Dövlət qulluğuna qeydiyyat başa çatıb

Dövlət qulluğuna qeydiyyat başa çatıb
  12 Fevral 2018    Oxunub:2071
Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 11 yanvar 2018-ci il tarixində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub. Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.

Dövlət orqanları arasında təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Tarif (qiymət) Şurasının Katibliyi (11), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (9.94), Maliyyə Nazirliyi (8.67), Təhsil Nazirliyi (8.5) və İqtisadiyyat Nazirliyində (8.06) olan vəzifələr üzrədir.

77 dövlət orqanından 31-də (40.26%) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib. Namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri DİM-in internet portalında elan ediləcək. Elan olunmuş müsahibələrdə müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.

Artıq sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər bu müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə biləcəklər.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti