Rusiyalı ekspert:`İbrahimbəyovun siyasi mübarizədə iştirakı qeyri-mümkündür`

Rusiyalı ekspert:`İbrahimbəyovun siyasi mübarizədə iştirakı qeyri-mümkündür`
  13 Avqust 2013    Oxunub:1328
Maksim Şevçenko: “Düşünürəm ki, Vladimir Putinlə İlham Əliyev bu məsələnin bütün nüanslarını müzakirə edəcəklər”.

Rusiyanın nüfuzlu jurnalistlərindən biri, ictimai xadim, müasir dünyada dini və siyasi məsələlər üzrə strateji araşdırmalar mərkəzinin rəhbəri, Rusiya prezidenti yanında Beynəlxalq Əlaqələr Şurasının üzvü Maksim Şevçenko Vesti.az saytına müsahibə verib. Həmin müsahibənin tərcümə versiyasını təqdim edirik.

-Bu gün Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri gözlənilir. Necə düşünürsünüz, Kremlin rəhbəri ilə Azərbaycan prezidenti arasında əsas müzakirə mövzusu nə olacaq?

-Hər şeydən əvvəl iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək. Azərbaycan Rusiyanın ticarət sahəsində ən önəmli tərəfdaşlarından biridir.

Digər tərəfdən, Rusiya Azərbaycanın NATO və İsrailə yaxınlaşmasına, İranla isə əksinə, əlaqələrinin zəifləməsinə və əlbəttə ki, Qarabağ münaqişəsində mümkün gərginləşməyə sevinə bilməz. Rusiya üçün bu münaqişənin həlli mühüm olaraq qalır.

Münaqişənin hərb yolu ilə həlli bütün Qafqazı məhv edəcək, qorxunc zəncirvari etnik müharibələr baş qaldıracaq. Bəlkə də 90-ci illərin əvvələrində, hələ Sovet İttifaqının az da olsa təsiri qaldığı bir dövrdə belə bir vəziyyətdən çıxış yolu tapmaq mümkün olardı. Lakin hazırki vəziyyətdə xilas yolu yoxdur.

Ancaq Azərbaycan yenə də hərb yolunu seçərsə, NATO və İsraillə çox sıx əlaqələr quracaq.

Belə olan halda , bu gün Qərb və İsrail siyasətini tənqid edənlərin sizə qarşı münasibətləri dəyişəcək.

Qarabağ münaqişəsi Azərbaycan, Ermənistan və bu regionda olan ölkələr tərəfindən həll edilməlidir. Dağlıq Qarabağda referendum keçirilməsi də olduqca vacibdir. Lakin qeyd edim ki, bu, yalnız bir zamanlar oradan qovulan insanlar geri qaytarıldıqdan sonra mümkün ola bilər. Qarabağın azərbaycanlı sakinlərinin rəyini nəzərə almadan, onun statusunu hər hansı bir şəkildə müəyyən etmək olmaz. İstənilən halda xalqlar biri-birilərinə qarşı kin-küdurətdən əl çəkib yaranmış gərgin vəziyyətdən çıxış yolu tapmalıdırlar.

Azərbaycan və azərbaycanlılar Rusiya ilə bağlıdırlar. Bu baxımdan Vladimir Putinin səfəri mühüm əhəmiyyət kəsb edir.

- Sizin bəzi həmkarlarınız əminliklə qeyd edirlər ki, Putin, “-Qərbi unut”-deyə rəsmi Bakı qarşısında şərt qoyacaq...

-Əlbəttə ki, rəsmi Bakı ilə Qərb arasındakı əlaqələr Putinlə Əliyevin görüşündə əsas məqamlardan biri olacaq. İstənilən halda bu məsələ ətrafında söhbət çox ciddi olacaq. Təkrar edirəm, Bakının Rusiyanın müttəfiqi olmayan ölkələrlə əməkdaşlığı Moskvanı narahat etməyə bilməz.

Bəzən adama elə gəlir ki, Bakı adi əməkdaşlıqdan çox hərbi müttəfiqlik əlaqələri qurmaq niyyətindədir. Qafqaza Amerika və ya İsrail hərbi qüvvələrini dəvət edilməsi, Moskva üçün kifayət qədər problemlər yarada bilər.

- Qərb əmindir ki, Putinlə Əliyevin görüşü “İran məsələsi”nin həllində əlverişli ola bilər. Qeyd olunur ki, Kremlin rəhbəri, İrana səfəri öncəsi Bakının da bu məsələ ilə bağlı mövqeyini öyrənmək istəyir...

- Bakının “İran məsələsi” ilə bağlı mövqeyi Moskva üçün qaranlıq qalıb. Odur ki, aydınlaşdırmaq lazımdır. Mən hələ də başa düşə bilmirəm ki, İranla əlaqələrin gərginləşməsi Azərbaycanın nəyinə lazımdır?

