Yeni devalvasiya olmayacaq – TƏHLİL

Yeni devalvasiya olmayacaq – TƏHLİL
  22 Dekabr 2016    Oxunub:31534
Dekabrın 21-də manatın 2-ci dəfə devalvasiyaya uğramasından düz 1 il vaxt keçdi. Xatırladım ki, keçən il, 2015-ci ildə manat 2 dəfə - birincisi, sözügedən ilin fevral ayının 21-də 34%, ikincisi isə dekabrın 21-də 47% səviyyəsində olmaqla sərt devalvasiyaya uğradı. 2-ci devalvasiya nəticəsində 1 ABŞ dolları 1 manat 55 qəpik edildi.

2-ci devalvasiyaya səbəb o idi ki, Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları tükənmişdi, neftin dünya qiymətləri düşməkdə davam edirdi, ölkədən valyuta ixracı idxalı üstələməyə başlamışdı, valyuta bazarında ABŞ dollarına və digər xarici valyutalara sürətlə artmaqda olan tələb ödənilmirdi, üstəlik, qonşu, xüsusən də tərəfdaş ölkələrdə milli valyutalar dəyərsizləşdirilirdi.

Ona görə də manat növbəti dəfə də ucuzlaşdırılaraq dəyəri "üzən məzənnə" rejiminə əsasən tənzimlənməyə keçirilməli idi ki, bu da edildi. Bu isə o demək idi ki, manatın məzənnəsi göstərilən tarixdən valyuta bazarında tələb və təklifin nisbəti əsasında müəyyən edilməli və AMB kursu tənzimləmək məqsədilə intervensiyanı məhdudlaşdırmalı idi.

Qeyd edim ki, AMB-nin həmin vaxt rəsmi valyuta ehtiyatları 5 milyard dollar həcmində idi. Hazırda isə ötən il ərzində 1 milyard da tükənərək 4 milyard dollara, başqa sözlə desəm, “döşəmə” həddinə düşüb. Yəni, adı çəkilən qurum ehtiyatlarını ölkənin iqtisadi təhlükəsizliyi baxımdan artıq, bundan da aşağı sala bilməz. Odur ki, valyuta bazarında hərraclara təklif funksiyanı son 1 il ərzində Dövlət Neft Fondu həyata keçirməli oldu. Bu qurumun isə dövlət büdcəsi qarşısında müvafiq öhdəliyə uyğun olaraq bəlli bir çərçivədə imkanları olduğundan, lazım olandan artıq valyuta çıxarıb satmaq gücü yoxdur.

Bu günə olan məzənnə ilə dollar 1 manat 75 qəpiyə bərabərdir. Söhbət AMB-nin müəyyən etdiyi məzənnədən gedir. Ancaq hər halda, "qara bazar" deyilən yerdə də məzənnə bundan çox yüksəkdə deyil. Başqa sözlə, 2 manata hələ çatmayıb.

Ümumiyyətlə, son 1 il ərzində əldə olunan nəticə aşağıdakılardan ibarətdir:

1) Manat son 1 il ərzində yumşaq devalvasiya siyasəti nəticəsində olduqca normal hesab ediləcək bir tempdə, yəni cəmi 13 % səviyyəsində ucuzlaşıb;

2) Yumşaq devalvasiya siyasətinin AMB-nin rəsmi valyuta ehtiyatlarının əvvəlki sürətlə əriməsi qarşısını almaq üçün effektli olduğu sübuta yetib;

3) Daxili valyuta bazarında təklif edən tərəfin demək olar ki, təkcə Neft Fondu olmasına, xarici valyutaya - dollara tələbi olanların isə çoxluğuna baxmayaraq, manatın dəyəri üçün gözlənildiyindən az problem yaranıb;

4) Manatın dəyərinin ölkəmizin hələ ki əsas ixrac məhsulu sayılan neftin dünya bazar qiymətlərinin təxminən, 45 dollar ətrafında olmasına adaptasiya prosesi artıq, demək olar, tam başa çatıb;

5) Yaxın perespektivdə tam üzən məzənnə rejiminə keçmək mümkün sayılmasa da, bilavasitə ixracı yüksəltmək vasitəsilə deyil, təkcə ən zəruri istehlak məhsulları üzrə idxaldan asılılığı sıfıra endirməklə orta perespektivdə bu mexanizmin tətbiqi artıq, real görünməkdədir;

6) Bu il ərzində manata bütün növ təzyiqlərin ümumi nəticəsi onu göstərdi ki, bəzilərinin söylədiklərinin əksinə olaraq, hökumətin tutduğu real kurs davam etdirilərsə, milli valyutanın “hədsiz” ucuzlaşması riski yoxdur. Hətta 1 dollara nəzərən heç 3 azn-dək də ucuzlaşmayacaq.

Sözün qısası, yenidən devalvasiya gözləməyinə dəyməz.

Lakin, manat da bizlərdən az şeylər gözləmir. Ən azı, ona öz milli valyutamız olduğu üçün etibar etməliyik. Bu günün diqtəsi məhz bundan ibarətdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti