Putinin Bakı səfəri erməniləri təşvişə salıb

Putinin Bakı səfəri erməniləri təşvişə salıb
  14 Avqust 2013    Oxunub:1361
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Ermənistan siyasətində narahatlığa səbəb olub.
AzVision.az xəbər verir ki, həm Ermənistan hökuməti, həm də müxalifət dairələri hesab edir ki, Ermənistanın strateji müttəfiqi hesab edilən ölkə rəhbərinin düşmən dövlətinə səfəri Ermənistan üçün təhlükə yarada bilər. Ermənistanın Respublika partiyasının nümayəndəsi, parlament komissiyasının xarici əlaqələr üzrə sədri Artak Zakaryan “Azatutyun” radiosuna müsahibəsində Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına yönəlmiş səfəri “narahatlığa səbəb olan səfər” kimi qiymətləndirib.

“Bizimlə düşmən ölkə ilə istənilən ikitərəfli münasibətlər bizi narahat etməlidir. Çünki bu münasibətlərdə tərəflərdən biri Azərbaycandır” - Artak Zakaryan qeyd edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Rusiyanın mövqeyi dəyişməyəcək.

Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinin Bakıya səfərinin bəzi təfərrüatlarını açıqlayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi daxil olmaqla, İlham Əliyev ilə Vladimir Putin danışıqlar zamanı regional və beynəlxalq siyasətin əsas mövzularını müzakirə edəcək.

Ermənistan müxalifət dairəsində əsas narahatlığa səbəb olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesidir. “Erməni Milli Konqresi” müxalifət partiyasının üzvü Vladimir Karapetyan da Putinin Azərbaycana gəlişini “narahatlıq yaradan” səfər kimi qiymətləndirib. Onun sözlərinə görə, Serj Sarkisyanın Putini Ermənistana dəvəti rədd edilib. Putinin Azərbaycana səfəri isə proseslərin gələcək inkişafı istiqamətində Ermənistana mesaj xarakteri daşıyır.

AzVision.az


Teqlər:  





Xəbər lenti