Büdcə niyə və nəyin hesabına artırılır? – TƏHLİL

Büdcə niyə və nəyin hesabına artırılır? – TƏHLİL
  26 İyun 2017    Oxunub:5459
Cari ilin dövlət büdcəsinə nədən və hansı səbəblərdən yenidən baxılacağı artıq deyilib. Bu haqda ilk dəfə məlumat yayılarkən isə sual etmişdim ki, buna ehtiyac varmı?! Şəxsən hesab edirdim, yox! Bəli, neftin qiyməti büdcədə 40 ABŞ dollarından götürüldüyündən, ilin birinci yarısında artıq gəlir əldə edilib. Belə ki, dünya bazarlarında neftin ilin ilk 5 ayı ərzində qiyməti 50 dollardan yuxarı olub. Amma buna görə büdcəyə yenidən baxmağa ehtiyac yox idi. Üstəlik, neftin dünya bazar qiymətləri yenidən oynamağa başlayıb. Belə məqamda isə dövlət büdcəsinin gəlir və xərclərini artırmağa ümumiyyətlə, dəyməz.
Yeri gəlmişkən, bu haqda hələ keçən ilin sentyabrında yazdığım şərhdə qeyd etmişdim ki, yaxşı olardı, hər cür riskdən uzaq olmaq və bütövlükdə ili tam rahat başa vurmaq üçün 2017-ci ilin dövlət büdcəsində neft 40 dollardan aşağı götürülsün. Büdcəyə keçən ilki kimi "tələm-tələsik" dəyişiklik etmək məcburiyyəti qarşısında qalmaq istəmiriksə bu, daha düzgün və sığortalı variantdır. Odur ki, keçən ilki 25 dollardan fərqli olaraq, cari ilin dövlət büdcəsinfə neftiin fiksə olunan qiymətinin 30 dollar nəzərdə tutulmasını daha məqbul variant sayırdım.

Ancaq, büdcəyə edilməsi nəzərdə tutulan dəyişikliklər neftlə əlaqədar deyil. Səbəblər başqadır.

Xatırladım ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16.255.000 min manat, xərcləri isə 16.900.000 min manat təsdiqlənib. Geriyə baxanda demək olar, hər il dövlət büdcəsinə ilin ortasında yenidən baxıldığını görərik. Lakin bu, əksər hallarda neftin qiymətinin yüksək olması üzündən irəli gəlmiş və bilavasitə, Dövlət Neft Fondundan (SOFAZ) nəzərdə tutulan müvafiq transfert məbləğinin artırılması ilə müşahidə edilib.

Keçən il büdcəyə ilk dəfə ilin 2-ci ayında – fevralda baxıldı. Belə ki, ölkədə əvvəlki ildə məlum devalvasiyalarla bağlı yaranmış çətin iqtisadi situasiya ilə əlaqədar, sosial istiqamətdə bir sıra artımlara getmək məcburiyyəti yarandı ki, bu məsələ SOFAZ-dan əlavə olaraq 2 milyard manat da cəlb etməklə yoluna qoyuldu.

Amma keçən il fevralda dövlət büdcəsinə yenidən baxılarkən neftin fiksə olunan qiyməti də aşağı, yəni 25 dollara salındı. Bu da il ərzində xarici təzyiqlərdən sığottalanmağa imkan yaratdı. Bu dəfəki dəyişikliklərdə isə neftin qiymətinə toxunulmayacaq. Əsas fərqlilikdən biri də məhz bundan ibarətdir. Bəs, səbəb nədir?!

Təkrar edirəm, dövlət büdcəsinə nədən və hansı səbəblərdən baxılacağı deyilib. Lakin bunları ümumiləşdirmək lazımdır. Bu yerdə Prezident İlham Əliyevin 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdiyi bir fikri yada salmaq istərdim. Həmin iclasda ölkə başçısı bəyan etdi ki, keçən il iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. Ölkədə 43 bank var idisə, bir-bir sıradan çıxmağa başladı: 11 bank bağlandı. "Bank Standart" kimi bir kommersiya bankı əvvəl sağlamlaşdırılmaq istənilsə də, sonradan lisenziyası alındı.

Halbuki, sözügedən bank sistem əhəmiyyətli bank idi. Əhalinin depozitlərinin ən çox yerləşdirildiyi 2-ci bank məhz bu bank idi. "Standart"ın sağlamlaşdırılması üçün 15 milyon manat ayrıldı. Əhalinin isə burada qorunan əmanətləri 460 milyon manat təşkil etdiyindən bu, az idi. İkincisi də lap tutaq ki, bu vəsait bankın hansısa bir dərdinə yarıya idi, iqtisadiyyatda aktivlik dərəcəsi aşağı səviyyədə olduğundan və kredit verilə bilmədiyindən o, belədə necə normal vəziyyətə qayıda bilərdi ki?!

