Almodovarın qadınları

Almodovarın qadınları
  27 Avqust 2013    Oxunub:1714
Cavid Təvəkkül

I ETÜD
Bulvar yay kafesi.O masaların birinin arxasında əyləşib, qarşısındakı tərli pivə bakalına baxırdı. Bakalın içindəki köpüklərin yuxarı-aşağı, nizamsız hərəkətini müşahidə edirdi. 36 yaşı vardı,yazıçıydı. Saatına baxdı,siqaret yandırdı və onun gəldiyini gördü. Xəfif külək onun sarı saçlarını filmlərdə olduğu kimi dalğavari yellədirdi. Uzun, qıvrım saçları havada yelləndikcə əyninə geyindiyi enli, güllü sarafanı sevgi bayrağı tək dalğalanır və yüngül meh onun yalnız alt paltarının bilindiyi incə, kövrək bədənini oxşayırdı. O baxışları ilə qlamur sarı saçın gəlişini seyr edir, aşiqliyi gözlərindən oxunurdu və ürəyində “Mən səni sevirəm” deyə təkrarlayırdı.

Sarı saç gəlib onun masasında, düz yanında əyləşib sözə başladı.

-Nə olub ? Biz ki,danışmışdıq...

-Vaxtında gəldin, qorxurdum gecikərsən... Nə istəyirsən, nə deyim gətirsin..?

-Pivə

O kənarda dayanmış ofisianta işarəylə daha bir pivə gətirməsini söylədi.

-Nədir? Nə məsələdi? Mən səni başa düşürəm, amma sənə demişdim axı, biz bir yerdə ola bilmərik, mənim səndən zəhləm gedir, indi bura gəlməyimin də səbəbi sənə bir yazıçı kimi hörmət etməyimdi, vəssəlam...

Sarı saç bu sözləri bir nəfəsə dedi. O isə məyuss halda başını aşağı saldı. Ofisiant bir bakal pivəni gətirib sarı saçın qabağına qoydu. Sarı saç pivədən bir qurtum içib, ağzına bir-iki çipsi qoyub özündən razı halda ona baxdı. O, başını qaldırıb sarı saçın ona baxdığını gördü.

-Başqa bir məsələ üçün çağırmışam səni

-Sən hər dəfə belə deyirsən,amma... -, sarı saç onun sözünü yarımçıq kəsdi - Hər dəfə gələndə də sənin sevgi etiraflarından və boş-boş danışıqlarından başqa heç nə eşitmirəm. Axi biz danışdıq ki, səni sevmirəm və biz heç vaxt bir yerdə ola bilmərik.

Sarı saç pivəsindən içir və davam edir :

- Mən dəfələrlə sənə şans verdim, dəfələrlə özümə dedim ki,b əlkə mən səhv edirəm, bəlkə nə vaxtsa səni sevə bildim. Amma alınmadı. Sən dəyişən deyilsən. Mən səninlə bir yerdə ola bilmərəm, dözə bilmərəm sənə.

-Dayan,eşit məni. Buna görə çağırmamışam səni. - O saata baxır- İndi bura bir qız gələcək, mən onu şəxsən tanımıram, internetdən tanımışam,o isə məni çoxdan tanıdığını, məni sevdiyini deyir. Biz hətta bir dəfə görüşmüşük də.

-Lap yaxşı...Bundan mənə nə..?

- Mən ona evli olduğumu demişəm, sənin şəklini göndərib demişəm həyat yoldaşımdır,o da inanmadı.

-Sən dəlisən..? – sarı saç əsəbləşdi

-Əsəbləşmə, dayan... O hələ gəncdi, mən onu sındırmaq istəmirəm. Allah eləməsin özünə qəsd eliyər, başına bir iş gələr. Məndən xahiş elədi ki,həyat yoldaşınızla görüşmək istəyirəm, istəyirəm üçümüz oturaq,sizə deyiləsi sözüm var. Mən yalanımın faş olmağını istəmədim. Fikirləşdim ki, biz ona həyatı başa sala bilərik, ikimiz. Rica edirəm bir neçə dəqiqəlik oynuyaq bu oyunu...Bu gənc qıza görə...Axı sən sevginin nə olduğunu bilirsən...O indilərdə gəlməlidi...

Sarı saç bir az sakitləşdi, fikrə getdi. Bir az sonra dilləndi :

-Mən indi sənin arvadın rolunu oynamalıyam..?

Araya süküt çökdü. Birdən gənc qız onların başının üstündə dayandı. O başını qaldırıb qızı gördü və ayağa qalxdı, onlar görüşdülər. Gənc qız sarı saçın yanında əyləşdi.

-Mənim həyat yoldaşım,tanış olun. Bu da sənə dediyim həmin o gənc xanım.

O sarı saaçın gözlərinin içinə baxdı…Sarı saç peşəkar aktrisalar kimi öz rolunun öhdəsindən gəldi.

-Nəsə istəyirsən, nə deyim ? – O, gənc qıza müraciət etdi.

- Yox heç nə istəmirəm, mən beş dəqiqəlik gəlmişəm...- Gənc qız dərindən nəfəs aldı...- Gəlmişəm sizə deyim ki,daha doğrusu xanımınıza…

Sarı saç gənc qızın gözlərinin içinə baxdı.

-Mən sizin həyat yoldaşınızı sevirəm və həmişə də sevəcəm...- Gənc qız bunu qətiyyətlə dedi və sonra başını aşağı saldı-Mən onu əsərlərindən sevdim, mən onun qəmli, əzablı gözlərini sevdim.Yazılarından sevdim yazılarında gördüyüm o ruhu sevdim. Biz cəmi bir dəfə görüşmüşük, aramızda da yüngül bir öpüşdən başqa heç nə olmayıb,amma mən hər gecə yuxularımda onunla sevişirəm. Siz deyə bilərsiniz ki,bu gənclikdi, ötüb keçəcək. Amma mən belə düşünmürəm. Sevgim uğrunda mübarizə aparmaq fikrim də yoxdu,dəlilikdirsə qoy, olsun...Adətən qadınlar sevdiklərini əldə etmək, əldə saxlamaq üçün bütün vasitələrə əl atırlar,amma mən belə istəmirəm. Əgər onun ruhu daim sizin yanınızda olacaqsa...O sizi çox sevir, xanım.O bunu mənə uzun gecələrdə internetdə yazışdığımız vaxtlarda deyib. O mənə sizi sevdiyini sübut edib, siz xoşbəxtsiniz...Mənim sevimli yazıçım, mən sizi həmişə sevəcəm, ailə qurduğum insanla da yataqda sizinlə olduğumu düşünərək olacam. Xəyalən sizi yaradacam yanımda, onunla məsləhətləşəcəm,onunla dərdlərimi, sevincimi bölüşəcəm. Xanım əfəndi, sevin onu, çox sevin, o buna layiqdir. Onun gözlərinin içinə baxın və dərinliklərə gedin...

Araya sükut çökdü. Üçü də başını aşağı salıb susdular...

-Dünən gecədən hazırlaşmışdım, hətta yazmışdım da nə deyəcəyimi amma hamısı yadımdan çıxdı. - Gənc qızın dodaqlarında təbəssüm yarandı... - Xanım bağışlayın məni, xahiş edirəm bağışlayın...Mən gedim... Bu yaxınlarda bəlkə toyum da oldu, sizi dəvət edə bilərəm..?
Onlar dillənmədi. O və sarı saç.

Gənc qız ayağa qalxıb sağollaşmadan sakitcə və heç nə olmamış kimi getdi,o getdikcə onun qara və uzun saçları havada yellənirdi.Filimlərdə olduğu kimi…

II ETÜD

Onlar ikisi əl-ələ tutub, yüksəkdən danışıb gülərək şəhərin mərkəzi küçələri ilə irəliləyirdilər. Dünya-aləm veclərinə deyildi. İkisinin də qeyri-adi görkəmi, geyimlərindəki qışqıran rənglər, saç düzümlərindəki son dəb ətrafdakıları onlara baxmağa məcbur edirdi. Ətrafdakıların onlara baxmağına əhəmiyyət vermirdilər, su üstündə uçan qu quşu kimi süzürdülər, çox sürətli yeriyirdilər. Ətrafdakılar onlara baxıb ürəklərində nə deyirdilər onu bir Allah bilir, amma ürəyindəkiləri dilə gətirənlər də olurdu. Kimi gülürdü, kimi söyürdü bu cütlüyə. Axı bizimkilər mavilərə hələ tam öyrəşməyiblər…

Və birdən arxadan bir qadın səsi onları saxladı.

-Samir...Samir...Samir...

Onlar dayandılar. Qara saç mavi çevrilib arxaya baxdı. Əvvəlcə tanımadı, sonradan xatırladı. Bu onun ilk sevgisi idi, yeniyetməlik və gənclik illərinin, lap məktəb vaxtlarından başlayan və uğursuz bitən sevgisi...
İkisi də hamilə qadına yaxınlaşdı. Onlar öpüşüb görüşdülər.Hiss olundu ki, hamilə qadınla qara saç mavi bu görüşə çox şad idilər.

- Salam. Necəsən ? Ay Allah, bəbən də var...- deyə qara saç mavi qadının qarnına işarə edərək dilləndi...- Gör neçə illərdir görmürəm səni...

-On il...Çox dəyişmisən, çox...- Hamilə qadın üzündə sevgi və təbəssüm dilləndi. Nə işlə məşğulsan,haralardasan..? Həmişəki kimi çox dəbli geyinmisən. Evlənmisən ?..

- Qanunu gözləyirik, çıxan kimi evlənəciyik...- , sarı saç mavi özünü saxlaya bilmədi.

Hamilə qadın deyəsən vəziyyəti indi başa düşdü və məyyus oldu,gözlərindəki sevinc işığı qəflətən söndü.

-Mən Nuradan səni soruşmuşdum, o demişdi ki, sən Moskvadasan...-deyə qara saç mövzunu dəyişmək istədi,o hamilə qadının pərt olduğunu hiss etmişdi...- Mən gözəllik salonunda işləyirəm, nə vaxt istəsən gəl...Nə vaxt gəlir balacan ?

Qara saç mavi əlini hamilə qadının qarnına qoydu.Hamilə qadın onun əlindən tutdu və öz üzünə sığal çəkdi. İndi hamilə qadın onun əlini öz üzündə hiss edəndə bir anlıq keçmişi xatırladı. Onların gecələr boş şəhərdə gəzişdikləri günlər düşdü yadına ,sevgi haqda uzun-uzadı söhbətləri,ilk öpüşləri, ilk yataqlarını xatırladı...”Həyat...” deyə düşündü...

-Mən də səni çox axtardım, dedilər İstanbula getmisən...-hamilə qadın qara saçın gözlərinin içinə baxdı...- O axırıncı gecəni heç unutmamışam...

-Onlar hamısı keçmişdi, gözəlim, keçmiş...

- Gedək, tələsirik axı...-Sarı saç ədayla dilləndi.

-Elə bilirsən mən səni unutmuşam? Mən belə olsun istəmirdim, hamısı sənin üzündən oldu. Əlvida...

Qara saç əyilib hamilə qadının yanağından öpdü...

Hamilə qadının gözləri yaşarmışdı, o, ağlayırdı. Ətrafadakılar təəccüblə ona baxırdılar, o isə keçmişdə olanları xatırlayırdı, onu ilk sevgisindən necə ayırdıqlarını... Düzdür, o bunu sonralar mərhum qardaşından eşitmişdi. Qardaşı bunu danışanda hələ sağ idi,o isə ərli qadın... Samiri dostlarıyla təhqir edən,bacıma bir də yaxınlaşma deyən qardaşı və dostları sonra onu zorlamışdılar da...Bizdə belə şeylər olur axı... Zavvalılar...

