İspaniyalı qonaqlar Gəncədə

  28 Noyabr 2016    Oxunub : 1442
İspaniyalı qonaqlar Gəncədə
İspaniyadan olan qonaqlar Gəncə şəhərinin gəzməli görməli yerləri ilə tanış olublar.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar. Şəhərin baş meydanı ilə tanışlıq və xatirə şəkilləri çəkdirildikdən sonra qonaqlar Gəncə şəhər 30 nömrəli orta məktəbə yollanıblar.

Məktəbdə 1936-1939-cu illərdə fəaliyyət göstərən 20 nömrəli təyyarəçilik məktəbinin ispan kursantları və təlimçilərinin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimi olub. Muzeydə yaradılan şərait ispaniyalı hümayəndə heyəti tərəfindən qürür hissi yaradıb.

Tarix elimləri doktoru Həsənbala Sadiqov muzeyin açılışı zamanı cıxışında bildirib ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi dövründə ikinci respublikaya qarşı Franko rejimi mübarizə aparırıdı. İspaniya təyyarəçiləri, topçuları və dənizçilərinin sayının azlığı ikinci höküməti müdafiə edən SSRİ höküməti öz ərazisində olan aviasiya məktəbində müqavilə əsasında təyyarəçilərin hazırlanması qəraraını qəbul edib. Bunun nəticəsində Gəncədə 20 nömrəli hərbi hava təyyarəçilik məktəbi fəaliyyətə başladı.

Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, muzeydə ispan təyyarəçilərinin geyimləri, təlimlər zamanı çəkilən fotoşəkilləri, təlimdə istifadə edilən təyyarələrin maketi və mühərriklərinin parçaları, ispan təyyarəçiləri ilə bağlı məlumatlar saxlanılır.

İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Mata Piyer muzeydə yaradılan şəraitdən məmnun qaldıqlarını bildirərək muzeyə ispan təyyarəçiləri haqda məlumatlar əks olunmuş sənədlər təqdim edib. Muzeydə yaxınlarının fotoşəkillərini görənlər göz yaşlarını saxlaya bilməyərək yaxınlarına verilən dəyərə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

Barselona şəhərindəki Aviapilotlar Asossasiyasını təmsil edən Marqarita Vadi Mendiyeta bildirib ki, onun qaynatası 1937-38-ci illərdə bu məktəbdə 5 aylıq kurs keçib və ilk təlimə cəlb edilənlərdən olub. İspaniyalı qonaq göstərilən qonaqpərvərliyə və ispan təyyarəçilərinin xatirəsinin bu şəkildə qorunmasına görə fərəh hissi keçirdiyini bildirib. Axan göz yaşlarını sevinc göz yaşları adlandırıb.
Karmen Oxanqura Sarausa isə əmisi Monoel Sarausanın muzeydə şəkillərini görərək qürur hissi keçirdiyini bildirib. Gəncəyə ilk səfəri olduğunu qeyd edən xanım hiss etdiklərini ifadə etməyə çətinlik çəksə də keçirdiyi hislərin onu çox xoşbəxt etdiyini dilə gətirib.

Qonaqlar “Fəxri Xiyaban”da İspan təyyarəçilərinin məzarlarını ziyarət ediblər. Memorialın qarşısına Gəncə şəhər İcra Hakimiyyəti adından əklil qoyulub. Hərbi orkestrin ifasında İspaniya və Azərbaycan Respublikalarının Dövlət Himni səsləndirilib. Mərasim iştirakçıları tərəfindən 19 nəfər ispan təyyarəçilərinin məzarı ziyarət edilib.

Təyyarəçi Lauryano Flamerikin oğlu Antonio Flamerik vurğulayıb ki, onun atası 1937-ci ildə Gəncəyə ilk gələn müdavimlərdən olub. Bildirib ki, atası 6 ay ərzində ən böyük arzusuna çataraq məhz bu şəhərdə təyyarəçi kimi yetişib. Ölkə dəyərlərini qorumaq və səmada olmaq arzusunu da Gəncədə gerçəkləşdirib.

Daha sonra qonaqlar və mərasim iştirakçıları “Azərbaycan Səmasında” sənədli filmini izləmək üçün bir araya gəliblər. Filmin nümayişindən öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev geniş nitq ilə çıxış edib. İcra Başçısı bildirib ki, 2017-ci ildə Gəncə şəhəri ilə İspaniyanı möhkəm tellərlə bir birinə bağlayan təyyarəçilik məktəbinin yaranmasının 80 ili tamam olacaq. Gəncə hərbi təyyarəçilik məktəbinin 5 buraxılışı olub və həmin məktəbin yetirmələri böyük vətən müharibəsi illərində döyüşdə əsl qəhrəmanlıq nümayiş etdiriblər.

Elmar Vəliyev bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə gələcəkdə də İspaniya ilə geniş əlaqələr quraraq bir çox sahələrdə hərtərəfli inkişafa təkan verəcək. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Mata Piyerə dünya şöhrətli söz ustadı Nizami Gəncəvinin “XƏMSƏ”sini, şairə Məhsəti Gəncəvinin rübailəri olan kitab və digər xatirə hədiyyələrini təqdim edib.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə və göstərdiyi hərtərəfli dəstəyə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıq bildirib. Bildirib ki, İspaniya və Aərbaycan dostluğu tarixi dostluqdur. İspan təyyarəçiləri Böyük Vətən müharibəsi illərində Aazərbaycan neftinin qorunmasında xüsusi rol oynayıb. Bu vacib iş onlara həvalə edilib. Azərbaycanlı qəhrəman Mehdi Hüseynzadə İspaniyanın işğaldan azad olunmasında xüsusi fərqlənib. O dövürdə təyyarəçi Züleyxa Seyidməmmədovanın qəhrəmanlığı da əcdadlarımızın birgə mübarizəsinin bariz nümunəsidir.

İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Mata Piyer qeyd edib ki, bu onun Gəncəyə ikinci səfəridir: "Muzeylə bağlı təəssüratları çox böyükdür. Sanki hələ yuxudayıq və bu yuxudan ayılandan sonra biz anlayacıq ki, burada baş verənlər nə qədər əhəmiyyətli məsələdir. Gəncə əhalisi, Azərbaycan xalqı bizim əcdadlarımızın xatirəsini qoruyur. Bu həmin xalqın böyüklüyünün göstəricisidir."

Çıxışından sonra Akilino Mata Piyer icra başçısı Elmar Vəliyevə İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının xatirə lövhəsini təqdim edib. “Azərbaycan səmasında” sənədli filminin nümayişi ilə tədbir başa çatıb.

AzVision.az

Teqlər: