Niyə kinomuz inkişaf etmir? - ARAŞDIRMA

Niyə kinomuz inkişaf etmir? -  ARAŞDIRMA
  02 Avqust 2013    Oxunub:8391
Son on ildə hansı Azərbaycan kinosuna baxmışam? Elə sualı ilk olaraq, özümə ünvanlayıram. Yaddaşımı qurcalasam da, ağlıma və gözümün önünə gələn, yalnız köhnə kinolar olur, “Əhməd haradadır?”, “O,olmasın, bu olsun”, “Bəyin Oğurlanması”... Bəs yeni çəkilənlər? Vur–tut 2-3 yeni film adı bilirəm. Onlara da ki, baxmamışam, sadəcə adlarını eşitmişəm. Hə, indi günah kimdədir? Məndə, kinoda, televiziyalarda, kinoteatrlarda, yoxsa...?
Azvision.az olaraq, araşdıraq görək, günah kimdədir? Elə kino günündə səbəbləri bu sahənin mütəxəssislərindən öyrənək.

Tanınmış rejissor Əli İsa Cabbarov aşağıdakı iki səbəbi göstərir : “Son 10 ildə dövlət sifarişi ilə il ərzində 2-5 arası film çəkilir. Bu filmlərin tamaşaçılara gec çatdırılmasının səbəbi Mədəniyyət və Turizm Nazirliyinin təbliğat şöbəsindədir. Həmin şöbə yaxşı işləmir, filmlərin təbliğatı aparılmır. İkinci səbəb isə “prokat” şəbəkəsinin olmamasıdır. Bakıda olan yeni kinoteatrlar özəl şirkətlərdir. Onlar da Azərbaycan kinolarının reytinqi az olduğuna görə, göstərmirlər.Ona görə də son filmlər “Buta” , “Qırxıncı Qapı”, “ Çölçü” filmləri geniş tamaşaçı kütləsi üçün əlçatmazdır. Televiziyalarda Azərbaycan kino filmlərinin nümayişi siyasəti absurddur. Həmin kinolara baxsaq, belə nəticəyə gəlinir ki, Azərbaycan kinosu “O olmasın, bu olsun”, “Təhminə və Zaur”, “Babək”, “Dədə-Qorqud” filmlərindən ibarətdir. Yeni çəkilən kinoların göstərilməməsi televiziyaların günahıdır və dövlət kino şəbəkəsinin olmamasıdır. Bu səbəbdən, Azərbaycan kinoları tamaşaçıya gəlib çatmır. Amma maraqlı kinolar az da olsa var”.

Resjissor hesab edir ki, az da olsa , çəkilən filmlərimiz festivallarda göstərilməlidir : “Biz müharibə şəraitindəyik, müharibə vəziyyətində olan dövlət öz təbliğatını aparmalıdır. Hər bir Azərbaycan filminin festivalda qalib gəlməsi dövlətimiz üçün müsbət haldır. Bu cəhətdən, “Buta”, “ Sahil” filmlərini qeyd edə bilərəm ki, festivalda uğurla iştirak edib. Ən uğurlusu “Buta” filmi olub ki, Asiya ölkələrinin “Oskar”-nı qazanıb. Amma bu filmləri tamaşaçılar görmür, primyerada bir-iki dəfə nümayiş olunur, daha sonra göstərilmir. Bu filmlərin göstərilməsi üçün kinoteatrlarda Azərbaycan filmlərinin nümayişi edilən zaman vergi güzəştləri etmək lazımdır ki, “Park Cinama”, “Cinama Lüks”, “ 28 Mall” kimi özəl kinoteatrlarda da nümayiş edilsinlər.

Əli İsa Cabbarovun sözlərinə görə, televiziyalarda kino, proqram siyasətinin nümayişini formalaşdıran adamlar naşı adamlardır. Onlar Azərbaycan kino tarixini bilmirlər, Azərbaycan kinosunun kataloqlarına baxmırlar. Son illərdə nə qədər qısa metrajli maraqlı filmlər olub.

Digər bir səbəb rejissorun müəllif hüquqları ilə bağlıdır:“ Azərbaycan filmlərinin müəllif hüquqları kinorejissorlar tərəfindən qorunur. Müəllif hüququna görə, 30-40 manat pul köçürülməlidir. 30-40 manatı keçirməyə tənbəllik edirlər, bu səbəbdən də , əcnəbi bir filmin pirat diskini alıb, göstərirlər. AZTV-ni çıxmaq şərtilə, bütün Azərbaycan kanallarında piratçılıq var.”

İndiki dövrdə kinoların az çəkilməsinə Cabbarov belə aydınlıq gətirib : “Səbəb odur ki, kinoya ayrılan ümumi dövlət maliyyələşməsi azdır, 6 milyon. 20 milyard büdcəsi olan dövlət üçün 6 milyonluq kino büdcəsi həddindən artıq azdır. Azərbaycan kinosunun büdcəsi 12-15 milyon olmalıdır. Teatrın illik büdcəsi 9 milyondur, amma kino cəmi 6 milyon. Ona görə də hər il maksimum iki primyera görürük. Bu, da çox acınacaqlı bir situasiyadır. Kino sahəsində müəyyən müsbət addımlar var, sadəcə olaraq, bir ildə görüləcək işi, biz 5-7 ilə reallaşdırırıq. Azərbaycan kinosu sanki heç kimə lazım olmayan, ögey bir övladdır”.

