Bir gündə 3 diplomatik qələbə - Brüssel Sammitinin nəticələri

Bir gündə 3 diplomatik qələbə - Brüssel Sammitinin nəticələri
  25 Noyabr 2017    Oxunub:21420
Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti başa çatdı və yekun sənəd - Birgə Bəyannamə qəbul edildi. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi.
Bəyannamənin Azərbaycan üçün əhəmiyyəti nədir?

Politoloq Sahil İskəndərov AzVision.az-a bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ortaya qoyduğu mövqe Avropa İttifaqının Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində keçirilən növbəti sammitin həm yekun bəyannaməsində, həm də ölkə başçısının Brüsselə səfəri zamanı əldə olunan nəticələrdə özünü əks etdirir:

“Sammitə bir neçə gün qalmış yekun bəyannamədə hansı ifadələrin işlədilməsi ilə bağlı fikir müxtəlifliyi var idi. Bu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə özünü göstərirdi. Azərbaycan tərəfinin qətiyyətli mövqeyi budan ibarət idi ki, bəyannamədə mütləq dövlətlərin ərazi bütövlü prinsipi və BMT-nin qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi əksini tapsın. Ermənistan tərəfi dövlətlərin ərazi bütövlü prinsipinin bəyannaməyə salınmamasına çalışırdı. İddia edirdilər ki, bu, Ermənistanın mövqeyinə ziddir. Amma, bütün bunlara baxmayaraq, yekun bəyannamədə dövlətlərin ərazi bütövlüyü prinsipinin öz əksini tapması Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə məğlubiyyətidir. Hesab edirəm ki, bu məsələdə Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri böyük rol oynayıb”.



S.İskəndərov qeyd edib ki, digər maraqlı bir məqam Avropa İttifaqının şirkətlərə Dağlıq Qarabağla bağlı xəbərdarlığıdır:

“Ötən gün Avropa İttifaqı şirkətlərə Dağlıq Qarabağda fəaliyyət göstərməmələri ilə bağlı xəbərdarlıq edib. Əgər xarici şirkətlər Dağlıq Qarabağda fəaliyyət göstərsələr, buna görə onlara iqtisadi sanksiya tətbiq oluna bilər. Bu, böyük qələbədir. İndiyə qədər Avropa İttifaqının Azərbaycan qanunvericiliyinə zidd olaraq Dağlıq Qarabağda fəaliyyət göstərən şirkətlərə qarşı belə sərt yanaşmasını görməmişdik. Hesab edirəm ki, bu, günün ikinci böyük qələbəsidir. Əslində bu məsələ Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər edən avropalı deputatlara da xəbərdarlıqdır”.



Politoloqun sözlərinə görə, üçüncü mühüm məqam ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tseretelinin mövqeyidir: “Zirvə sammitindən sonra ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Ukrayna, Gürcüstan, Moldova, Azərbaycanda münaqişələrlə bağlı məsələlərə toxunub, bildirib ki, həmin münaqişlərin müzakirəsi ortaya qoyulanda mütləq ərqazilərin işğalı faktoru ortaya qoyulmalı, müzakirə olunmalıdır. ATƏT PA prezidentinin dilindən belə bir bəyanatın verilməsi, Şərq Tərəfdaşlığı sammitində üçüncü diplomatik qələbədir. İndiyə qədər heç bir ATƏT PA prezidenti belə bir bəyanatla çıxış etməyib”.

İskəndərov hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin sammitdə çıxış etməsi, diqqəti konkret olaraq Azərbaycanın Avropaya inteqrasiyasına yönəltməsi ölkəmiz üçün müsbət bəhrəsini verəcək:

“Qeyd etdiyim üç böyük diplomatik qələbə prezident İlham Əliyevin bundan əvvəlki Brüssel səfəri zamanı Avropa İttifaqı qarşısında konkret şərtlər qoymasının nəticəsidir. Brüsseldə Azərbaycanın ancaq öz maraqları çərçivəsində ikitərəfli müqavilələrə imza atacağını, ümumilikdə Avropaya inteqrasiya etməsinin qaçılmaz olduğunu anlayırlar. Ona görə də Avropa İttifaqı Azərbaycanla münasibətdə öz addımlarını cilalamağa məcburdur”, - deyə S.İskəndərov vurğulayıb.