Beynəlxalq Bankla (ABB) əlaqədar vəziyyət isə dövləti lap ağır yük altına girməyə məcbur etdi. ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdiriıməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqda 15 iyul 2015-ci il tarixli Prezident Fərmanına uyğun olaraq, ABB-ni sağlam vəziyyətə gətirməyi dövlət öz üzərinə götürdü. Və beləliklə də birinci mərhələdə, yəni 2015-2016-cı illərdə bankın 10 milyard manatlıq toksik aktivi "Aqrarkredit" təşkilatına ötürülməklə yanaşı, xarici kreditorlar qarşısında 3 milyard ABŞ dollarından çox məbləğdə borcun da qurumun balansından çıxarılaraq dövlətin öhdəsinə keçirilməsi işlərinə başlandı.

İş ondadır ki, bank sektorunda mövcud olan bu problemlər həll olunmamış qalır. Yəni, yuxarıda sadalanan proseslər davam edir. Sadəcə olaraq, ümumi iqtisadi atmosferdə nisbətən sabitlik yarandığından sektorda böhranlı vəziyyət "kəskinliyini və şiddətini" hiss olunacaq dərəcədə azaltmış sayılır.

Bunları nəyə görə qeyd edirik?!

Cari ilin dövlət büdcəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərin bir nömrəli səbəbi məhz ölkənin bank sektorunda mövcud situasiya və bilavasitə ABB ilə bağlı xaricə olan öhdəliklər ilə bağlı məsələdir... Elə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində də deyilir: bank-maliyyə sistemində dayanıqlılıq yaratmaq, ölkənin xarici və daxili borc öhdəliklərini tənzimləmək və digər zəruri dövlət vəzifələrini icra etmək məqsədilə 2017-ci ilin dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb.

Təkcə bir faktı qeyd edim ki, yenidən baxılma nəticəsində ABB-ni sağlamlaşdırma tədbirləri çərçivəsində onun xaricilərə olan 2 383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçmiş borcunu ödəməq məqsədilə avrobondlar emissiyası üçün xarici dövlət borclanmasının yuxarı həddi 500 milyondan 4 milyard manat artırılaraq 4,5 milyarda çatdırılacaq.

Xatırladım ki, 2017-ci ilin dövlət büdcəsi üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard, xarici dövlət borclanmasının yuxarı həddisə 500 milyon manat təsdiqlənmişdi. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddisə 10 milyard manat təsdiq olunmuşdu.

Dövlət büdcəsinə dəyişikliklər nəticəsində həmçinin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərini 100 % ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması məqsədilə Fondun nizamnamə kapitalı 546 milyon manat məbləğində artırılacaq. Söhbət, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin əmanətlərinin ödənişindən gedir.

Düzdür, cari ilin dövlət büdcəsinə dəyişikliklərin başqa səbəbləri də var. Belə ki, yenidən baxılacaq dövlət büdcəsində sosialyönümlü xərc bölmələrinə aid elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün əlavə olaraq 155,4 milyon manat (3% çox), əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhali ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon, respublikanın şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının (14 rayon və şəhər üzrə 20 yeni tikilmiş uşaq bağçaları) istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68 milyon manat vəsait yönəltmək nəzərdə tutulur. Lakin əsas səbəb məhz yuxarıda sadaladıqlarımdan ibarətdir...

Ümumiyyətlə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 511 milyon manat, xərcləri isə 1 milyard manatdan bir az çox artırılacaq ki, bu da uyğun olaraq təsdiq ediləndən 3,1 və 6,2 % çoxdur. Beləliklə də, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri 16 766 milyon manat, xərcləri isə 17 941 milyon manat təşkil edəcək.

Burada ən müsbət cəhət məhz ondan ibarətdir ki, SOFAZ-dan nəzərdə tutulan transfert məbləği (6 milyard 100 milyon manat) artırılmayacaq. Düzdür, bunun müqabilində dəyişikliklər nəticəsində büdcə kəsiri artacaq, amma artırılacaq xərclərin maliyyələşdirilməsində Mərkəzi Bankın 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmadan, Vergi Məcəlləsinə edilən məlum dəyişikliklərdən irəli gələn tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması və beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində ölkəmizin iştirak payından formalaşan gəlirlər üzrə proqnozlaşdırılan daxilolmalardan, büdcə təşkilatlarının büdcədən əlavə gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən və o cümlədən 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunacağının nəzərdə tutulması, Fondan transfertin artırılmasından daha məqbul variantdır.

Xatırladım ki, cari ilin dövlət büdcəsində kəsirin yuxarı həddi 645 000,0 min manat məbləğində təsdiq edilmişdi. Sözügedən dəyişikliklərdən sonra isə bu məbləğ 530 milyon manat və ya 82,2 % artırılaraq 1 175 milyon manat səviyyəsində təşkil edəcək.

Sözün qısası, bu dəfə büdcə xərcləri neft pulları hesabına artırılmayacaq. Kəsir yüksəlsə də belə... Ancaq, əhali və iqtisadiyyatımız üçün çox vacib məsələlər həllini tapacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Büdcə   #Neft   #İqtisadiyyat  





Xəbər lenti