İsraillə aramızı niyə vururlar?

İsraillə aramızı niyə vururlar?
  12 Avqust 2013    Oxunub:1526
Emin Piri

Yaxın 10 ildə baş verən hadisələri izlədikdən sonra bir daha əmin olursan ki, hansısa qüvvələr Azərbaycan-İsrail, türk-yəhudi millətləri arasında bilərəkdən nifaq toxuma səpməyə çalışır. Özü də bütün bunlar elə bir formada və səs-küylü informasiyalarla aparılır ki, ölkələrin diplomatik əlaqələrindən xəbərin olmasa, düşünə bilrəsən ki, bir millətin digərinə qarşı soyqırımı baş verib. Bu tendensiya get-gedə daha da artmaqdadır. Xüsusən, Türkiyədə islamçı qüvvələrin uzun müddət hakimiyyətdə olması, yürütdüyü xarici siyasət bizim ölkədə də bəzi dindarlara təsirsiz ötüşmədi söyləsək yalan olar.
Azərbaycanla İsrail arasında mehribanlıq, dostluq və beynəlxalq əməkdaşlığın olması niyə bu qədər etirazla qarşılanmalıdır? İstər dərininə, istərsə də eninə getdikdə bütün baş verənlərin heç də dini mübahisə olmadığını anlamaq çətin deyil.

Azərbaycan-İsrail arasındakı ticarət dövriyyəsi 4 milyard dollar ətrafında dəyişir və İsrail dövlətinin neftə olan tələbatının 20%-ə qədərini Azərbaycan ödəyir. İsraildən alınan milyardlarla dollarlıq silah-sursat digər silah alverçisi olan dövlətləri narahat edir. Çünki İsrailə axan pullara təbii ki, həmin dövlətlər sahib olmaq istərdi. Müasir silahları kənara qoyub həmin narazı ölkələrin geridə qalmış silahlarını almaq da ağılsızlıq olardı.

Türk və yəhudi millətləri arasında tarixi bir uçurum yaratmaq istəyənlərə sadəcə iki-üç tarixi misalla cavab vermək olar. Diqqətlə izləsək, Orta Doğudakı bütün xalqlar arasında müəyyən dövrlərdə münaqişələr və aramsız savaşların baş verdiyini görərik. Türk və yəhudi xalqları arasındasa bunu qabarıq şəkildə sezmək mümkün deyil və rast gəlinməmişdir desək, yanılmarıq. Əksinə, bu xalqlar bir yerdə hər zaman dinc şəraitdə yaşayıblar. Müəyyən dönəmlərdə türklər yəhudiləri qoruyub və onların öz dövlətlərində yaşamasına şərait yaradıblar. Məhz səlib yürüşləri zamanı Roma papasının çağırışı ilə Yaxın Şərqi yəhudi və müsəlmanlardan təmizləmək planı türk sərkərdələrinin qəhrəmanlığı nəticəsində iflasa uğradı. 1264-cü ildə son səlibçilər yaxın şərqdən qovuldular. 16-cı əsrdəsə İpaniyada yəhudilərin soyqırımı başlarkən Osmanli dövləti onlara sığınacaq verdi. Bəs indi nə baş verir, cənablar?

Azərbaycanlı və yəhudiləri kobudcasına məzar qardaşları da adlandırmaq olar. Məhz, bu 1918-ci il mart soyqırımı zamanı milliyətcə türk mənşəli əhaliylə yanaşı minlərlə yəhudinin öldürülərək, azərbaycanlılarla toplu şəkildə bir yerdə basdırılmasıdır. Buradan da görmək olar ki, azərbaycanlıları türklərdən sonra ermənilərə qarşı birləşdirən ikinci birlik yəhudi amilidir.

Hazırda Azərbaycanda 10 mindən artıq yəhudi yaşayır. Müəyyən dövrlərdə, xüsusən İsrail dövləti qurulduqdan sonra on minlərlə yəhudi oraya köçməli oldu. Indinin özündə İsraildə on minlərlə insan ya Azərbaycan əsillidi, ya da buradakı insanlarla qohumluq, dostluq əlaqələri var. Bu faktın özü göstərir ki, hazırda İsraildə yüz minlərlə azərbaycansevər var. Elə Avrovisionla əlaqəli bir faktı demək yerinə düşər ki, bu, sübut olunsun. Hər il maraqlıdır ki, bu müsabiqədə İsrail xalqı maksimal, yəni 12 balını azərbaycanlı iştirakçıya verir. Hər il təkrarlanan bu fakt heç də təsadüfdən yaranmır. Ümumiyyətlə, dünyada heç bir siyasi gediş təsadüfi hadisələrdən ibarət olmur. Özü də bu, dövlətlərarası münasibətdirsə. Hətta, qeyd etdiyimiz faktlar olmasa da Azərbaycanın orta doğudakı projelərdə iştirakı üçün bu müttəfiqliyin olması zərurətdir. İsrailinsə bu bölgədə istər siyasi, istər iqtisadi formalarda hansı nüfuza malik olmasını görüb də bu müttəfiqlikdən qaçmaq da özünə vurulan zərbədən başqa bir şey deyildir.

Qonşu ölkə rəhbərliyi hər çıxışında İsrail dövlətini məhv etməyə çağırır və hər bir yolla onunla iqtisadi, siyasi əlaqə yaradanları hədələyir. Həmin ölkə ki, 40 milyon azərbaycanlı orada siyasi əsirdir. Həmin diplomatlar ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qardaşcasına qucaq açır. Elə isə kimə inanmalı?

Gözdən qaçmayan daha bir məqam: müxtəlif beynəlxalq konfranslarda azərbaycanlıların haqq səsinin dünya ölkələri tərəfindən eşidilməsində İsrail diplomatlarının böyük xidməti olub. Bunu daha çox xalqımızın ağrılı yeri olan Qarabağ məsələsi ilə bağlı dinləmələrdə və İranın Azırbaycanın daxili işlərinə qarışmaq cəhdində bulunduğu məqamlarda müşahidə etmişik.

Bəziləri İsrail-Fələstin münaqişəsini gözümüzə soxmağa çalışacaq. Təbii ki, bu proses sülh yoluyla getməli və beynəlxalq qanunlara uyğun həllini tapmalıdır. Məgər İranın şovinist fars molla rejimi orada yaşayan milyonlarla türk, kürd, ərəb mənşəli müsəlmanın haqq səsini boğub onları məhv etmir? Eyni zamanda, dünyanın neftlə ən zəngin torpaqlarında istər ərazi, istərsə də digər cəhətdən böyük dövlətlər quran ərəblərin 21 dövlətinin qarşılığında yəhudilərin kiçik bir ərazidə dövlət qurmasını həzm etmək belə çətindir?

Əgər bütün münasibətlər müsəlmanlıq üzərində qurulmalıdırsa və ərəb ölkələri ilə arasında olan münaqişəyə görə İsraildən imtina edilməlidirsə, o zaman Suriya, Livan və digər müsəlman ölkələrində erməni terroristlərin yetişdirilməsinə nə ad verək?

Təbii ki, bütün arqumentlərə baxmayaraq hər zaman İsraili lənətləmək üçün bir şeylər tapacaqsınız. Elə Türkiyə baş nazirinin öz ölkəsindəki Gəzini unudub, Qəzza üçün ağladığı kimi. Onun hər dəfə “one minute” söyləməsi yüzlərcə türk anasını gözü yaşlı qoydu. Bəs, terrorçularla görüşüb beynəlxalq dövlətlərarası münasibətlərə barmaqarası baxanda bunun əks təsir göstərəcəyini bilmirdimi?


Teqlər:





Xəbər lenti