Millət vəkili Hikmət Babaoğlu isə hesab edir ki, Birgə Bəyannəmənin qəbul edilməsini milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik:

“Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu sənəd isə 2016-cı ildə üzv dövlətlərin ortaq rəyi əsasında formalaşan strategiyadır və çox mühüm əhəmiyyət kəsb edir. Hələ 2016–cı il iyunun 20-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerin Brüsseldə keçiriləcək Sammitdə strategiyanı rəsmən Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinə təqdim edərək strategiya ilə bağlı yazdığı müqəddimədə bildirmişdi ki, Avropa İttifaqının məqsədi, hətta mövcudluğu şübhə altındadır. Ancaq vətəndaşlarımıza və dünyaya indi əvvəllər olmadığı qədər güclü Avropa İttifaqı lazımdır. Bu, hətta Böyük Britaniyadakı referendumdan sonra da aktualdır. Bizə həqiqətən Avropa İttifaqının necə fəaliyyət göstərdiyinə yenidən baxmaq lazımdır. Ancaq biz gözəl bilirik ki, nə üçün fəaliyyət göstəririk, prinsiplərimiz, maraqlarımız və prioritetlərimiz nədir.



Qeyri-müəyyənliyə zaman yoxdur, Avropa İttifaqına strategiya lazımdır. Bizə ümumi baxış və birgə fəaliyyət lazımdır. O dövrdə bu fikirlərin səsləndirilməsini zəruri edən beynəlxalq şərtlər var idi. Çünki Böyük Britaniya Avropa İttifaqını artıq tərk etmək üzrə idi və bu hadisə İttifaqın nəinki genişlənməsini hətta mövcudluğunu belə təhlükə altında qoyurdu. Vəziyyət olduqca mürəkkəb idi. Artıq elə vəziyyət yaranmışdı ki, Birləşmiş Krallığın başçılığı ilə Millətlər Birliyi, Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı, İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi dünya geosiyasətində fərqli maraqları önə çəkirdi. Beləliklə, Avropa İttifaqının ortaq xarici siyasətinin formalaşdırılması və uzlaşdırılması müşkül məsələyə çevrilirdi”.

H.Babaoğlunun fikrincə, Aİ-yə daxil olan ölkələrin hər biri daha çox müstəqil siyasət yürütmək, milli maraqlarını daha çox irəli çəkməklə yeni dünya düzəninin formalaşmasında daha çox söz sahibi olmağa çalışırdılar. Bu isə beynəlxalq hüququn və onun əsas prinsiplərindən biri kimi qəbul edilmiş, dövlətlərin ərazi bütövlüyü məsələsində fikir ayrılıqlarına səbəb olurdu.



“Ancaq buna baxmayaraq, nəhayət 2016-cı ildə Aİ xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiya müəyyənləşdirə bildi. Strategiyada qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də Şərq Tərəfdaşlığı ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Aİ daxilində, həm də Aİ sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Göründüyü kimi, məhz bu strategiyada öz əksini tapan prinsiplər Azərbaycanın da maraqlarına cavab verir və İttifaq ilə əməkdaşlığımızda başlıca prinsip kimi çıxış edir. Biz bilirik ki, Azərbaycan hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq etsə də münasibətlər irəliləyib keyfiyyətcə yeni fazaya daxil olmurdu. Çünki Azərbaycan Aİ tərəfindən ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasını tələb edirdi.



Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyi sayəsində Aİ-nin 2017–ci il 24 noyabr tarixli Birgə Bəyannaməsində bu prinsiplər öz əksini tapdı. Hər şeydən əvvəl bunu milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik. Eyni zamanda, əminliklə deyə bilərik ki, qarşıdakı aylarda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq əməkdaşlıq sazişində də artıq bu mühüm məsələ öz əksini tapacaq. Bu isə bir daha Ermənistanın Aİ üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gələcək. Beləliklə, Azərbaycan Avropa İttifaqını elan etdiyi təhlükəsizlik prinsiplərinə sadiq qalmağa və işğalçı Ermənistana təzyiq etməklə işğal faktına son qoymağa dəvət edə biləcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Brüssel   Sammit   Azərbaycan  





Xəbər lenti