Düşünmürəm ki, İran Azərbaycan üçün təhlükəli ola bilər. Mənə qəribə gələn İrana qarşı münasibətdə Azərbaycanın İsraili dəstəkləməsidir. Zənnimcə, Putinlə Əliyev bu məsələni də ciddi-ciddi müzakirə edəcəklər. Moskva, Azərbaycanla İranın münasibətlərinin normallaşmasına vasitəçilik etməyə çalışacaq. Çünki, Rusiya dayanıqlı nəqliyyat koridorunda maraqlıdır. Bu isə, yalnız Tehranla Bakının normal əlaqələri çərçivəsində mümkündür.

Bilmirəm, Azərbaycan təhlükə mənbəyi ola bilər, ya yox. Ancaq faktiki olaraq Azərbaycanın İsrailə kəşfiyyat bazalarını yerləşdirməsi üçün öz ərazilərini açması İran üçün olduqca təhlükəlidir. Digər tərəfdən isə, bu Azərbaycanı, xüsusən də İran İslam Respublikası ilə kifayət qədər təhlükəli siyasi qarşıdurmaya doğru aparır.

Xatırladım ki, ABŞ və NATO-nun Əfqanıstandan qoşunlarını çıxarması ssenarisinə Azərbaycan torpaqlarından da istifadə olunması daxildir. Mənə belə gəlir ki, Azərbaycan xalqı buna maraqlı deyil.
Düzünü desəm, Azərbaycanın uzaqgörən olmamasını istəməzdim. Əgər Azərbaycan düşünürsə ki, İranda müharibə ona Qarabağ münaqişəsini hərb yolu ilə həllinə kömək edəcək, yanılır. Bu cür addım çox təhlükəli prossesslərə yol açacaq. Azərbaycanda son zamanlar müşahidə edilən dinamik iqtisadi inkişaf bir saatın içində yox olacaq.

Bunula yanaşı, İran Azərbaycana düşmən gözü ilə baxmır. Bəli, öz şimal qonşusuna qarşı əlaqələrində soyuqluq nümayiş etdirsə də, bunu düşmənçilik adlandırmaq olmaz. İki ölkə arasında əlaqələrin yaxşılaşması həm İran, həm də Azərbaycan xalqının marağındadır. Hələ heç Rusiyanı demirəm.

- Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı nə deyə bilərsiniz?

- Prezident seçkilərində məşhur azərbaycanlı rüstəm İbrahimbəyov da iştirak etmək niyyətindədir. Onunla nəinki Azərbaycan, həm də Rusiya fəxr edir. İbrahimbəyova bir siyasətçi kimi yanaşmalar müxtəlif ola bilər, onu siyasətçi kimi qəbul etməyənlər ola bilər, lakin bu insanı bütün dünya tanıyır. Ancaq mənə belə gəlir ki, İbrahimbəyovun siyasi mübarizədə iştirakı tamamilə mümkünsüzdür. Başa düşə bilmirəm ki, bu necə olacaq.

-ABŞ, qoşunlarını Cənubi Qafqazda , o cümlədən Azərvbaycanda yerləşdirilmək məqsədilə Boston terrorunu özü qəsdən törətdiyini bildirmisiniz. Hələ də bu fikirdəsinizmi?

-Bəli. Çox güman ki, Amerika qoşunlarının Cənubi Qafqaz regionunda yerləşdirilməsi hələ də qüvvədə qalıb. Son zamanlar ABŞ-ın bu istiqamətdə həyata keçirdiyi təxribatların sayı artıb. Bostonda baş verənlərin , nə miqrantlar , nə də radikal islamçılarla əlaqəsi yoxdur. Bu gün sözgedən terror aktını törətməkdə ittiham olunanlar ABŞ-da rahat şəkildə yaşayıb və təhsil alıblar. Tsarnayevlərin kiçik qardaşı heç də hər kəsin təhsil ala bilməyəcəyi nüfuzlu məktəblərdən birinin tələbəsi olub. Böyük qardaş 4 dəfə boks üzrə Amerika çempionu olub... Terror törətmək üçün onların heç bir səbəbləri olmayıb. İnanmıram ki, bu hadisəni onlar törədiblər...

Bu hadisədə məhz qafqazlıların, çeçenlərin adının hallanması səbəbsiz deyil: gələn il ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayacaq. Qoşunlar Azərbaycan ərazisindən keçəcək. Əminəm ki, Boston terroru və bu hadisənin qafqazlıların ayağına yazılması, ABŞ –ın qoşunlarını Azərbaycanda saxlamaq üçün bir bəhanəsidir. Terrorizm əleyhinə mübarizə adı altında ABŞ, postsovet Qafqazında hərbi bazalar yaradacaq. Bu isə həm Azərbaycan, həm də bütövlükdə region üçün təhlükəlidir.

Tərcümə: Səbinə Həsənova
AzVision. az



Teqlər:  





Xəbər lenti