Akademik: “Alqı-satqı” sözü elmi cəhətdən səhvdir

Akademik: “Alqı-satqı” sözü elmi cəhətdən səhvdir
  16 Yanvar 2018    Oxunub:4860
Orfoqrafiya qaydaları ilə bağlı ictimaiyyətə təqdim olunan layihə barədə elmi əsaslara söykənən təkliflər qəbul ediləcək.

Bu barədə AzVision.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib.
AMEA rəsmisi qeyd edib ki, işin mahiyyəti ilə tanış olmayanlar belə layihənin müzakirəsində iştirak edir və düzgün olmayan fikirlər səsləndirirlər: “Kimsə yazır ki, bütün qoşa samitli sözləri dəyişdirəcəyik. Ancaq elə deyil, biz qoşa samitli sözlərdən yalnız iki “yy” olanı demişik. Bu dəyişiklik hər bir sözə aid deyil, yalnız “iyyat”, “iyyət”, “iyyə” şəkilçili qoşa samitli sözlərinə nəzərdə tutumuşuq. Qeyri-peşəkar insanlar özlərini göstərmək üçün layihənin müzakirəsinə qoşulur. Bəziləri heç layihə ilə tanış deyillər. Həm də bu layihədir, müzakirələr zamanı ağlabatan, elmi fikirləri mütləq nəzərə alacağıq. Onları bir də müzakirə edib, yenidən orta məxrəcə gələcəyik”.

M.Nağısoylu bəzi sözlərin səsləndiyi kimi yazılmasına da aydınlıq gətirib. “Məsələn, alğı-satqı sözü 1975 və 2004-cü illərdə çıxan lüğətlərdə “alğı” şəklindədir. 2013-cü ildə çıxan lüğətdə isə “alqı” kimi yazılıb. Hesab edirəm ki, bu elmi cəhətdən səhvdir. Çünki orta məktəbdə öyrədirlər ki, söz cingiltili sammitlə bitəndə ona qoşulan şəkilçi cingiltili olur. Məsələn, alğı, çalğı. Söz kar samiti ilə bitəndə ona qoşulan şəkilçi “q” olur. Bu, elmi qaydadır. Bu qaydadan kənara çıxmaq elmi cəhətdən səhvdir. Bu qaydaların biz hər birini elmi mütəxəssislərlə müzakirə etmişik”, - deyə direktor əlavə edib.

Qeyd edək ki, bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti