzərində düşünmək əvəzinə bütün günahları iqtidarın üstünə atmağa çalışırlar.
Müxalifəti şərti olaraq radikal, “mühacir”, dini virtual, kəsimlərə ayırmaq olar. Radikal müxalifət seçkiləri boykot etdiyini açıqlayıb. Bu, dərsini bilməyən şagirdin onsuz da kəsiləcəyini anladığı üçün bəhanə ilə imtahandan yayınmasına oxşayır.

25 ildir hakimiyyət eşqi ilə alışıb-yanan bu insanlar ortaya bir konseptual yanaşma qoymayıblar və indi də hər şeydə hakimiyyəti günahlandırırlar. Hətta bu ehtiras artıq onlarda bir natamamlıq kompleksi və nəticədə aqressiya da yaradıb və onlar qarğış, söyüş, bayatı, ağı demə kimi şifahi xalq ədəbiyyatına üz tutublar.

Bu hallar xüsusilə virtual məkanda özünü göstərir. Onlar opponentləri təhqir edir, hakimiyyətə gələcəkləri təqdirdə indiki iqtidarın tərəfdarlarını “Azadlıq” meydanında dar ağacından asacaqları ilə hədələyirlər. Bəs hanı demokratiya, söz azadlığı, əks fikrə dözümlülük?! Bu arzu mənə 1956-cı ildəki Macarıstanı xatırladır. Küçələrə çıxan başıpozuq kütlə dövlət işçilərini edam edir, ağaclardan asırdılar. Azərbaycandakı radikalların da hakimiyyətə gələcəkləri təqdirdə ilk məqsədləri qisas almaq, onlar kimi düşünməyən insanları edam etməkdir. Siyasi proseslərə orta əsr barbarlıq ənənələri ilə yanaşma və inkvizisiya metodlarını tətbiq etmə arzusu bu qismin əsas vizit kartıdır.

Dini müxalifətin mövqeləri isə zəifləyib və onlar hazırda müəyyən qədər radikallarla birləşiblər. Mühacirətdə olan müxaliflər isə daha romantikdirlər. Müxtəlif rəngdə gülləri özlərinə simvol seçərək, gah sosial şəbəkələrdə lətifələr danışmaqla özlərinə tərəfdar kütləsi toplamağa çalışır, məzhəkə axşamları baş tutmadıqda isə feysbukdakı dostlarını prezidentliyə namizədlərə hörmət edəcəkləri və ya səs verəcəkləri təqdirdə dostluqdan qovmaqla hədələyirlər.

Qaçqın bölgəsindən olan birisi isə maşında gedə-gedə ağzına gələn mənasız söhbətlər etməklə özünü ağıllı göstərir, ona tamaşa edənlər isə sual vermirlər ki, bəs hakimiyyətə qarşı belə canfəşanlıq edirsənsə, 1 milyon qaçqının problemini niyə qaçıb sığındığın Avropada qaldırmırsan?!
Digər bir “mühacir müxalif” azərbaycanlıları yaltaq və məddah adlandıraraq, təhqir edir, sonra da prezident olmaq iddiasını bildirir.

25 ildə heç bir qələbəsi olmayan müxalifətin mövcudluq haqqını itirməsi aydındır. Çünki mübarizədə yalnız güclülər qalib gəlir, zəiflər isə məhv olurlar. Onların yerinə yeni, ciddi və real müxalifət yetişməlidir. Çünki hakimiyyət heç kəsə qızıl məcməyidə gətirilib verilmir, onu qazanmaq potensialı daha çox olana nəsib olur.

İqtidarın borcu hakimiyyəti əldə saxlamağa çalışmaq, müxalifətin məqsədi onu sivil yollarla ələ almaqdır. Müxalifət hakimiyyəti iqtidardan əl çəkməməkdə ittiham edə bilməz. Çünki dünya tarixində heç bir iqtidar bunu etməyib və etməməlidir də. Müxalifət hakimiyyətə sahiblənmək üçün isə ilk növbədə xalqın dəstəyini qazanmalı, onun iradəsini ifadə edən qüvvə olduğunu sübut etməlidir. Yalnız bu halda hakimiyyətə iddiası olduğunu göstərə bilər.

Əgər bu hallar yoxdursa, günahı hakimiyyətdə axtarmaq və onu iqtidardan əl çəkməməkdə təqsirləndirmək cəfəng və cahil yanaşmadır. Əgər bir hakimiyyət bütün xarici və daxili təhdidlərə baxmayaraq, 25 il iqtidarda qalmağı bacarıbsa və bir müxalifət xarici dəstəyə rəğmən, hələ də hakimiyyətə gələ bilməyibsə, bunun səbəbini kənarda axtarmaq lazım deyil. Brüssel və Vaşinqtondakı pul verən güc mərkəzləri isə bu halda heç nə edə bilməzlər. Çünki “pul verən musiqini də sifariş edir” misalı burda keçmir.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Müxalifət   #Seçki   #Təhlil  





Xəbər lenti