Aqrar sahənin inkişafı qiymətlərdən asılıdır – TƏHLİL

Aqrar sahənin inkişafı qiymətlərdən asılıdır – TƏHLİL
  23 Noyabr 2017    Oxunub:5805
İqtisadiyyatın inkişafında qeyri-neft sektoru prioritet seçildiyi gündən sənaye ilə kənd təsərrüfatı aparıcı sahələr elan olunub. Odur ki, bu sahələrdə artım hazırda daha çox diqqəti cəlb edir.
2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,7, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6, qeyri-ərzaq mallarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb. Statistika Komitəsinin məlumatına görə, oktyabr ayı ərzində sentyabra nisbətən istehlak məhsulları ilə xidmətlərin qiymətləri 1,1, ərzaq məhsulları 2,3, qeyri-ərzaq 0,3, əhaliyə göstərilən pullu xidmətlər isə 0,2% səviyyəsində artım nümayiş etdirib.

Göründüyü kimi, ən çox ərzaq məhsulları bahalaşıb. Çünki yay mövsümünün sonundan bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, heç də yaxşı hal deyil. Çünki istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Bu da, ölkəmizdə qeyri-neft sektoru hələ yetərincə inkişaf etmədiyindən bizim üçün daha böyük çətinliklər yaradır.

Deməli, kənd təsərrüfatının inkişafı, yəni bu sahədə məhsul istehsalı artımı sənayedən də əvvəl baş verməlidir və bu məsələ nəzarətdə saxlanılmalıdır. Bu mənada, indiyədək bölgələrdə zavod və fabriklərin tikilib açılması nə qədərə zəruri və vacib xarakter daşıyırdısa, regionların iqtisadiyyatında əsas gəlir mənbəyini aqrar məhsulların istehsalı və tədarükünün təşkil etməli olduğu indi özünü daha açıq şəkildə büruzə verir. Mərkəzdən maliyyələşdirilməsi səviyyəsi də məhz bunun sayəsində minimuma enməlidir.

Başqa sözlə desəm, dövlət əvvəlkitək sosial xarakterli infrastrukturların qayğısına qala bilər, amma digər sahələri maliyyələşdirmədə iştirak etməməlidir. Bunu zəruri edən digər amil də ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxın hissəsinin məhz aqrar istehsala məxsus sahələrdə, yəni regionlarda məskunlaşması təşkil edir.
Bəs, real vəziyyət necədir?

Düzdür, kənd təsərrüfatı sahəsində məhsul istehsalında artım var. 2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 milyard manat təşkil edib ki, onun da 2 milyard 929,1 milyon manatı heyvandarlıq, 2 milyard 850,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsulları isə 5,3% artıb.

Ümumiyyətlə, Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatının inkişafına müntəzəm olaraq çox böyük vəsait ayrılır və investisiyalar yönəldilir. Ölkədə əksər kənd təsərrüfatı məhsullarının satışı üçün çox geniş imkanlar mövcuddur: Hamısı ixrac yönümlü məhsullardır, onların satışı üçün bazarlar axtarmağa ehtiyac yoxdur və bu, olduqca üstün cəhətdir. Odur ki, dövlət getdikcə hər şeyi öz üzərinə götürür və tezliklə ölkənin aqrar sektorunda çox böyük sıçrayış əldə etmək istənilir.

Yeri gəlmişkən, bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı ixracından 396 milyon dollar əldə etmişik ki, ilin sonunadək bu rəqəmin 550 milyon dollar səviyyəsində olacağı gözlənilir. Ümumiyyətlə, 2018-2021-ci illərdə ölkədə ümumən qeyri-neft sektorunun orta hesabla 7,3% artacağı proqnozlaşdırılır ki, bunun daxilində gələn il aqrar sektor üzrə 6,2%, növbəti 3 ildəsə orta hesabla 6% yüksəliş olacağı proqnozlaşdırılır.

Bir sözlə, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş tədbirlər nəticəsində də bu sektorun inkişafı üçün əlverişli şərait yaranıb.

Ancaq bir məsələ var. Azərbaycanda aqrar sahədə islahatlar hələ 90-cı illərdən başlanıb və bu gün də davam etdirilir. Bununla belə, ölkədə bu islahatlar heç də kompleks nəticələr və irəliləyiş əldə etməyə imkan yaratmayıb. Yəni sözügedən sahədə birtərəfli inkişaf əldə olunub, bəzi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı isə dayanıb. Düzdür, indi həmin sahələr bərpa olunur. Amma necə təəssüf ki, bu sahədə problem var.

Məsələn, əvvəlki şərhlərimizin birində yazmışdıq ki, keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Ölkəyə 105 milyon dollar valyuta gətirib. Bu, Şimal-Qərb rayonlarının kənd camaatını çox sevindirmişdi. Çünki bir ara qiymətlər kiloya 7-8 manata qədər qalxmışdı. Ümumiyyətlə, bu ilin birinci yarımili ərzində 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağları salınır, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq və sair. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldursa, bu rəqəm 20 min nəfərə çatacaq.

Rəsmi olaraq da deyildi ki, keçənilki 7-8 manat aşağı qiymətdir. Çünki xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur. Ancaq çox maraqlıdır ki, bu ilsə kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmadı. Əhali məyus qaldı...

Sual olunur, niyə? Bu və ya digər gəlir gətirən sahəyə dəstək göstərilməsi tələb olunanda nədən əhalinin, yəni fərdi istehsalçı və tədarükçülərin iqtisadi maddi maraqları məngənəyə düşsün ki? Bax, bu cür məsələlər həllini tapmalldır. Yəni, aqrar sahədə stimullaşdırıcı xarakter daşıyan siyasətdə qiymət amili, maddi maraqların qorunması prinsipləri mütləq təmin olunmalıdır. Çünki bazar iqtisadiyyatı şəraitində hər şey qiymətlərdən asılıdır. Bütün növ qiymətlərdən.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Kənd-təsərrüfatı   #İqtisadiyyat  





Xəbər lenti