Rejissor Şeyx Əbdül Mahmudbəyov deyir ki, bu gün kino sahəsi qeyri-peşəkarların əlindədir : “Bu gün Azərbaycan filmi qocalıb, “stroy”dan çıxıb. Söhbət böyük kinodan gedirsə, ilk növbədə, kinostudiyanın maddi-texniki bazasını bərpa etmək lazımdır. Yoxsa, bu gün hərə çiyninə bir kamera alıb, “baldız”, “bacanaq” çəkir. Camaat onları tanımır deyə, bizi söyürlər.

Sözsüz ki, Azərbaycan kinosunun başında nəhəng şəxsiyyətlər dayanıb. Bu ənənə 90 –cı illərdə imperiya dağılandan sonra qurtardı. O imperiya dağılandan sonra, böyük kino məktəbində bir durğunluq əmələ gəldi. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti deyilən, onurğası olmayan bir yer var. Orada az qalırlar ki, stamataloji fakültə açsınlar. Orada yekə -yekə professorlar dərs deyirlər, o adamlar ki, onları kinostudiyanın qapısından içəri buraxmırdılar. Ordakılar kinodan, kino mədəniyyətindən, kino təcrübəsindən xəbərsiz olan insanlardır. İndi kino gününü qeyd edirlər, ev alırlar, alsınlar, birlik yaradırlar, yaratsınlar, təqaüd alırlar, alsınlar. Amma heç kəs təqaüdlə, evlə, sənətkar ola bilmir”.

Resissor bu gün qeyd edilən kino bayramına dəvət olunmadığını deyir : “Mən bütün həyatımı kinoda keçirmişəm. Amma kino bayramına heç bizi dəvət etməyiblər. O adamlar bizi dəvət etməyiblər ki, onlar bizimlə şəkil çəkdirməyə, salam, verməyə sevinərdilər. Kino bir tarixdir, müəyyən vaxtdan sonra kino sənətdən çıxıb,olur, sənəd. Kino millətin tarixini yazır. Bu gün təəssüf ki, nə o kino sənətini yaradan var, nə də ki, o sənədi. 30 ildən sonra nəticəni görəcəksiniz. Öz qohum-əqrabalarını kinoya gətirməklə kino olmaz”.

Aktyor Ramiz Novruzov kino ilə bağlı problemlərin əsas səbəbini rejissorlarda görür : “Bu gün az da olsa filmlər çəkilir, ancaq çəkilən kinoların “prokat”ı azdır. Kinonu göstərmək üçün kinoteatr yoxdur. Harada göstərsinlər? Hələ bu şəraitdə, bu qədər əziyyətlə kino çəkilirsə, böyük işdir. Kinonun çəkilməməyində əsas problem rejissorlardır. Həmişə aktyor tapmaq olar, rejissor qıtlığı var. Biz Sovet dövründə Moskva üçün çəkirdik, amma indi Avropa üçün çəkirik. Avropanın xoşuna gələcəkmi? İran, Hindistan öz düşüncə tərzləri, öz ürək ağrıları ilə çəkirlər. Bir- iki film çəkib, onları da festivallarda göstərirlər. Bu, da çarəsizlikdən irəli gəlir. Sadəcə, ad alsınlar deyə, festivalda göstərilir. Heç bir mükafat da qazanılmır. Sadəcə dost-tanış baxır”.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu gün kifayət qədər kinonun çəkildiyini və nümayiş edildiyini deyir. “Bu gün kifayət qədər kino çəkilir. Ümumiyyətlə, mənim aləmimdə Azərbaycan kinosunun zirvəsində dayanan bir neçə film var:“ O olmasın, bu olsun”, “Bir cənub şəhərində”, “Hər şey yaxşılığa doğru” kimi filmlərdir. Sonuncu film 1998-ci ildə çəkilib. Sadəcə, indiki tələblər, zövqlər dəyişib. Beynəlxalq festivallar var ki, orada mükafat qazanan filmləri mən heç kəndarımıza buraxmaram. 2000-ci illərdə də çəkilən maraqlı filmlər var, Ələkbər Muradovun “Güllələnmə təxirə salınır”, Elçin Musaoğlunun, Şamil Əliyevin çəkdiyi filmlər”.

Bu gün tamaşaçıların yaddaşında ancaq köhnə filmlərin qalmasına gəlincə, Şeyxov bildirib ki, bu, həmin filmlərin nəsildən –nəsilə ötürülməsi ilə bağlıdır : “Bu o demək deyil ki, həmin filmlər mükəmməldir və qüsurlar yoxdur : “Əhməd haradadır?” “Bəxtiyar” və bir sıra filmlər var ki,qüsurlu filmlərdir. Ancaq bu filmlər bizdə “xalq filmi” statusu qazanıb və nəsildən-nəsilə ötürülüb. Biz həmin filmlərin qüsurlu cəhətlərini nəinki görürük, heç görmək istəmirik. “Əhməd haradadır”filmində Nəcibə Məlikovanın, Lütfəli Abdullayevin hərəkətləri əslində çox zövqsüzdür. Azərbaycanlıdan başqa heç kim o filmi nə başa düşür, nədəki anlaya bilir”.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti