Nazirlik 519 vakant yer üçün müsahibə elan edib

Nazirlik 519 vakant yer üçün müsahibə elan edib
  07 Fevral 2018    Oxunub:1986
Dövlət İmtahan Mərkəzi (DİM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Təqdim edilmiş vakant vəzifələr nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan (BB qrupu) vəzifələrdir. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat martın 8-dək davam edəcək.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət forması” vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və martın 8-i saat 18:00-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirak müraciət etməlidir.

Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak üçün qeydə alınmır.

Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim olunmuş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandıqda namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar mərkəz tərəfindən qəbul olunur və namizədə bu barədə üç iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə DİM-in portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq mümkündür.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınmaqla vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyənləşdirilir:

• struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

• vəzifə təlimatlarında vəzifə üzrə müəyyənləşdirilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

AzVision.az


Teqlər: DİM   ƏƏSMN  





Xəbər lenti