III ETÜD

Çörək sexi gecə smenini dəyişirdi. Qara saç, çəlimsiz,amma keçmiş gözəlliyini az da olsa özündə saxlamış orta yaşlı bir qadın küçəylə gedirdi. İsti çörəyin ətri əlindəki salafan paketin içindən ətrafa yayılırdı. Küçənin işıq dirəklərindən yağan işıq qadının əzab əzziyyətli gözlərini göstərdikcə onun tərcümeyi-halını açıq alnından asanlıqla oxumaq olur. İndi o, evinə apardığı iki isti,təndirdən yeni çıxmış çörəklə çox xoşbəxt görünürdü...

Elə bu vaxt ona bahalı bir avtomobil yaxınlaşır, avtomobilin arxa pəncərəsindən sarı saçlı bir qadın onu salamlayır.

-Axşamın xeyir, gəl əyləş aparım səni. Bir-iki kəlmə sözüm var sənə...
Qara saçlı qadın heç nə başa düşmür:

-Siz kimsiniz axı?..

-Gəl, gəl yaxından tanış olaq, artıq vaxtdır...

Qara saç qadın əlacsız bahalı maşına əyləşir. Sürücü xanımın işarəsiylə maşından düşür. Sarı saç qadın çox kübar və özünü illərin sərtliyindən qorumuş ədası ilə :

-Gəl tanışı olaq, mən sənin ərinin məşuqəsiyəm...- Sarı saç qadın cəsarətlə dillənir...- Düzdür onun cəsarəti çatmaz arvad saxlamağa,mən onu saxlayıram, geyindirirəm, kecindirirəm, ailəlikcə yığışıb kəndə, xeyrə-şərə getdiyiniz maşını da mən almışam ona,yaşadığınız üçotaqlı evin pulu da mənimdir. Yoxsa, elə bilirdin çilingər çox qazanır?..Düz 18 ildir ki, biz bir yerdəyik, amma bu 18 ildə mən onu səndən ayıra bilmədim. İndi də istədim lap yaxından baxam sənə...Görüm sən necəsən axı?.. Yox, o, çox şişirdir, adi rayon qadınısan də...Çox şad oldum səni belə yaxından görməyimə. Sən soruşmamış qoy mən deyim niyə səninlə görüşmək istədiyimi. Mən sabah gedirəm buralardan və o hara getdiyimi bilməyəcək. Elə axırda səni görmək istədim. Daha onun gecə növbələri olmayacaq, daha sabah təcili təhvil veriləsi işləri olmayacaq. Rahat ol, qoru onu, bu qədər...

Sarı saç qadın kübarcasına bir siqaret yandırır. Qara saç ona heç baxmadan qapını açıb maşından düşür. Sürücü onun maşından çıxdığını görüb cəld hərəkətlə sükan arxasına keçir və maşın yerindən tərpənir. Qara saç qadın gedən maşının arxasınca belə baxmır. Qəfildən küçədə işıqlar sönür, bu qaranlıqda qadının əzab-əziyyətli gözlərini görə bilməsək də isti, təndirdən yeni çıxmış iki çörəyin ətri hələ də duyulur... Maşında gedən sarı saç xanım bir anlıq bu ətri hiss edir, nədənsə qəzəblənir və ağlayır.

EPİLOQ

Gənc qız yataqxanadakı otağında komyüter arxasında əyləşib yazıçıdan gələn ismarıclara baxır. O yazılanları heç oxumur da. Kompüteri söndürüb yatağına uzanır və bərkdən ağlamağa başlayır.

Hamilə qadın köhnə fotoşəkillərə baxıb keçmiş günləri xatırlayır. Qara saçın hələ kişi olan vaxtlarını... Hamilə qadın qəzəbindən fotoşəkilləri cırmağa başlayır. Fotoları cırır və ağlayır...

Qara saç çəlimsiz qadın mətbəxdə qabları yuyur. Əri mətbəxə girir və qadın cəld onun boynuna atılır. Onu bərk-bərk qucaqlayıb ağlamağa başlayır. Onu dayanmadan öpür və ağlayır...






Teqlər:





Xəbər lenti