Geosiyasi qətl: Səfirin öldürülməsi Suriyadakı prosesləri hara yönəldə bilər? – TƏHLİL

Geosiyasi qətl: Səfirin öldürülməsi Suriyadakı prosesləri hara yönəldə bilər? – TƏHLİL
  21 Dekabr 2016    Oxunub:10348
Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir, ayrı-ayrı qüvvələrin gizli məqsədlərinin olması barədə ehtimallar irəli sürülür. Səfirin qətlinin əsil səbəbi, bəlkə də, heç bir zaman açılmayacaq. Ancaq əminliklə demək olar ki, diplomatın qətli geosiyasi qüvvələrin Yaxın Şərq, daha dəqiq desək, Suriya ətrafında kəskinləşən maraqları ilə bağlıdır və Karlov heç də təsadüfi olaraq hədəf seçilməyib.

Məsələdə diqqəti çəkən əsas məqamlardan biri Rusiya və Türkiyənin hadisə ilə bağlı dərhal razılaşdırılmış mövqe sərgiləmələridir. Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin bəyanat verərək səfirə qarşı sui-qəsdin Ankara ilə Rusiyanın dostluğuna və Suriyadakı tənzimləmə prosesinə zərbə vurmaq məqsədilə təşkil olunduğunu, buna cavab olaraq terrorla mübarizənin gücləndiriləcəyini bildirdi. Rusiya və Türkiyə xarici siyasət idarələri də oxşar bəyanatlarla çıxış ediblər. Türkiyə ərazisində, təhlükəsizliyinə Türkiyə dövləti cavabdeh olan Rusiyanın səfiri Türkiyə vətəndaşı tərəfindən qətlə yetirilir və hadisədən dərhal sonra hər iki ölkə razılaşdırılmış şəkildə əməkdaşlıq ruhunda bəyanatlar səsləndirirlər. Müqayisə üçün, 2015-ci ildə Rusiyanın SU-24 təyyarəsinin vurulması hadisəsi ilə bağlı prezident Putinin bəyanatını xatırlamaq olar. Putin həmin vaxt birmənalı şəkildə Türkiyəni terrorizmə dəstəktə günahlandırmışdı.

Şübhəsiz ki, Rusiya ilə Türkiyənin Suriya cəbhəsində dostluğu Qərb koalisiyasının mövqeyini zəiflədir və Yaxın Şərqın nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi hesab olunan Suriyanın bütövlükdə Qərbin nəzarətinə keçməsini çətinləşdirir. Türkiyənin Rusiya-İran cəbhəsinə qoşulması Barak Obama dövründə Yaxın Şərqdə qurulan oyunun qaydalarının dəyişməsi anlamına gəlir. Ənəvəvi olaraq Səudiyyə Ərəbistanının da daxil olduğu və Bəşər Əsədin devrilməsini arzulayan sünni cəbhəsində olan Türkiyə, bu dəfə Rusiya və İranın yer aldığı və Əsədin hakimiyyətdə qalmasını istəyən şiə cəbhəsinə qoşulur.

Təbii ki, həm Rusiya, həm də Türkiyənin Yaxın Şərqlə bağlı öz maraqları var və regionda vəziyyətin gərginləşdirilməsi ABŞ-ın ilin əvvəlində səlahiyyətlərini icra etməyə başlayacaq prezidenti ilə alverə hazırlıq kimi qiymətləndirilə bilər. Rusiya, yaxud Türkiyə Suriyada hər nə qədər möhkəmlənsə, bir o qədər onların hər ikisinin, yaxud birinin oradan çıxarılması, yada, Türkiyənin yenidən sünni koalisiyasına qaytarılması Tramp üçün baha başa oturacaq.

Türkiyə ilə Rusiyanın işbirliyi digər qüvvələrə əl vermədiyi üçün iki ölkənin barışmasında rolu olan Karlovun aradan götürülməsi onların maraqlarına cavab verə bilər. 1927-ci ildən bu yana ilk dəfə olaraq Rusiyanın xaricdəki səfiri qətlə yetirilsə də, qeyd etmək yerinə düşər ki, Karlov heç də Moskvanın Suriya cəbhəsində qurban verdiyi yeganə yüksək ranqlı məmuru deyil. Hələ 2010-cu ildə, “Ərəb baharı”nın Suriyaya ayaq açması ərəfəsində, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Yuri İvanov Suriyanın Latakiya şəhərində müammalı şəkildə dənizdə boğularaq ölmüşdü. İsrailin “DebkaFile” agentliyi həmin vaxt yazırdı ki, Bəşər Əsəd də Latakiyada idi və tərəflər arasında danışıqlar aparılırdı. Qeyd edək ki, generalın cəsədi Türkiyə sahillərindən tapılmışdı.

2016-cı ilin yanvar ayında Rusiya Baş kəşfiyyat idarəsinin rəisi general-polkovnik İqor Serqun Livanda müammalı şəkildə ölmüşdü. Bu barədə Stratfor agentliyi məlumat yaymışdı. Rusiyanın warfiles.ru portalı Londondakı mənbələrinə istinadən yazırdı ki, Serqun Suriyada Ukraynada olduğu kimi hibrid müharibənin təşkilinə çalışır, bu isə Türkiyənin maraqlarına zidd olduğu üçün məhz Türkiyənin xüsusi xidmət orqanları tərəfindən aradan götürülmüşdü. Qeyd edək ki, Serqun Rusiyanın Krımın ilhaqı ilə nəticələnən gizli əməliyyatına rəhbərlik etmiş şəxs idi.

Rusiya, Türkiyə və İran hər nə qədər vahid mövqe göstərməyə çalışsalar da, prinsipial nöqtədə onların maraqları kəsişmir. Söhbət Bəşər Əsədin gələcək taleyindən gedir. Görünən odur ki, bu üçlük razılaşdırılmış şəkildə Suriyada öz maraqlarına uyğun hərbi əməliyyatları həyata keçirirlər.

Rusiya ilə İran Hələbi ələ keçirməyə çalışırkən, Türkiyə öz sərhədboyu Suriya ərazilərinə nəzarəti təmin etməyə çalışır. Əsəd üçün ən təhlükəli məqam da, ondan ibarətdir ki, məhz prinsipial məsələdə bu üçlük arasında razılıq əldə olunsun.

Məsələn İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin hadisənin ertəsi günü baş tutan görüşündə Suriya ilə bağlı razılaşdırılmış siyasi fiqur ortaya çıxa bilərdi. Hər bir halda, tərəflər bu məslədə razılığa gələrlərsə, bu fiqurun Bəşər Əsəd olmayacağı dəqiqdir. Məhz bu səbəbdən SU-24 hadisəsindən sonra Rusiya ilə Türkiyənin barışmasında rol alan Karlovun öldürülməsi bu məsələni yubada bilərdi. Əsəd bu yolla bir tərəfdən Türkiyənin Rusiya ilə dostluğuna kölgə salır, digər tərəfdən isə əməkdaşlıq planının aparıcı mütəxəssislərindən birini ortadan götürməklə hadisələri yubatmağa və bununla da vaxt udmağa çalışa bilər.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti