Şagirdlər arasında sınaq qiymətləndirmələri aparılır

Şagirdlər arasında sınaq qiymətləndirmələri aparılır
  01 Fevral 2018    Oxunub:2449
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında sınaq qiymətləndirmələri təşkil edilir.
Təhsil İnstitutundan AzVision.az-a verilən məlumata görə, qiymətləndirmələrin təşkilində əsas məqsəd müxtəlif sinif şagirdlərinin ayrı-ayrı fənlər üzrə hazırlıq səviyyəsinin kənar və obyektiv qiymətləndirmə vasitəsi ilə ölçülməsi, valideyn, müəllim və məktəb rəhbərliyinin şagirdlərin real biliyi barədə ətraflı və dolğun məlumatla təmin edilməsindən ibarətdir. Bu qiymətləndirmə şagird və abituriyentlər üçün psixoloji cəhətdən imtahan həyəcanı və qorxusunu dəf etmək, uğur qazanmağa kömək etmək məqsədi daşıyır.

Təhsil Texnologiyaları Mərkəzi tərəfindən mərkəzləşmiş şəkildə keçirilən qiymətləndirmələrdə istifadə olunan sual və tapşırıqların tədris proqramına uyğunluğu, testologiyanın bütün tələblərinə əməl edilməklə yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlanması, obyektiv, ölçmə gücünə malik olması, yoxlama prosesində şəffaflığın tam təmin edilməsi əsas məqsədlərdəndir.

Qiymətləndirmələr müxtəlif siniflər və fənlər üzrə təşkil edilir. İştirak etmək istəyən şagirdlər könüllülük əsasında, valideynin razılığı ilə www.ttm.edu.az saytında qeydiyyatdan keçərək online ödəniş etməklə seçdikləri imtahan mərkəzində imtahana yazıla bilərlər.

Bir aydır fəaliyyət göstərməsinə baxmayaraq 16 400-dən çox istifadəçinin qeydiyyatdan keçdiyi saytdan şagirdlər imtahan nəticələrini öz şəxsi kodlarını yazmaqla öyrənirlər.

AzVision.az


Teqlər: Təhsil-İnstitutu  





Xəbər lenti