Putin Bakıya hərbi gəmilərlə gələcək

Putin Bakıya hərbi gəmilərlə gələcək
  09 Avqust 2013    Oxunub:1462
Rusiya prezidentinin hansı tip gəmi ilə gələcəyi məlum deyil, şərhçilər bu barədə maraqlı təxminlər irəli sürür
Rusiya prezidenti Vladimir Putinin Bakıya gözlənilən səfərinin tarixi barədə yeni xəbər yayılıb. Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Biildirmişdik ki, Putinin Bakıya əvvəlcə elan olunduğu kimi, avqustun 12-də yox, 13-də gələcəyi gözlənilir. Ancaq Kreml hələlik səfərin dəqiq tarixi barədə rəsmi açıqlama yaymayıb. Rusiya prezidentinin Bakıya hansı nəqliyyat vasitəsi ilə gələcəyi də hələ rəsmən elan edilməyib.

Bununla belə Rusiya qaynaqları xəbər vermişdi ki, prezident Putin bu səfərini gəmi ilə, yəni Xəzər dənizi üzərindən həyata keçirəcək. Onun Bakıya yan almazdan əvvəl İranın Ənzəli limanında dayanacağı və bu ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhani ilə görüşəcəyi haqda da xəbərlər yayılmışdı.

Lakin İran tərəfi Putinin Ənzəlidən Tehrana da getməsində və orada dini lider ayətullah Xamneyi ilə görüşməsində israr etdi. Rusiya tərəfi isə bildirdi ki, prezident səfər qrafikini dəyişməyə hazırlaşmır və İran tərəfinin israrına rəğmən Tehrana getmək planı yoxdur.

Daha sonra Putinin İrana səfərinin ümumiyyətlə təxirə düşdüyü haqda xəbərlər yayıldı. Beləliklə, Rusiya prezidentinin gözlənilən Xəzər turnesi təkcə Azərbaycanla yekunlaşmalıdır. Əgər Putin Bakıya gəmi ilə gəlsə, bu, onun su nəqliyyatı ilə həyata keçirdiyi ilk xarici səfər olacaq.

Rusiya prezidentinin hansı tip gəmi ilə səfər edəcəyinə dair bundan əvvəl Rusiya qaynaqları müxtəlif versiyalar irəli sürmüşdü. Versiyalardan birinə əsasən Putin sualtı qayıqla Bakıya gələ bilər. Belə ki, onun sualtı qayıqda üzmək və batiskafda suyun dərinliklərinə dalmaq təcrübəsi var. Ekspertlər bu mövzuda təxminləri davam etdirirlər. 12news.uz saytının rusiyalı şərhçisi Valeri Çumakin qeyd edir ki, Putinin hansı tip gəmi ilə səfər etməsindən asılı olmayaraq onu Xəzər donanmasının hərbi gəmiləri müşayiət edəcək. Çünki Putin təyyarə ilə səyahət edəndə onu Rusiyanın hava sərhədlərinə qədər qırıcılar müşayiət edir.

V.Çumakinin qənaətincə, əgər Putin gəmi ilə səfər etsə, o, Xəzər donanmasının ən yeni və ən iri gəmilərindən ya donanmanın flaqmanı olan “Tatarıstan” gəmisindən, ya da qanadlı raketlərlə silahlanmış “Dağıstan” raket gəmisindən istifadə edəcək. Yaxud bu gəmilərdən hansısa biri Putinin gəmisini müşayiət edəcək. Ancaq Rusiya prezidentinin gəmi kortejini daha kiçik və yüksək manevrli, “Qomel” artilleriya gəmisinin müşayiət etməsi də mümkündür.

Rusiyanın Xəzər donanmasının tərkibində hansısa sualtı qayığın mövcud olduğu barədə rəsmən məlumat yoxdur. Ancaq bu, Rusiya üçün problem deyil. Putin istəsə, Xəzərə qısa müddət ərzində kiçikqabaritli sualtı qayıq da buraxıla bilər. V.Çumakinin sözlərinə görə, Putinin Xəzər üzərindən Bakıya gözlənilən səfəri Rusiyanın Azərbaycana və digər sahilyanı ölkələrə güc nümayişidir. Rusiya nümayiş etdirir ki, Xəzərdə yeganə güc odur və digər sahilyanı ölkələr Moskvanın şərtlərini qəbul edib onun regiondakı maraqları ilə hesablaşmalıdır.


Teqlər:  





Xəbər lenti